AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
06.04.2018
Azərbaycan Respublikasının Prezidentinə səs vermək xalqımızın xoşbəxt gələcəyinə, dövlətimizin müstəqilliyinin güclənməsinə səs vermək deməkdir Aprel ayının 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Bununla əlaqədar olaraq aprelin 2-də “İki sahil” internet televiziyası Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadəni “Siyasi baxış” verilişinə dəvət edərək, onunla fikir mübadiləsi aparmışdır. Həmin müsahibəni oxucularımızın diqqətinə çatdırırıq. Aparıcı Ayan Yusifova: Bildiyiniz kimi, ölkəmiz mühüm bir hadisə ərəfəsindədir - aprel ayının 11-də prezident seçkiləri keçiriləcək. Bununla əlaqədar olaraq “Siyasi baxış” verilişi silsilə proqramlar təqdim edir. Bu gün də studiyamızın qonağı ilə bir yerdə növbəti verilişimizi sizlərə təqdim edəcəyik. Qonağımız Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadədir. Xoş gəlmisiniz, Ziyad müəllim. Prezident seçkilərindən danışmazdan öncə istərdim son 15 ildə Azərbaycanın sosial-iqtisadi durumu ilə bağlı sizin fikirlərinizi öyrənək. Ziyad Səmədzadə: Bu gün dünyada 200-dən artıq dövlət var ki, onların da hər birinin özünün iqtisadi siyasəti mövcuddur. Bunun həyata keçirilməsi üçün isə hökumət üzvləri xalqla bir yerdə çalışırlar. Azərbaycan müstəqillik əldə etdikdən sonra bir neçə inkişaf mərhələsindən keçib, artıq bu gün 90-cı ilin əvvəli ilə müqayisədə güclü iqtisadi potensiala malikdir. Ulu öndər Heydər Əliyev də o zaman demişdi: “Müstəqilliyi qazanmaq asandır, amma onu qorumaq qat-qat çətindir”. Çünki qloballaşan dünyada yaşayırıq. Belə bir şəraitdə hər bir müstəqil dövlətin qorunması, inkişafı ən vacib məsələlərdən biridir. Ona görə də Azərbaycan dövlətinin apardığı uğurlu siyasət nəticəsində son 15 il ərzində, sözün əsl mənasında, çox böyük, mühüm nailiyyətlər əldə edilmişdir. Ən böyük nailiyyətimiz ondan ibarətdir ki, respublikada sabitlik var, sabitlik olmayan yerdə inkişaf yoxdur. Amma xatırlayaq ki, 90-cı ilin əvvəllərində Azərbaycan dərin iqtisadi böhran şəraitində yaşayırdı. İstehsalın həcmi ildən-ilə azalırdı, Azərbaycanın beynəlxalq aləmdə imici, demək olar ki, çox aşağı səviyyədə idi. Azərbaycana investisiya qoymaq istəmirdilər, heç kim Azərbaycana gəlib onunla əməkdaşlıq etmək istəmirdi. Üstəlik, Qarabağ münaqişəsi, 1 milyondan çox qaçqının öz doğma yurdlarından qovulması və s. kimi problemlər iqtisadi inkişafı məhdudlaşdırırdı. Ulu öndər Heydər Əliyevin qurduğu dövlət bu gün artıq dünyada tanınan, seçilən bir dövlətə çevrilmişdir. Nəyin hesabına? Düşünülmüş siyasət hesabına. Yəni, bu gün İlham Əliyevin prezident kimi son 15 ildə əldə etdiyi uğurlardan saatlarla danışmaq olar. Biz ilk növbədə, dünyada, regionda iqtisadi inkişaf sürətinə görə ən irəlidə gedən ölkələrdən biriyik. Çünki hər bir ölkəni digər ölkələrlə müqayisə etmək lazım gəlir. İstər iqtisadçılar, istər siyasətçilər, istərsə də ekspertlər, müxtəlif peşə sahibləri və ən sadə insanlar belə bilmək istəyirlər ki, ölkələrinin inkişaf səviyyəsi necədir. Biz geri qalırıq, ya irəli gedirik? Bu baxımdan təhlil etsək görərik ki, son 15 il ərzində respublikamız çox irəli gedib. Bu gün Azərbaycan dövləti ilə hesablaşırlar, bu gün ən yüksək beynəlxalq tədbirlər Azərbaycanda keçirilir. Dünyanın aparıcı ölkələri Azərbaycana gəlir. Nə üçün? Təbii ki, sabitlik üçün, burada yaranan əlverişli investisiya, biznes mühiti üçün. Bir faktı qeyd etmək istəyirəm: Azərbaycan iqtisadiyyatına son 15 ildə 230 milyard vəsait qoyulub. Biz irimiqyaslı layihələr həyata keçiririk, Azərbaycan iqtisadiyyatında neft-yanacaq kompleksinin rolu artır. Azərbaycan ərazisindən 2 milyard ton neft çıxarılıb. 1970-ci illərdə bu rəqəm 1 milyard ton idi. 1 milyard ton neft - Azərbaycanın təbii sərvəti dünyaya verilmişdi. Amma Azərbaycan müstəqil deyildi, indi Azərbaycan müstəqildir, özü özünün təbii sərvətlərinin sahibidir. Mən fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, Azərbaycan neftçilərinə, Azərbaycan yanacaq energetika kompleksində çalışan insanlara eşq olsun ki, onların fədəkar əməyi nəticəsində biz bu gün ölkəmizin iqtisadi dirçəlişi üçün möhkəm baza yaratdıq. Cənab prezident Azərbaycanda 2 milyard ton neft hasilatı ilə əlaqədar keçirilən tədbirdə dedi ki, biz heç vaxt belə güclü olmamışıq. Bizim iqtisadi müstəqilliyimizin kökündə neftçilər və neft sənayəsi dayanır. Ona görə də biz bundan sonra da neft sənayəsini inkişaf etdirəcəyik. Ulu öndər Heydər Əliyev neftdən gələn gəlirlərin səmələri istifadəsi üçün Neft fondu yaratdı. Bizim indi valyuta ehtiyatlarımız 40 milyarddan çoxdur, neftin qiyməti aşağı düşsə də, biz heç bir ölkəyə borc almaq üçün müraciət etmədik. Çünki bizim artıq kifayət qədər valyuta ehtiyatlarımız var idi. İndi ulu öndər Heydər Əliyevin qurduğu dövlətin mahiyyəti, gücü ondadır ki, biz dünyada qlobal böhran şəraitində inkişafımızı təmin etdik. Azərbaycan dövlətinin apardığı iqtisadi siyasətin ən başlıca mənbəyi xalqdır, bu siyasətin məqsədi xalqın vəziyyətini yaxşılaşdırmaqdır. 90-cı illərin əvvəllərində Azərbaycan əhalisi nə vəziyyətdə idi, bu gün nə vəziyyətdədir, müqayisə edək. Əməkhaqqının artırılması, sosial problemlərin həlli, məşğulluğun artırılması, yoxsulluğun azaldılması istiqamətində görülən tədbirlər - bunlar hamısı göz qabağındadır. 2001-ci ildə Azərbaycanda yoxsulluq 49 faiz idi, əhalinin yarısı yoxsulluq şəraitində yaşayırdı. Bu gün Azərbaycanda yox­sul­luğun səviyyəsi 5 faizdir. Təbii ki, prob­lemlər var. Dünyanın inkişaf et­miş ölkələrində belə işsizlik var, nisbətən aşağı səviyyədə yaşayanlarda olur, amma bunlar ildən-ilə azalırsa, deməli, bu məsələ dövlətin iqtisadi siyasətinin mahiyyətini təşkil edir. Cənab prezidentin son 15 il ərzində əldə etdiyi ən böyük uğurlardan biri regionlarda sosial-iqtisadi inkişafın sürətlənməsidir. 2004-cü ilin fevral ayında cənab prezident regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar proqrama imza atdı. Bu proqram nə üçün idi? Respublikanın bütün əraziləri sistemli inkişaf etsin, tarazlı inkişaf etsin, sosial-iqtisadi inkişaf səviyyəsinə görə regionlar arasında ciddi fərq olmasın. Bu gün istər qatar, istər avtobus, istərsə də şəxsi maşınla Azərbaycan sərhəddinə getdikcə ürəyim sevinclə dolur, çünki hər yanda gözəl yollar, binalar, məktəblər tikilib. Son 15 il ərzində Azərbaycanda 3100 məktəb təmir olunub, tikilib. Dünyada ən böyük problemlərdən biri su problemidir. Azərbaycan həmişə su uğrunda mübarizə aparıb, həmişə Azərbaycan xalqı içməli su problemi ilə üzləşib. Bizim təbii sər­vət­lərimiz var, sularımız var, amma Azərbaycan ərazisində toplanan suyun miqdarı, həcmi tələb olunandan xeyli azdır. Bizə içməli suyun balansını təkmilləşdirmək, əhalini təmiz içməli su ilə təmin etmək lazımdır. Mən səmimiyyətlə və qətiyyətlə bildirirəm ki, bu, çox müqəddəs bir işdir. Su varsa, həyat var, su yoxdursa, həyat yoxdur. Ona görə də Azərbaycan rayonlarında içməli su ilə əlaqədar həyata keçirilən proqramlar, layihələr Azərbaycan xalqının xoşbəxt gələcəyi üçündür. 40-50-ci illərin arxiv materiallarını araşdırarkən mən bizim nə qədər çətinliklərimizin olduğunu görürəm. Eləcə də yollar - tarix boyu yollar uğrunda mübarizə gedib. Tarix boyu hər bir dövlət çalışıb ki, onun ərazisində yolları yaxşı olsun. Azərbaycanda son 15 ildə 12000 km-dən çox avtomobil yolu salınıb. Ən böyük uğurlardan biri isə qazlaşmadır. Biz təbii qaz istehsal etsək də, uzun müddət bizdə qazlaşma aşağı səviyyədə idi. Ulu öndər Heydər Əliyevin qurduğu siyasət ona imkan verir ki, biz qazlaşma prosesini sürətlə artıraq. Cənab prezident elan etmişdi ki, artıq bizdə qazlaşma 93 faizdir. Bir müddətdən sonra qazlaşmanın səviyyəsi 100 faizə qalxacaq. Bu o deməkdir ki, neft və yanacaq sərvətləri həm xaricə satılır, həm də xalqın güzəranının yaxşılaşdırılmasına sərf olunur. Eləcə də elektrikləşmə. İşıq varsa, su varsa, qaz varsa, yollar varsa, təhlükəsizlik təmin olunursa, sabitlik təmin olunursa, bunlar hamısı dövlət başçısının bilavasitə fəaliyyətidir. Qonşu ölkələrə baxaq, dünyanın ən varlı ölkələrindən biri Liviya, dünyanın ən gözəl,yaraşıqlı və dinamik ölkələrindən biri Suriya, yaxud Misir, İraq... Nə qədər problemlər yarandı bu ölkələrdə. Amma Azərbaycan Respublikasının Prezidenti dünyaya bəyan etdi ki, islam həmrəyliyi konfransı keçiririk. 2017-ci il “İslam həmrəyliyi ili” olsun. Bu, bütün islam ölkələrinə bir mesaj verdi ki, gəlin, bir olaq, biz inkişaf etməliyik, inkişafdan geri qalmamalıyıq. Bu gün Azərbaycan dövlətinin son 15 ildə qazandığı uğurlar bütün sahələrdədir. Elm, təhsil, səhiyyə, mədəniyyət, idman - bunlar hamısı Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin siyasətinin mühüm istiqamətləridir. Azərbaycan xalqı dünya xalqları içərisində özünü möhkəm hiss etsin, inkişaf etsin, problemlərimiz olmasın. Ona görə mən ulu tanrıdan bu dövlətə uğurlar arzu edirəm. Ulu tanrı bizim dövlət başçımızı qorusun, Mehriban xanımı qorusun. Çünki həm Prezident İlham Əliyev, həm də Mehriban xanım böyük layihələrə imza atıblar. Dünya artıq bizimlə çox istiqamətdə hesablaşır. Buraya daha əvvəl gələn qonaqların çıxışlarını izlədim. Mən iqtisadçıyam, məqalələr və kitablar yazıram, çıxışlar edirəm. Hər dəfə də yeni mənbələrə müraciət edirəm. Cənab prezident respublikanın regionlarını gəzir, rayonlarda olur. Rayonlarda olarkən müvafiq icra strukturları daha da məsuliyyət hiss edirlər ki, mən tapşırılan vəzifəni həyata keçirmək üçün bütün qüvvəmi səfərbər etməliyəm. Bu gün Azərbaycan kəndində qaynar həyat var. Pambıqçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, çayçılıq - bütün bunlar Azərbaycanın sərvətləridir. Bu əməksevər xalq seçilən xalqdır, onların yaratdığı əsərlər dünyaya yayılıb. - Aparıcı: Ziyad müəllim, sualımıza çox ətraflı cavab verdiniz. Buna görə sizə təşəkkür edirəm. Geridə qoyduğumuz 15 ildəki bütün uğurlardan danışdıq. Təbii ki, bu da ölkə başçısının uğurlu siyasətinin nəticəsidir. Növbəti sualım seçkilərlə bağlı olacaqdır. Bildiyimiz kimi, YAP seçkilərə “İlhamla irəli” şüarı ilə qatılıb. Bununla bağlı nə deyə bilərsiniz? - Dünyanın bütün ölkələrində seçkilər keçirilir. Prezident seçkiləri, dövlət başçısının seçimi həmişə gündəmdə olan məsələyə çevrilir, çünki xalq bilməlidir ki, taleyini kimə bağlayır. Xalq bilməlidir ki, ən ağır dəqiqələrdə onu qoruyan dövlət başçısı hansı tədbirlər görəcək. Bu baxımdan Azərbaycanda da seçkilərə böyük maraq var. Nəinki Azərbaycanda, dünyada da maraq var. Bizi istəyənlər dua edirlər ki, Allah bu dövləti qorusun, təbii ki, istəməyənlər də var. Ümumiyyətlə, dünyada Azərbaycana qarşı qısqanclıq həmişə olub. Azərbaycan dövləti inkişaf edir. Elə Azərbaycana haqsız iddialar irəli sürən Ermənistanla sosial-iqtisadi inkişafımızı müqayisə edək. Nə qədər ciddi fərqlər var. Bu da, əlbəttə ki, ölkəmizdə aparılan düşünülmüş iqtisadi siyasətin, ölkənin iqtisadi, milli və sosial təhlükəsizliyinin, müdafiə qabiliyyətinin artırılmasının nəticəsidir. Ona görə prezident seçkilərinə hamımız böyük maraqla yanaşırıq. Mən əminəm ki, Azərbaycan xalqı seçimini edib. Çünki Azərbaycan xalqının tarixində bu, böyük şansdır ki, İlham Əliyev Azərbaycan Respublikasının prezidentidir. Onun bir məqsədi var ki, Azərbaycan dünyada dinamik, keyfiyyətli, sürətlə inkişaf edən bir ölkəyə çevrilsin və çevrilib də. Mən əminəm ki, YAP-ın irəli sürdüyü namizəd bu seçkilərdə qalib olacaqdır. Azərbaycan Respublikasının Prezidentinə səs vermək bizim xalqımızın xoşbəxt gələcəyinə səs vermək deməkdir. Mən bu günlərdə bir neçə yerdə çıxış etdim və onda da qeyd etdim ki, analarımızın xoşbəxtliyi, övladlarımızın gələcəyi, gənclərimizin sağlam düşünə bilməsi, Azərbaycanımızın bərəkətli torpağının qorunması, qloballaşan dünyada risklərin artdığı bir şəraitdə ölkəmizin ayaq üstə möhkəm durması üçün cənab Prezidentimiz İlham Əliyevə səs verməliyik. Hər bir dövlətdə problemlər var, seçkilər ərəfəsində suallar verirlər, bəzi insanlar hətta çətinliklər yaradırlar. Onlar dərk etməlidirlər ki, hər kəs bu xalq üçün çalışır. Cənab prezidentimiz özü də qeyd edir ki, mən hər bir vətəndaşın prezidentiyəm. Ona görə mən tam əminəm ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin apardığı siyasət dünyanın tərəqqipərvər qüvvələri tərəfindən də müsbət qarşılanır. Xalqımız da bunu 11 aprel tarixində bir daha nümayiş etdirəcək. İlham Əliyev ən yüksək səslə xalqın etimadını qazanacaq və Azərbaycan Respublikasının növbəti dəfə prezidenti seçiləcək. Nə üçün? Çünki irəlidə böyük hədəflər var. - Növbəti sualım elə qarşıdakı 7 illik hədəflərlə bağlıdır. Hədəflərimiz nə olacaq? - Cənab prezidentin hər bir çıxışında bu və ya digər məsələ ilə əlaqədar olaraq hədəflər müəyyənləşdirilmişdir, o hədəflərlə bağlı məsələlər qoyulmuşdur. Uzağa getməyək, Azərbaycan zəngin kənd təsərrüfatı məhsulları istehsal edən bir ölkədir. Hər bir dövlət indiki şəraitdə özünün ərzaq təhlükəsizliyini təmin etməyə çalışır. Cənab prezident artıq bu vəzifəni müəyyən edib ki, biz qısa zaman kəsiyində Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyini təmin etməliyik. Bunun üçün respublikada həyata keçirilən işlər miqyasına, əhatə dairəsinə və investisiya tutumluluğuna görə çox fərqlənir. Kənd təsərrüfatına dövlət dəstəyi artır, ənənəvi sahələrin, yəni pambıqçılığın, üzümçülüyün, heyvandarlığın üstün inkişafı istiqamətində konkret addımlar atılır ki, bunlar da göz qabağındadır. Qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəflərimiz nədən ibarətdir? Güclü sənaye siyasəti yeridək, emal müəssisələrimizin sayını artıraq. Azərbaycanda 38 aqropark yaradılacaq. Bu aqroparkların yaradılması nə deməkdir? Orada yeni iş yerləri yaradılacaq, məhsul istehsalı artırılacaq, əkinçilik mədəniyyəti yüksələcək, ixrac potensialı artırılacaq. Hədəflərdən biri elmin, səhiyyənin, təhsilin inkişafıdır. Hər bir insan istəyir ki, səhiyyə göstəriciləri yaxşı olsun, uşaq ölümləri, xəstəliklərin sayı azalsın, əhaliyə səhiyyə xidməti keyfiyyətli olsun, dispanserizasiya aparılsın. Hədəflərdən digəri də odur ki, ordumuz gücləndirilsin. Ordumuz hal-hazırda regionda ən güclü ordudur, çalışmaq lazımdır ki, yenə də güclənsin və lazım gələrsə, Azərbaycan torpaqlarını silah gücünə alsın. “Aprel döyüşləri” buna nümunə oldu. Yəni, hədəflər həddən artıq çoxdur, konkretdir. Bu konkret hədəflərin hər biri müvafiq strukturlar üçün fəaliyyət proqramıdır. Seçkilərdən sonra bu hədəflər daha da konkretləşəcək. Ən başlıcası odur ki, Azərbaycan yaxın vaxtlarda dünyanın inkişaf etməkdə olan ölkələri arasında qabağa gedəcək ki, sonra da biz ən inkişaf etmiş ölkələr sırasında olaq. Mən cənab prezidentə möhkəm cansağlığı arzu edirəm. Azərbaycan xalqının xoşbəxtliyi naminə hamımız “İlham Əliyevlə irəli” şüarını əsas tutub 11 apreldə ona səs verməliyik. - Əminik ki, belə də olacaq. Son olaraq, Ziyad müəllim, bu gün Azərbaycan seçicisinə bir ziyalı olaraq nə demək istərdiniz? - Mən üzümü Azərbaycan seçicisinə tutub deyirəm ki, bu qədər inkişafı təmin edən qüvvə var. Bu inkişafın müəyyənləşdirici qüvvəsi ölkə başçısıdır, dövlət başçısının müəyyən etdiyi siyasətdir. Yenə də deyirəm, biz hamımız Azərbaycan xalqının gələcəyi, dövlətimizin bundan sonra da daha güclü olması, sabitlik və sakitlik naminə 11 apreldə seçkilərə gedib cənab prezidentə səs verək. Azərbaycan heç vaxt indiki kimi güclü olmamışdır. Sosial sahənin inkişafına, əhalinin səhiyyə və təhsilinin inkişafına bu qədər diqqət ayrılmamışdır. İlham Əliyev keçən prezident seçkilərində də qeyd etmişdir ki, “mən Heydər Əliyev siyasətinə sadiqəm, hər bir vətəndaşın prezidenti olmağıma söz verirəm”. Mən hər birinizi seçkilərə dəvət edirəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bundan sonra da daha böyük uğurlara imza atacağıq. - Təşəkkür edirəm, Ziyad müəllim.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır