AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
03.03.2014

İqtisadi müstəqilliyi müəyyən edən uğurlu siyasətin b\əhrələri 

Dünyanın ən aparıcı şirkətləri Azərbaycana investisiyalar qoymaqda maraqlıdırlar. Çünki ölkədə kifayət qədər əlverişli investisiya mühiti yaradılmışdır. Onu da məmnunluqla qeyd etmək lazımdır ki, investisiyaların strukturunda daxili investisiyaların xüsusi çəkisi son illərdə xeyli artmışdır. Belə bir meyil şübhəsiz ki, Azərbaycanın mühüm uğurlarından biri kimi qiymətləndirilməlidir. Müstəqilliyinin ilk illərində investisiyalara ciddi ehtiyac hiss edən ölkə indi dünyanın bir sıra ölkələrinə kapital yönəldir. Bu prosesin qarşıdakı illərdə də davam etməsi ölkəmizin siyasi, iqtisadi gücünün artmasına müsbət təsirini göstərəcəkdir.

Bu gün Azərbaycanın kənd təsərrüfatında çox böyük inkişaf prosesləri gedir. Təkcə onu göstərmək kifayətdir ki, son 10 il ərzində kənd təsərrüfatı istehsalçıları vergi güzəştləri hesabına 1,7 milyard manat vəsaitə qənaət ediblər. 2013-cü ildə Milli Məclisin qəbul etdiyi qanuna görə kənd təsərrüfatını daha 5 il müddətinə vergidən azad etmək nəzərdə tutulmuşdur. Bununla bağlı dövlət başçısı demişdir: "Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, biz öz daxili bazarımızı qoruyuruq və qoruyacağıq. Biz daxili istehsalçılara daha əlverişli şərait yaradırıq və yaradacağıq".

Dövlət başçısının bu cür prinsipial mövqeyi ona görə böyük məna daşıyır ki, real sektorun inkişafında özünü göstərən meyillər daha da gücləndirilsin, aqrar sektorun rəqabətə davamlılığı artsın, daxili bazarın qorunması, məşğulluğun strukturunun təkmilləşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərin nəticələri daha yüksək olsun. Bizim fikrimizcə, qarşıdakı dövrdə aqrar sektorun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni üzüm bağlarının, çay plantasiyalarının salınması, taxılçılığın inkişafı, meyvə-tərəvəz istehsalının artırılması, bütövlükdə kənd təsərrüfatının ixtisaslaşması və yeniləşdirilməsi kimi məsələlərə daha əsaslı şəkildə yanaşılmalıdır. Azərbaycan elminin potensialı bu məsələlərin həllində daha fəal iştirak etməlidir. Bu kimi tədbirlərin həyata keçirilməsi gələcəkdə ölkənin aqrar-sənaye kompleksinin sözün əsl mənasında, yeni, mütərəqqi idarəetmə prinsipləri əsasında qurulması üçün müsbət şərait yaradacaqdır.

Bir məsələ də xüsusilə diqqət mərkəzində olmalıdır. Söhbət kənddə iri təsərrüfatların yaradılmasından, kooperasiya münasibətlərinin inkişafından gedir. Məlumdur ki, ulu öndər Heydər Əliyev ölkədə MDB məkanında analoqu olmayan, sosial sarsıntılardan uzaq radikal aqrar islahatların həyata keçirilməsinə nail oldu. Bu, ölkəmizin həyatında ən mühüm tarixi hadisələrdən biri kimi qiymətləndirilməlidir. Çünki torpaq ilk dəfə olaraq onu becərənlərə pulsuz paylandı, yüz minlərlə kəndli torpaq mülkiyyətçisinə çevrildi. Artıq ölkədə aqrar qanunvericilik bazasının yaradılmasından və ardıcıl olaraq həyata keçirilməsindən 16-17 il keçir. Bu dövr ərzində kənddə böyük dəyişikliklər - minlərlə özəl təsərrüfatlar yaradılmış, onlara dövlət dəstəyinin artması nəticəsində aqrar sektorun inkişaf göstəriciləri xeyli yaxşılaşmışdır. Bununla belə dünya təcrübəsi sübut edir ki, ən yüksək məhsuldarlıq, ən yüksək səmərə əldə etmək üçün təsərrüfatların həcmi, onların hər birinə düşən torpaq əkin sahələri, mal-qaranın baş sayı çox olmalıdır ki, müasir texnikadan səmərəli istifadə etməyə, bazarda rəqabətə dözməyə qadir olsunlar. Son illərdə dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə taxılçılıqda iri təsərrüfatların yaradılması və bu sahədə əldə olunan nəticələrin yüksək olması bunu bir daha təsdiqləyir. Həyat göstərir ki, xırda təsərrüfatların da tədricən iriləşməsi, kooperasiya sisteminin inkişafı obyektiv zərurətdir. Əlbəttə, bu proses torpaq sahiblərinin mülkiyyətlərinin birmənalı şəkildə toxunulmazlığı, demokratik proseslərin inkişafı, qarşılıqlı dialoqların, maarifləndirmə işinin səmərəli təşkili şəraitində müsbət nəticələr verə bilər.

Son illərdə regionlarda həyata keçirilən infrastruktur layihələri, o cümlədən enerji-qaz təchizatının yaxşılaşması, istifadəyə verilmiş yeni yollar, müasir suvarma sistemləri, aqroservis sisteminin təşkilindəki yeniliklər, kənd təsərrüfatına dövlət dəstəyinin artması, aqrar sektorun davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır. Belə bir şəraitdə istehsal olunan məhsulların istehlakçılara vaxtında və yüksək keyfiyyətlə çatdırılması üçün kənd təsərrüfatına edilən subsidiyaların son nəticələrə görə, yəni əkin sahələrinin hər hektarı hesabına deyil, əldə edilən məhsulun miqdarı müqabilində verilməsi daha məqsədəuyğun olardı. Belə bir təcrübə indi də dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilir. Eyni zamanda istehsal olunmuş məhsulların müəyyən miqdarını dövlət sifarişi əsasında və qabaqcadan razılaşdırılmış qiymətlərlə alınması barədə də düşünmək olar.

Aqrar sektorun inkişafı, onun bilavasitə səmərəliliyinin yüksəlməsi kənd təsərrüfatında məşğul olan əhalinin mütləq və nisbi azalmasına gətirib çıxaracaqdır. İnkişaf etmiş ölkələr məhsuldar qüvvələrin inkişafının qanunauyğun nəticəsi kimi hesab edilən bu mərhələni neçə-neçə onilliklərdən əvvəl arxada qoymuşlar. Təbii ki, Azərbaycanın da kənd təsərrüfatı bu mərhələni keçəcəkdir. Bu prosesin bütövlükdə cəmiyyətin inkişafına müsbət təsirini artırmaq, urbanizasiya məsələlərini tənzimləmək üçün regional inkişaf proqramlarında kənd təsərrüfatında aqrar sektorla yanaşı güclü emal sənayesi, yüksək inkişaf ertmiş sosial xidmət sahələrinin yaranması mühüm prioritet istiqamət kimi qiymətləndirilməlidir.

Azərbaycan dövləti müstəqilliyin, milli maraqların qorunmasına, iqtisadi təhlükəsizliyin təmin edilməsinə, sosial həyatın yaxşılaşmasına xidmət edən pul-kredit siyasəti aparır. İqtisadi sahədə uğurlarımızı şərtləndirən amillərdən biri ondan ibarətdir ki, ölkənin maliyyə, pul-kredit sistemi əlaqəli şəkildə inkişaf edir. Bu da nəzərdə tutulmuş inkişaf məqsədlərinə çatmaq, iqtisadiyyatda baş verə biləcək uyğunsuzluqlardan, mənfi meyillərdən qorunmaq üçün çox vacibdir.

Dünya iqtisadiyyatında baş verən hadisələr də sübut edir ki, maliyyə, pul-kredit münasibətlərinin dövlət tənzimlənməsi olmadan bir çox problemlərin həlli qat-qat çətin olardı. Daha doğrusu, dövlət ağır, riskli problemlərlə üzləşə bilərdi. Qlobal dünya iqtisadi böhranı tüğyan etdiyi illərdə bir çox ölkələrdə milli valyutanın məzənnəsi ciddi dəyişikliklərə məruz qalırdı ki, bu prosesdə milyonlarla insanların həyat şəraiti pisləşdi. Azərbaycanda neçə illərdir ki, manatın məzənnəsi sabit olaraq saxlanılır ki, bu da əhalinin ildən-ilə artan pul gəlirlərinin qorunması deməkdir. Hökumətin, Mərkəzi Bankın inflyasiyanın idarə edilməsi ilə bağlı səmərəli iqtisadi üsulları, metodları var ki, bu da özünü ilk növbədə əhalinin gəlirləri və istehlak qiymətlərinin dinamikasında göstərir.

Azərbaycan dövlətinin kifayət qədər valyuta ehtiyatları, maliyyə imkanları var ki, bu da onu risklərdən qoruya bilər. Eyni zamanda keyfiyyətli inkişaf, innovasiyalı iqtisadiyyat qurmaq üçün dövlətimiz müəyyən qədər borclanmaya gedir. Son illər ölkədə uğurla həyata keçirilən iqtisadi siyasətin mühüm nəticələrindən biri də odur ki, Azərbaycan borc alan ölkədən, borc verən ölkəyə çevrilmişdir. Əsrin əvvəllərində respublikanın dövlət borcu ÜDM-in 19-22%-i arasında tərəddüd edirdi. Onun həcmi dövlət büdcəsinin gəlir və xərclərindən çox idi. Bu gün Azərbaycan dövlətinin xarici borcu dövlət büdcəsinin cəmi 30%-ni, ÜDM-in isə 9%-ni təşkil edir. Bu, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ən aşağı göstəricilərdən biridir. Müqayisə üçün göstərə bilərik ki, Avropanın bir çox ölkələrində bu rəqəm ÜDM-in həcmini də ötüb keçmişdir.

Aparılan araşdırmalar, müqayisəli təhlillər onu göstərir ki, ölkədə xarici borcların idarə olunması ilə bağlı etibarlı sistem formalaşmışdır ki, bu da bütövlükdə Azərbaycanın iqtisadi qüdrətinin artmasına, onun təhlükəsizliyinin təmin edilməsinə müsbət təsirini göstərir.

Ölkəmizin müstəqilliyinin, o cümlədən iqtisadi müstəqilliyinin ildən-ilə güclənməsini təmin edən ən mühüm amillərdən biri onun maliyyə imkanlarının çox yüksək sürətlə artmasıdır. Dövlətin valyuta ehtiyatları 50 milyard dolları ötmüşdür. Ölkənin iqtisadi potensialının güclənməsində dövlət büdcəsinin rolu artmış, onun qarşıya qoyulan cari və strateji vəzifələrinin yerinə yetirilməsində iştirak imkanları əhəmiyyətli dərəcədə genişlənmişdir.

Onu göstərmək kifayətdir ki, son 10 ildə büdcə gəlirlərinin MDB məkanında analoqu olmayan bir sürətlə, 15,6 dəfə artmasını təmin etmişdir. Təkcə onu göstərmək kifayətdir ki, 2013-cü ildə əhalinin 1 nəfərinə düşən büdcə xərcləri 2100 manat təşkil etmişdir. Müqayisə üçün onu göstərmək olar ki, bu rəqəm 2003-cü ildə 148, 2008-ci ildə 1473 manat olmuşdur.

Ötən əsrin 90-cı illərinin ikinci yarısından hökumətin qarşısında duran mühüm vəzifələrdən biri Dövlət büdcəsinin ÜDM-də xüsusi çəkisini tədricən qaldırmaq idi. Çünki büdcənin gəlir və xərclərinin ÜDM-də xüsusi çəkisinin 13-15% arasında olması dövlətin bir sıra vacib funksiyalarının həyata keçirilməsinə imkan vermirdi. Son illərdə həyata keçirilən iqtisadi islahatların səmərəliliyinin artması, iqtisadi siyasətin prioritet istiqamətlərinin düzgün müəyyənləşdirilməsi, özünü doğrultmuş beynəlxalq təcrübədən bəhrələnmə və digər iqtisadi-təşkilati tədbirlər Dövlət büdcəsinin əsas parametrlərinin ÜDM-də xüsusi çəkisinin 2 dəfədən çox artmasına imkan yaratdı ki, bu da Azərbaycan dövlətinin konstitusion funksiyalarının daha geniş şəkildə həyata keçirilməsinin iqtisadi-maliyyə əsaslarını möhkəmləndirdi. Son 5 ildə Dövlət Büdcəsinin ÜDM-də xüsusi çəkisi 31-33% arasında tərəddüd edir.

Tam əminliklə demək olar ki, ölkənin iqtisadi potensialının daima gücləndiyi şəraitdə qeyd edilən bu meyillərin qarşıdakı illərdə də davam etdirilməsi ölkəmizin qlobal çağırışlara, milli maraqlara cavab verən keyfiyyətli inkişafını təmin etməyin mühüm amillərindən biri kimi çıxış edəcəkdir.

Azərbaycan hökuməti, onun müvafiq strukturları növbəti il üçün ölkənin ali iqtisadi maliyyə sənədi hesab edilən Dövlət büdcəsi layihəsini hazırlayarkən dünyada hələ də davam edən maliyyə-iqtisadi böhranının ehtimal olunan təsirləri obyektiv qiymətləndirmiş, ölkəmizin davamlı inkişafının maliyyə təminatının daha da yaxşılaşdırılması üçün əlavə tədbirlər nəzərdə tutulmuşdur.

Dövlət büdcəsinin gəlirlərinin artmasını təmin edən əsas amillərdən biri odur ki, ölkədə müasir inkişaf tələblərinə cavab verə bilən səmərəli vergi siyasəti həyata keçirilir. Onu göstərmək kifayətdir ki, son 10 ildə vergi gəlirləri üzrə nəzərdə tutulmuş proqnozların yerinə yetirilməsində heç bir ciddi problem baş verməmişdir. 2001-ci ildə yaradılan Azərbaycan Respublikası Vergilər Nazirliyi müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artması, bazar münasibətlərinin inkişafı, bütövlükdə, yeni iqtisadi sistemin ahəngdar fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır. 2003-2013-cü illər ərzində Dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 7,9 dəfə artaraq 6,4 milyard manat təşkil edib. Bu dövr ərzində qeyri-neft sektorundan vergi daxilolmaları 8 dəfə artaraq 3,760 milyon manata çatıb. Qeyd etmək lazımdır ki, Neft Fondunu nəzərə almadan büdcəyə səfərbər edilən dövlət büdcəsinin gəlirlərinin strukturunda Vergilər Nazirliyinin xətti ilə yığılan gəlirlər büdcə gəlirlərinin 80%-ni təşkil edir.

2014-cü ilin Dövlət büdcəsinin prinsipial cəhətlərindən biri ondan ibarətdir ki, Neft Fondundan büdcəyə transfer 2,0 milyard manat azaldılacaq. Qlobal risklərin çoxaldığı bir şəraitdə belə bir meyilin sonrakı illərdə davam etdirilməsi təbii ki, qeyri-neft sektorunun sürətli inkişafı, onun strukturunun təkmilləşməsi şəraitində mümkün olacaqdır. Tam məsuliyyətlə demək olar ki, Azərbaycandan da çox neft hasil edən ölkələrin demək olar ki, heç biri qeyri-neft sektorunun inkişafına qısa zaman kəsiyində nail olmamışlar.

Ölkədə qeyri-neft sektorunun, o cümlədən regionlarda sahibkarlığın, emal sənayesinin inkişafı, mövcud vergi potensialının səfərbər edilməsi nəticəsində bu sektor üzrə vergi daxilolmalarının həcmi 2012-ci ilin faktiki daxilolmalarına nisbətən 30,8 faiz,cari ilin proqnozuna nisbətən isə 14,4 faiz çox olacaqdır. Vergilər Nazirliyinin xətti ilə 2014-cü il üçün təklif olunan proqnozun cari ilə nisbətən 702 milyon manat artımının 76,9%-nin qeyri-neft, 23,1%-nin isə neft sektoru hesabına təmin olunacağı nəzərdə tutulmuşdur.

Hazırda 5 şəhər, o cümlədən Sumqayıt, Abşeron, Şirvan, Mingəçevir və İmişli şəhərləri dövlət büdcəsindən dotasiya tələb etməyərək, öz gəlirləri hesabına xərclərini ödəyirlər.

Heç şübhəsiz ki, regionların inkişafı istiqamətində həyata keçirilən geniş miqyaslı tədbirlər yerli gəlirlərin daha sürətlə artmasını təmin edir. Bu gün Dövlət büdcəsi vasitəsilə rayonların sosial-iqtisadi inkişafına dəstək vermək mühüm vəzifələrdən biri olaraq qalır. Bu məsələ ilə əlaqədar olaraq İlham Əliyev demişdir: "Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, hər bir bölgədə sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar qoyulur və beləliklə, Azərbaycanın bölgələri yaradılmış əlverişli şəraitdən uğurla istifadə edirlər. Bununla belə, regionların əksəriyyəti dövlətdən verilmiş dotasiyalar hesabına yaşayırlar. Dövlət, əlbəttə ki, bu subsidiyaları, dotasiyaları verməyə davam edəcək. İnfrastruktur layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatına subsidiyaların verilməsi bir müddət obyektiv zərurətdir. Özəl sektora verilən kreditlər artıq gözəl nəticələrini verir və hər bir bölgənin öz proqramı var və proqram da çox müfəssəldir. Hesablamalar göstərir ki, qarşıdakı dövrdə regionların maliyyə imkanlarının genişlənməsi meyli xeyli güclənəcəkdir".

Dünyada gedən qloballaşma prosesi şəraitində ölkənin iqtisadi təhlükəsizliyinin və daxili bazarın qorunmasında, Azərbaycan iqtisadiyyatının dünya iqtisadi məkanına inteqrasiya olunmasında gömrük siyasətinin rolu əhəmiyyətli dərəcədə artaraq ölkənin sosial-iqtisadi inkişafının təmin olunmasında əsas vasitələrdən birinə çevrilir.

Ölkənin ildən-ilə iqtisadi-ticarət əlaqələrinin coğrafiyasının genişlənməsi, idxal-ixrac əməliyyatlarının həcminin artması və Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasının dərinləşməsi çevik gömrük siyasətinin aparılmasını zəruri edir. Bu istiqamətdə ölkədə sistemli tədbirlər həyata keçirir.

Milli Məclisdə Dövlət büdcəsi layihəsinin müzakirəsində bildirildi ki, ticarətin asanlaşdırılmasına dair beynəlxalq aləmdə qəbul edilmiş ən qabaqcıl norma və standartlar nəzərə alınmaqla gömrük prosedurları və qanunvericiliyi daim təkmilləşdirilməli; qeyri-tarif tənzimlənməsi tədbirlərinin tətbiqi istiqamətində aidiyyəti işlər həyata keçirilməli; beynəlxalq ticarətin inkişaf etdirilməsində və ticarət-təchizat zəncirinin maksimum təhlükəsizliyinin təmin edilməsində, gömrük sərhədində mal dövriyyəsinin sürətləndirilməsində və gömrük hüquqpozmaları ilə mübarizədə mühüm rol oynayan gömrük nəzarəti metodları beynəlxalq standartlara uyğunlaşdırılmalıdır.

Dövlət büdcəsinin ildən-ilə artan vəsaitləri iqtisadi islahatları davam etdirmək, dövlətin müdafiə qabiliyyətini gücləndirmək, iqtisadi, ərzaq, ekoloji təhlükəsizliyi təmin etmək, investisiya və sosial, regional inkişaf proqramlarının, qeyri-neft sektorunda yeni istehsal və xidmət müəssisələrinin yaradılması, emal sənayesinin və onun strukturunun təkmilləşməsi, ölkədə içməli su və qaz təchizatının yaxşılaşdırılması, kanalizasiya və meliorasiya sistemlərinin yeniləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması və kənd yollarının tikintisi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron hökumətin genişləndirilməsi və digər mühüm problemlərin həlli üçün maliyyə təminatı yaratmışdır.

Onu göstərmək kifayətdir ki, 2005-ci illə müqayisədə Dövlət büdcəsinin xərcləri 9 dəfədən çox artmışdır. Təhlil edilən dövrdə Dövlət büdcəsinin xərclərinin strukturunda köklü dəyişikliklər baş vermişdir ki, bunun da obyektiv səbəbləri var. Qarşıya qoyulan məqsəd və vəzifələr, prioritetlərin miqyası əsaslı və cari xərclər arasındakı nisbətin dəyişilməsini zəruri edir.

Dövlət büdcəsi xərclərinin strukturunun, tərtibi və icrası prosesinin təkmilləşdirilməsi, şəffaflığın, səmərəliliyin və ünvanlılığın təmin edilməsi istiqamətində görülən işlər daha yüksək səmərə ilə nəticələnməlidir.

Sosial yönümlü xərclərin dövlət büdcəsində xüsusi çəkisi 26,6% və ya 5,4 mlrd. manat təşkil edəcəkdir.

Ulu öndər Heydər Əliyevin fundamental məna daşıyan, bu gün məşhur bir aforizm kimi səslənən "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" fikri ölkəmizin əldə edilən uğurlarda bir daha öz təsdiqini tapır.

Prezident İlham Əliyev andiçmə mərasimində bu sahədə əldə edilən nailiyyətlərdən danışarkən demişdir: "Son 10 ildə yoxsulluğun azaldılması, yoxsulluq şəraitində yaşayanların yaşayış səviyyəsinin yaxşılaşdırılması və digər sosial proqramlar icra ediləcək, sosial infrastrukturun yaradılması davam etdirilməlidir. Hələ ki, buna böyük ehtiyac vardır".

Buradan göründüyü kimi, dövlət başçısı yaxın və uzaq gələcəkdə əhalinin keyfiyyətli həyat səviyyəsini xarakterizə edən bütün göstəricilərin yaxşılaşmasını Azərbaycan xalqının gələcəyinə xidmət edən dövlət siyasətinin mühüm istiqaməti kimi açıqlamışdır. O, ölkəmizin demoqrafik inkişafında baş verən prosesləri, əhalinin artması dinamikasını təhlil edərək   diqqəti ona cəlb etmişdir ki, demoqrafik inkişaf, güclü iqtisadiyyatla tamamlanmalıdır. İqtisadi imkanlarımız əhalinin artımını daim üstələməlidir.

Ölkəmizin sosial inkişafında əldə edilən uğurlar və qarşıya qoyulan inkişaf hədəfləri Azərbaycan Respublikasının Konstitusiyasının mahiyyətindən irəli gəlir: sosialyönümlü bazar iqtisadiyyatının qurulması Azərbaycan dövlətinin ali məqsədlərindən biridir ki, bu ali məqsədə nail olmağın ən güclü amili Azərbaycan dövlətinin müstəqilliyinin dönməz xarakter alması və iqtisadi müstəqilliyinin təmin edilməsidir.

 

Akademik Ziyad SƏMƏDZADƏ,

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri 

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır