AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
06.01.2016

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadənin Publika.az-a müsahibəsi:

 

- 2015-ci ildə yadda qalan ən böyük qlobal hadisələrdən biri də neftin qiymətinin 3 dəfə aşağı düşməsi ilə dünyada baş verən iqtisadi böhran oldu. Sözsüz ki, bu böhran Azərbaycana da təsirsiz ötüşmədi. Ziyad müəllim, hazırda da davam edən bu böhran nə zaman bitəcək?

 - Qeyd etmək istəyirəm ki, Azərbaycan son 15 ildə dinamik inkişaf nümayiş etdirir. Bu gün qloballaşan dünyada iqtisadi inkişaf sürətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanın iqtisadi inkişaf sürəti bütün bu illərdə yüksək olub. Dünya iqtisadiyyatında tənəzzülün davam etdiyi son 3 ildə Azərbaycanda ÜDM-in artımı 11 faizdən, qeyri-neft sektorunun artımı 21 faizdən çox olacaq. Belə bir iqtisadi inkişaf göstəricilərinə qonşu ölkələrdən heç biri nail ola bilməyib. Bütün bunlar Azərbaycanda həyata keçirilən düşünülmüş iqtisadi siyasətin nəticəsidir, eyni zamanda dünyada baş verən mənfi proseslərə qarşı qabaqlayıcı tədbirlərin görülməsidir. Azərbaycan iqtisadiyyatına milyardlarla dollar sərmayələr qoyulub ki, bununla ölkənin iqtisadi inkişafı üçün daha güclü baza yaradılıb.

 Artıq 2015-ci il başa çatır. Bir qayda olaraq,  bütün dünya siyasətçiləri, ekspertləri başa çatan bu il haqqında öz fikirlərini açıqlayır, təhlillər aparırlar. Həqiqətən də 2015-ci il dünya iqtisadiyyatı üçün çox ağır illərdən biri oldu. Bu gün də dünyanın bir neçə nəhəng dövlətlərində iqtisadi artım tempi zəifləyir, xoşagəlməz proseslər baş verir, iqtisadi tənəzzül halları müşahidə olunur. Ancaq Azərbaycan Qərbdən fərqli olaraq iqtisadiyyatının canlanması üçün ölkə daxilində əlavə tədbirlər həyata keçirdi ki, bunlar da öz nəticəsini verir.

 Bu gün dünya iqtisadiyyatının 15 faizindən çoxunu təşkil edən Çində də iqtisadi artım sürəti zəifləyib. Təbii ki, dünyada gedən bu cür proseslər Azərbaycana da təsir edib. Çünki Azərbaycan dünyanın bir hissəsidir və qloballaşan dünya iqtisadiyyatında ölkəmizin xarici dövlətlərlə iqtisadi əlaqələri genişlənir. Bu gün Azərbaycan 140-dan çox ölkə ilə iqtisadi əməkdaşlıq həyata keçirir. Ona görə də Azərbaycanla əməkdaşlıq edən ölkələrdə baş verən ağır iqtisadi proseslər ölkəmizə də mənfi təsir edib.  

 Bu il dünyada neftin qiymətinin aşağı düşməsi baş verən hadisələr arasında ən yadda qalanı oldu. Dünyanın oyun qaydaları mövcuddur. Neft birinci və ikinci dünya müharibələri ərəfəsində, iyirminci əsrdə və qloballaşan dünyanın indiki mərhələsində də dünya siyasətinin aparıcı amillərindən birinə çevrilib. Kimin nefti varsa, o müəyyən mərhələdə udur. Eyni zamanda ona təzyiqlər də artır. Son vaxtlar dünya bazarında neftin qiymətinin 3 dəfə aşağı düşməsi görün hansı təlatümlərə gətirib çıxardı. Artıq sirr deyil ki, bütün bunların arxasında “böyük dövlətlər”in maraqları, Qərblə Rusiya arasında münasibətlərin kəskinləşməsi, Rusiyaya qarşı sanksiyalar, ABŞ neftinin ixracına razılıq verilməsi və sairə məsələlər durur. Bütün bunlar dünya bazarında neftin tələbdən çox olmasına gətirib çıxardı.

 

“Neft hər zaman nəhəng dövlətlərin əlində güclü alət rolunu oynayıb”

 

- Ölkə başçısı da çıxışında vurğuladı ki, dünyada neftin qiymətinin bir ildə üç dəfə aşağı düşməsinin arxasında iqtisadi amillərdən daha çox geosiyasi amillər dayanır...

 - Bilirsiniz, bu siyasət bu gün də davam edir. Uşaqlığını Bakıda keçirmiş məşhur “Əli və Nino” əsərinin müəllifi Məhəmməd Əsəd bəy adlı yazıçı özünün “Maye qızıl” adlı kitabında “Neft və dünya siyasəti”, “Neft dünya siyasətində nə edə bilər” və “Neft dünya siyasətinə nə edəcək” kimi proqnozlar verilib. Yəni, neft hər zaman nəhəng dövlətlərin əlində güclü alət rolunu oynayıb. Hələ ötən sərin 70-ci illərinin əvvəllərində də dünyada neftin qiymətinin aşağı salınması 20 ildən sonra Sovet İttifaqının dağılmasına səbəb oldu. O vaxtı SSRİ-də valyuta ehtiyatları yox idi. Bu gün də həmin məqsədli siyasət davam edir və Rusiya bunun təsirlərinə məruz qalır. Bütün bunlar çox böyük bir oyundur.       

 İqtisadi qanunlara görə, neftin qiyməti aşağı düşdükdə, onu tənzimləmək üçün istehsal azaldılmalıdır. Ancaq OPEK neftin qiyməti aşağı düşməsinə baxmayaraq, hasilatı da artırırlar. İndi dünya bazarında neftin 1 barelinin qiyməti 1 ildə 3 dəfə ucuzlaşdı. Amma OPEK üzvləri neftin hasilatını artırmaqda davam edirlər. Siyasətçilər neftin aşağı düşməsini hətta İran amili ilə əlaqələndirirlər, İran dünya bazarına neft çıxaracaq və sairə.

 Reallıq ondan ibarətdir ki, dünyada neftin qiymətinin kəskin aşağı düşməsi neft hasil edən ölkələrin tədiyyə balansına çox ciddi təsir edib. Apardığımız hesablamalar göstərir ki, Azərbaycanın neft gəlirləri ən yüksək səviyyəyə 2011-ci ildə çatıb. O zaman neftin qiyməti 100 dollardan çox idi. Amma indi isə neftin qiyməti qeyd edildiyi kimi dəfələrlə aşağı düşüb. Təbii ki, bu da dövlətimizin gəlirlərini azaldıb. Oxucunu rəqəmlərlə yormaq istəmirəm.

 Respublikada uzun illər manatın sabitliyi qorundu. Bəzi iqtisadçılar bildirir ki, gərək Azərbaycan üzən məzənnə siyasətinə əvvəldən keçəydi, manatı sabit buraxaydı, ancaq onlar dərk etmirlər ki, son 10-15 ildə manatın sabitliyini qorumaqla Azərbaycan iqtisadiyyatının yüksəlişi təmin edildi. Bu dövrlər ərzində Azərbaycana 100 milyard dollardan çox sərmayə qoyulub.

 Təsəvvür edin ki, bizim 10 il bundan qabaq əhalidən cəlb olunan əmanətlərin miqdarı cəmi 495 milyon manat idi. İndi bizim əhalinin banklardakı əmanətlərin miqdarı 7,2 milyard dollardır. 2005-ci ildə əhalinin pul gəlirləri 8 milyard manat, bu gün isə 41 milyard manat təşkil edir. Yəni, biz 10 ildə manatın sabitliyini qorumaqla investorları ölkəmizə cəlb etdik, biznes mühitini yaxşılaşdırdıq, sərmayələri qeyri-neft sektoruna qoymaqla bu sahəni inkişaf etdirdik. Azərbaycan dövləti yolların çəkilişi, su, qaz və enerji təchizatı kimi ən mürəkkəb məsələləri həll etdi və digər bu kimi işlər görüldü. Bəzən hökuməti günahlandırırlar ki, Azərbaycan guya neftdən asılılığı azaltmaq istiqamətində heç bir iş görməyib. Bütün bunlar ağ yalandır. Necə yəni heç bir iş görülməyib? Azərbaycanın 2005-ci ildə ÜDM-in həcmi cəmi 7-8 milyard manat idi. Ancaq 2015-ci ildə bu rəqəm 57 milyard manat təşkil edir. Bunun 40 milyard dolları qeyri-neft sektorunun payına düşür.

 Böhranın davam etdiyi son 3 ildə Azərbaycanda ümumi daxili məhsul 11 faizdən, qeyri-neft sektoru 20 faizdən çox olacaq.

Bu gün Azərbaycanda çoxsaylı müəssisələr, xidmət sahələri yaradılıb və inkişaf etdirilir. İndi Azərbaycan iri miqyaslı transmilli layihələr həyata keçirir. Bütün bunlar neft gəlirlərinin digər sahələrə qoyulması nəticəsində mümkün olub. Ona görə də Azərbaycan dövlətinin neftdən asılılıq istiqamətində apardığı siyasət birmənalı şəkildə nəticələr verib, yanacaq-energetika kompleksi gələcəkdə də Azərbaycanın iqtisadi inkişafına öz layiqli töhfəsini verəcək.   

 Hələ 2002-ci ildə cənab Prezident İlham Əliyev Moskvada nəşr olunan “Azərbaycanın Xəzər nefti” adlı kitabında demişdi ki, neft məqsəd deyil, vasitədir. Doğrudan da, Azərbaycan dövləti ötən illərdə neft amili hesabına dövlətin iqtisadi əsaslarını möhkəmlətdi, inkişaf üçün yeni, güclü imkanlar yaratdı. Mühüm nəticələrdən biri də odur ki, dövlət büdcəsinin formalaşmasında neft gəlirlərinin xüsusi çəkisinin azalma meylləri sabit xarakter alır.

 Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycan iqtisadiyyatında yeni bir şərait yaratdı. Bu amil hesabına ölkə iqtisadiyyatına dəyən itkilərin azalması üçün təbii ki, kompleks tədbirlər hazırlanmalıdır. İlk addımlar kimi xərclərə, onun quruluşuna, sərmayələrlə bağlı proqramlara yenidən baxılmalıdır.

 

“Azərbaycanın neft gəlirlərinin aşağı düşməsi nəticəsində itirdiyi gəlirləri əvəz edəcək real mənbələrdən biri də nəqliyyat sektoru olacaq”

 - Azərbaycan manatının üzən məzənnəyə keçməsi birmənalı qarşılanmadı. Necə düşünürsünüz, bu dəyişikliklərin nəticələrini azaltmaq üçün nə etmək lazımdır? 

 - Milli valyutanın məzənnəsinin sabitliyinin uzun bir dövr üçün saxlanılması çox ağır məsələdir. Siz də bilirsiniz ki, hər il 2-3  milyard dollar manatın sabit saxlanılması üçün sərf edilirdi. Zaman udmaq və ayağa durmaq üçün buna ehtiyac var idi. Ancaq şərait kəskin şəkildə dəyişdi, təkrar edirəm neftin qiyməti 3 dəfə aşağı düşdü. Manatın sabit saxlanılmasının fəsadları özünü daha artıq dərəcədə büruzə verdi. Yeni şəraitin tələblərinə cavab verən tədbirlərin görülməsini zəruri etdi. Ona görə də cənab Prezident dəyişən məzənnəyə keçmək ərəfəsində biznes mühitinin yaxşılaşması ilə bağlı mühüm fərman və sərəncamlar imzaladı.

 Azərbaycanın dünya ölkələri, o cümlədən qonşularımız Rusiya, Türkiyə və İranla ticarət əlaqələrinin dinamikasına baxın. Heç şübhəsiz ki, müsbət məqamlar çoxdur. Amma etiraf edək ki, ixracın strukturunu təkmilləşdirməyə ciddi ehtiyac var. Strateji inkişaf resurslarından biri Azərbaycanı həmçinin bir tranzit ölkə kimi də tanınmasıdır. Azərbaycan yerləşdiyi geostrateji mövqeyinə görə gələcəkdə irimiqyaslı beynəlxalq və regional layihələrə daha fəal qoşulacaq. Müasir dövrdə hər bir dövlət yaxşı başa düşür ki, dünya iqtisadiyyatına inteqrasiya etmədən uzun dövr üçün sabit inkişafı təmin etmək olmaz. Azərbaycanın əlverişli coğrafi şəraiti, Avropa və Asiyanın mərkəzində yerləşməsi bizim üçün böyük imkanlar açır. Artıq bu sahədə böyük işlərin görülməsinə başlanılıb. Bildiyiniz kimi, Bakı-Tiflis-Qars dəmir yolu, qədim “İpək Yolu”nun bərpası, “Şimal-Cənub” nəqliyyat dəhlizində Azərbaycanın iştirakı ölkə iqtisadiyyatı üçün daimi gəlir mənbəyi və yeni iş yerlərinin yaradılmasıdır. Ona görə də qarşıdakı dövrdə Azərbaycanın neft gəlirlərinin aşağı düşməsi nəticəsində itirdiyimiz gəlirləri əvəz edəcək real mənbələrdən biri də, nəqliyyat sektoru olacaq ki, bu da bütövlükdə Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin olunmasına müsbət təsir göstərəcək.

 

“Banklar real sektora kifayət qədər dəstək vermirlər”

 - Üzən məzənnə rejiminə keçid əhalinin bank kreditlərinin qaytarılması işinə hansı təsirləri göstərəcək?

 - Azərbaycan dövlətinin düşünülmüş pul-kredit siyasəti var. Bu siyasət bütövlükdə iqtisadi siyasətin tərkib hissəsidir. Bizim pul-kredit siyasətini vaxtilə ulu öndər Heydər Əliyev də müsbət qiymətləndirib. Çünki biz pul-kredit siyasətini iqtisadi siyasətin tərkib hissəsi kimi birlikdə səmərəli şəkildə həyata keçirməsəydik, o zaman Azərbaycanın dünya ilə əlaqələri demək olar ki, olmazdı. Gərək dünyaya çıxış üçün hər bir dövlətin formalaşmış bank sistemi olmalıdır. Bu gün Azərbaycanda peşəkar bank sistemi formalaşıb. Lakin bəzi problemlər qalmaqdadır. İlk növbədə nədənsə banklar real sektora kifayət qədər dəstək vermirlər. İstehlak kreditlərinə ayrılan kredit resursları real sektorun inkişafına ayrılan resurslardan 4-5 dəfə çoxdur. Bu nisbəti məqbul hesab etmək olmaz.

 Təəssüf ki, vaxtilə dollarla kredit götürmüş müştərilər manatın ucuzlaşmasıyla xeyli itki ilə üzləşiblər. Odur ki, dollarla kredit götürən müştərilərə də qayğı ilə yanaşmalı, müəyyən güzəştlərə gedilməlidir. Kredit götürmüş vətəndaşlara borclarının qaytarılması üçün əlavə müddət verməlidir. Lakin bu halda da manatın məzənnəsinin yenidən dəyişməsi nəzərə alınmalıdır. İtkilərin hamısını təkcə bir tərəfə aid etmək olmaz. Dərindən təhlil aparılsa, hər iki tərəfin maraqları nəzərə alınsa, inanıram ki, ümumi bir fikrə gəlmək olar. Dünya təcrübəsi göstərir ki, bu kimi gözlənilməz hallarda hər iki tərəf arasında konsensus olmalıdır. Bu kimi proseslər onu da göstərdi ki, əhalinin maliyyə-bank savadlılığı yüksəlməlidir. Banklar öz müştəriləri ilə işləyən zaman bütün incəlikləri onlara əvvəlcədən açıqlamalı, müştərilər müqavilələrin hər bir maddəsinin mahiyyətini dərk etməlidirlər.

 İndi elə bir məqam yetişib ki, kredit resurslarının xeyli hissəsi real sektora, yeni iş yerlərinin yaradılmasına, regionlarda iş yerlərinin açılmasına, məhsul istehsalının əldə edilməsinə yönəldilməlidir. Bankların əldə etdikləri mənfəətin dinamikası təhlil edilməlidir.

 Başqa bir məsələ: əhalinin banklara olan inamını artırmaq üçün sığortalanan əmanətlərin miqdarı qaldırılmalıdır. Bu barədə mən Azərbaycan televiziyasında müsahibəmdə bildirmişdim. Gələcəkdə ipoteka kreditlərinin xeyli hissəsini regionlara da vermək lazımdır ki, bu da ölkədə urbanizasiya məsələlərinin tənzimlənməsinə, regionlarda inkişafın vacib stimulu ola bilər, gənc ailələrin qurulması və qorunmasına öz müsbət təsirini göstərər. Bir sözlə, banklarla müştərilərin əməkdaşlığının gücləndirilməsinin tərəfdarıyıq. Banklar özləri də xərclərini azaltmalıdır. Verilən kreditlərin faizləri çox yüksək olmalı deyil. Bu barədə kifayət qədər təkliflər var. Əminəm ki, müvafiq qurumlar Mərkəzi Bank və  Banklar Assosiasiyası bu kimi məsələləri diqqətdə saxlayacaq, bank sisteminin ölkə iqtisadiyyatının inkişafında rolunun artırılmasına öz layiqli töhfələrini verəcəklər. 

 

“Milli məhsullarımızın bazara çıxmasına mane olan səbəblərin aradan qaldırılmasında hamımız maraqlı olmalıyıq”

  - Bəzi ticarət obyektlərində manatın devalivasiyasından sui-istifadə hallar və qiymət artımları müşahidə edilir. Prezident İlham Əliyev də bu məsələ ilə bağlı çıxışında bəyan etdi ki, süni qiymət artıranlar cəzalandırılacaq...

  - Cənab Prezident bu məsələ ilə bağlı çıxışında da deyib ki, bu cür hallara qarşı çox ciddi mübarizə aparmaq lazımdır. Eyni zamanda vətəndaş cəmiyyətinin burada rolu olmalıdır. Əgər hər hansı məhsulun maya dəyəri ilə satış qiyməti arasında 50-70 faiz fərq varsa, bu, sözün əsl mənasında yolverilməzdir. Biz Hesablama Palatası ilə sıx əməkdaşlıq edirik. Hesablama Palatası büdcə vəsaitlərindən istifadə ilə əlaqədar müntəzəm yoxlamalar aparır. Bütövlükdə, Azərbaycanda büdcə vəsaitlərindən səmərəli istifadə istiqamətində böyük işlər görülüb. Hətta, cənab Prezident çıxışlarının birində üzünü hökumət strukturları rəhbərlərinə tutaraq deyir ki, bəzi məmurlar şişirdilmiş rəqəmlərlə təkliflərlərini edirlər. Misal üçün, bir rayonda eyni həcmli bağçanın tikintisi üçün tələb olunan vəsait digər rayonda daha yüksək başa gəlir, bu cür qiymətlər rayonlar üzrə fərqlənir. Buna oxşar misalları çox çəkmək olar. Eləcə də bəzi informasiya texnologiyalarına aid bir sıra avadanlıqların, o cümlədən kompüterlərin alınması və sairə necə olur ki, bur rayonda ucuz, digər rayonda isə baha başa gəlir? Axı bu kimi hallar dövlət büdcəsi vəsaitlərin qanunsuz istifadəsini xarakterizə edir.

 Milli məhsullarımızın bazara çıxmasına mane olan səbəblərin aradan qaldırılmasında hamımız maraqlı olmalıyıq. Böyük zəhmət hesabına becərilən, istehsal olunan ekoloji təmiz məhsullar Azərbaycan bazarına çıxsın və keyfiyyəti məlum olmayan məhsulları bazardan çıxarsın. Bu məqsədlə Azərbaycanda sahibkarlara əlverişli şərait yaradılıb, logistika mərkəzləri inşa edilir, lisenziyaların sayı ixtisar edilib, yoxlanmalar azaldılıb, fəaliyyət sadələşdirilib və sairə. Bütün bunlar bazarın yerli istehsalın daha yüksək çəkidə olması üçün əlverişli şərait yaradır.

 

“Rayonlar arasında stimul yaratmalıyıq ki, onlar yeni iş yerlərinin yaradılamsı istiqamətində yarışa girsinlər”

 - Azərbaycanın yeni məzənnəyə keçməsinin müsbət məqamları nədən ibarətdir?

 - Yeni məzənnəyə keçməyin müsbət cəhətləri də var. Müsbət cəhətlərdən biri odur ki, yeni çağırışlara cavab olaraq iqtisadiyyatın strukturunda dəyişikliklərin aparılması, yeni iş yerlərinin daha sürətlə yaradılması ön plana çəkilməlidir. Kiçik və orta müəssisələrin yaradılmasına diqqət artırılmalıdır. Bu istiqamətdə vergi və gömrük yoxlamaları xeyli dərəcədə yaxşılaşacaq, inhisarçılığa qarşı xeyli mübarizə aparılacaq. Bütün bunlardan yararlanmaq lazımdır. Yəni, kim necə bacarırsa, fərdi və yaxud kollektivlə işləyib məhsul istehsal etsin, ona mane olmasınlar. Biz rayonlar arasında stimul yaratmalıyıq ki, onlar bir-biri ilə məhsul istehsal etmək üçün sağlam rəqabətə, yeni iş yerlərinin yaradılamsı istiqamətində yarışa girsinlər. Əgər biz bütün bunları etsək, o zaman Azərbaycanda qaynar həyat daha da güclənər və insanların güzəranı da yaxşılaşar. İqtisadi strukturlarla bank maliyyə sistemi arasında əlaqələndirmə işinin daha da təkmilləşməsini zəruri edir.

     “Bazarda qiymətlərin şişirdilməsinə qarşı sistemli tədbirlər görülməlidir”

   - Gələn il Azərbaycanda aztəminatlı ailələrə güzəştlərlə bağlı hansı yeniliklər gözlənilir?

 - Ölkə başçısı dekabrın 23-də Milli Olimpiya Komitəsində çıxışı zamanı bildirib ki, indiki vəziyyətdə hökumət qarşısında əsas vəzifə qoyulub ki, makroiqtisadi sabitlik təmin edilsin, inflyasiya normal səviyyədə olsun. Bu ilin yekunlarına görə inflyasiya 4 faizdən azdır. Ərzaq məhsullarının böyük əksəriyyəti Azərbaycanda istehsal olunur. Ona görə də bazarda qiymətlərin şişirdilməsinə qarşı sistemli tədbirlər görülməlidir.

 Eyni zamanda cənab Prezident qeyd edib ki, son illər ərzində Azərbaycanda güclü tikinti sənayesi yaradılıb və özümüzü əsas tikinti materialları ilə təmin edirik. Tikinti sektorunda da heç bir bahalaşmaya yol vermək olmaz. Azərbaycan özünü yanacaqla təmin edir. Əgər benzinin, dizel yanacağının qiymətinə baxsanız görərsiniz ki, Qərb ölkələrindən üç dəfə aşağıdır. Ona görə bu sahədə də heç bir bahalıqdan söhbət gedə bilməz. Şəhər nəqliyyatı tarifləri - metro, avtobus tarifləri bizdə çox aşağı səviyyədədir.

Yəni, biz maksimum dərəcədə çalışacağıq ki, bu qaçılmaz qərarın mənfi təsirlərini azaldaq - ilk növbədə, islahatların dərinləşməsi hesabına. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycanda süni bahalaşmaya yol verənlərə qarşı da çox ciddi tədbirlər görüləcək, cəza tədbirləri tətbiq ediləcək ki, heç kim bu vəziyyətdən sui-istifadə etməsin, möhtəkirliklə məşğul olmasın.

Yekunda onu demək istərdim ki, dünyada nə qədər təlatümlü hadisələr baş versə də, Azərbaycanda heç bir sosial proqramlar təxirə salınmayacaq, ölkəmiz qarşıdakı dövrdə də dinamik inkişaf edəcək.

 

Vasif Həsənli

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır