AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
21.01.2019

Ziyad Səmədzadə: «Nəticələr inkişaf strategiyasının düzgünlüyünü bir daha təsdiqləyir»

 

Müsahibimiz Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadədir:
- Ziyad müəllim, yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Bir iqtisadçı-alim və komitə sədri kimi iclasla bağlı nələri qeyd etmək istərdiniz?
-İstər ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə, istərsə də  6  ayın və 9 ayın yekunlarına həsr olunmuş iclaslar artıq bir növ ənənə halını alıb. Yəni, ümummilli lider Heydər Əliyevin dövründən ta bu günə kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 16 illik hakimiyyəti dövrü ərzində də hər il bu tipli iclaslar keçirilir. Hesab edirəm ki, bunlar çox vacib və əhəmiyyətlidir. Ona görə ki bunlar həm bir növ görülmiş işlərin hesabatı, həm də görülən və görüləcək işlərlə bağlı yolun, hədəflərin bir daha müəyyənləşdirilməsi, necə deyərlər, yeni “yol xəritəsi”nin cızılmasıdır. Bu baxımdan, dövlət başçısının sədrliyi ilə keçirilən - bu günlərdə yola saldığımız və xalqımız üçün çox əlamətdar hadisələrlə zəngin olan, ən əsası, “Cümhuriyyət İli” kimi tarixə düşmüş 2018-ci ilin yekunlarına həsr olunmuş iclası, orada səsləndirilən fikirləri, verilən tapşırıq və mesajları ölkəmizin, dövlətimizin, bütövlükdə regionumuzun və dünyamızın inkişafı, düzəni baxımdan çox önəmli və dəyərlidir. Düşünürəm ki, orada səsləndirilən göstəricilər, rəqəmlər heç də adi statistika, quru rəqəmlər deyil, bunların altında böyük işlər, əmək və zəhmət dayanır. Əgər bu işlər həyata keçirilməsəydi, böyük əmək və zəhmət sərf olunmasaydı, ölkəmizin sosial-iqtisadi inkişafı, uğurları, nailiyyətləri də mümkün olmazdı. Eyni zamanda, təbii ki, inkişaf, uğurlar, nailiyyətlər olan yerdə problemlər də olur və olmalıdır. Bu, tək bizdə deyil, dünyanın hər bir yerində belədir. Odur ki, 2018-ci ili  sözün tam və əsl mənasında uğur və inkişaf ili kimi dəyərləndirmək olar...
- Bu yerdə bir məsələdən digər məsələyə, əslində isə bir-biri­lə əlaqəli olan məsələyə keçid edə­rək, bir daha “Cümhuriyyət İli” ilə bağlı fikirlərinizi bilmək istərdik. Bir əsrə yekun vuruldu, bəs, hədəflərə necə, çatıldımı?
- 2018-ci il “Cümhuriyyət İli” kimi tarixə düşdü. Yüz il öncə böyük kişilərin, Azərbaycan aydınlarının, Cümhuriyyət qurucularının fədakarlığı sayəsində ilk müstəqil Azərbaycan dövlətinin əsası qoyuldu, 28 may 1918-ci il tarixində istiqlaliyyətimiz elan edildi. İstiqlaliyyətimiz də sadəcə quru kağız üzərində qalmadı, istiqlal şairimiz Bəxtiyar Vahabzadə demişkən, quru torpaq üzərində, yoxdan dövlət var edildi. Tezliklə işğal altında olan Bakımız Qafqaz-İslam Ordusunun köməyilə yadelli işğalçılardan azad edildi, 15 sentyabr tarixə Bakının azad olunması günü kimi  qızıl hərflərlə həkk olundu, həmin gün “Azərbaycan” qəzeti nəşrə başladı. 7 dekabr tarixində Şərq-müsəlman aləmində ilk parlamentarizmin əsası qoyuldu, Azərbaycan Parlamenti fəaliyyətə başladı, həmçinin 26 iyun tarixində ilk Milli Ordumuzun yaradılmasına başlanıldı, 1919-cu ilin sentyabr ayının 1-də ilk ali təhsil ocağımız - BDU yarandı və s. Ancaq çox təəssüflər olsun ki, daxili və xarici amillər üzündən müstəqilliyimizin ömrü uzun çəkmədi, cəmi 23 ay yaşadı Cümhuriyyətimiz. Ancaq bu dövr, bu mərhələ, ilk Cümhuriyyətimiz tarixdə izini qoydu, imzasını imzalar içində yazdırdı, şərəfli və fəxarətli bir yol keçdi. 71 illik sovetlər hakimiyyəti dönəmində bəzi haqsızlıqlara, ədalətsizliklərə baxmayaraq, Azərbaycan xalqı böyük inkişaf yolu keçdi, xüsusilə də, ümummilli lider Heydər Əliyevin 13 illik hakimiyyəti illərində. Azərbaycan aqrar respublikadan keçmiş İttifaqın ən qabaqcıl respublikalarından birinə çevrildi. Sonra məlum Qarabağ hadisələri ilə vüsət alan milli-azadlıq hərəkatı, həmçinin sovetlər quruluşunun çökməsi nəticəsində Azərbaycan 1991-ci ildə ikinci dəfə müstəqiliyyini əldə etdi və artıq müstəqilliyimizin 28-ci ilini yaşayırıq. Bu illər ərzində görülən işlər, xüsusilə, ikinci istiqlaliyyət illərində həyata keçirilən balanslı, tarazlı, məqsədyönlü siyasət, strategiya müstəqilliyimizin, həm də gələcək inkişafımızın fundamental bazasını təşkil edir.
Bildiyiniz kimi, “Cümhuriyyət İli” çərçivəsində də bir əsrə sığacaq hadisələr yaşandı. 28 may tarixində müstəqilliyimizin 100 illiyi təntənəli şəkildə qeyd olundu, bundan bir gün sonra Cənub Qaz Dəhlizinin açılışı oldu. Uğurlu Cünnüt əməliyyatı keçirildi, 26 iyul tarixində Milli Ordumuzun 100 illiyi Hərbi Paradla qeyd edildi. Həmçinin, iyun ayında “ikinci qan damarı” adlandırlan TANAP-ın açılışı oldu, avqust ayında Xəzərin hüquqi statusunu müəyyənləşdirən Aktau Konvensiyası imzalandı. 15 sentyabrda Bakımızın işğaldan azad edilməsinin 100 illiyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə və möhtəşəm paradla  qeyd edildi. 21 sentyabrda Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə Milli Məclisdə təntənəli şəkildə iclas keçirildi. Bunun ardınca, oktyabr ayında Azərbaycan-Türkiyə qardaşlığının növbəti ifadəsi kimi,  Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “STAR” neft emalı zavodu işə salındı. Həmçinin, il ərzində ölkə rəhbərinin həm regionlara, həm xarici ölkələrə, Böyük Britaniyaya, Fransaya, Rusiyaya, Belarusa, Türkmənistana tarixi səfərləri oldu, o cümlədən  Almaniya, İtaliya, Rusiya liderlərinin ölkəmizə tarixi səfərləri baş tutdu. Bu səfərlərdə də ölkələrimiz, xalqlarımız üçün mühüm əhəmiyyət daşıyan çoxsaylı sazişlərə imza atıldı. Həmçinin, regionlara səfərlər zamanı çoxsaylı müəssisələrin açılışları reallaşdırıldı, yeni iş yerləri açıldı. “ASAN”-dan sonra vətəndaşların məmnunluğunu təmin etmək üçün növbəti qurum - “DOST” yaradıldı, ölkədə 11 aprel seçkilərindən sonra yeni hökumət formalaşdırıldı. Yəni, 2018-ci ildəki hadisələri sadalamaqla bitirmək mümkün deyil. Hamısı tarixi, əzəmətli hadisələrdir. Bunlar həm də müstəqilliyimizin bazası və gələcək təminatı olan hadisələrdir. Hamımız bunlarla bir vətəndaş kimi fəxr edirik, qürur hissi keçiririk.
- Yenidən ötən ilin yekunları ilə bağlı iclasa qayıdaraq, fikirlərinizi bir qədər də konkretləşdirməli olsaq, rəqəmlərə istinad etsək, nələri qeyd etməyə dəyər?
- Ən əsası onu vurğulamaq istərdim ki,  dünyada 2008-ci ilin payızından başlayan və hələ də davam edən maliyyə-iqtisadi böhranının davam etməsinə, qlobal kataklizmlərin ölkə iqtisadiyyatlarına böyük zərbələr vurmasına, sülhün, təhlükəsizliyin təmin edilməsi əvəzinə dünyadakı supergüclər tərəfindən yeni-yeni münaqişə ocaqlarının yaradılmasına, təhdidlərin artmasına, “Ərəb baharı” adlı  qanlı layihə ilə Suriyanın, Yəmənin, Liviyanın vətəndaş müharibəsi, aclıq və səfalət içində inlədilməsinə, İraqda, Əfqanıstanda, digər yerlərdə hələ də qanların axıdılmasına, o cümlədən 31-ci ilini başa vuran və Ermənistan, onun açıq-gizli himayədarlarının dağıdıcılıq əməlləri üzündən Qarabağ münaqişəsinin həllini tapmamasına rəğmən, Azərbaycan bu kataklizmlərdən, təhdidlərdən ötüşməyi bacara bilib. Özü də nəinki bacara bilib, hətta sürətli və dinamik inkişaf xəttini davam etdirib, regionun təhlükəsizlik, sabitlik və inkişaf adası olmaqda davam edib. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. İl ərzində biz 32 pillə irəliyə getmişik.  Həmçinin, bizim bütün iqtisadi göstəricilərimiz çox müsbətdir. Ümumi daxili məhsul (ÜDM), yəni iqtisadi artım keçən il Azərbaycanda 1,4 faiz olub ki, bunun özü də yaxşı göstəricidir. Əlbəttə, dövlət rəhbərinin də dediyi kimi, “bu,bizim arzularımızı tam əks etdirmir”, ancaq, eyni zamanda, dünyada gedən proseslərə baxdıqda normal göstəricidir. Ondan daha yaxşı göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da inkişaf 1,8 faizdir. Sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. Bu, onu göstərir ki, sənayeləşmə siyasəti öz gözəl nəticələrini verir. İnflyasiya cəmi 2,3 faizdir, əhalinin pul gəlirləri ötən ildə 9,2 faiz artıb. Əhalinin gəlirləri inflyasiyanı üstələyir. 2017-ci ilə nəzər salsaq görərik ki, o zaman inflyasiya 12 faizdən çox idi, indi isə 2,3 faizdir. Manatın məzənnəsi sabitdir. Kənd təsərrüfatı 4,6 faiz artıb. Ölkə iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub və ən sevindirici hal ondan ibarətdir ki, bu sərmayənin 11 milyard manatı, ondan da çoxu ölkəmizin qeyri-neft sektoruna qoyulan sərmayədir. Bu, onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir. Ötən il, xərclərimizin heç də az olmamasına baxmayaraq, valyuta ehtiyatlarımızı 3 milyard dollar məbləğində artırmağa nail olmuşuq.  Bu gün ölkəmizin valyuta ehtiyatları 45 milyard dollara bərabərdir.  Bununla yanaşı, xarici borc 22,8 faizdən 19 faizə düşüb...
- Xarici borcdan, borclanmadan söz düşmüşkən, bu, gələcəkdə ölkəmizi iqtisadi cəhətdən növbəti çətinliklərlə, iqtisadi risklər və təhlükələrlə üz-üzə qoya bilməz ki? Bəzən mediada və müxalif siyasi dairələrdə bununla bağlı narahatlıqlar bildirilir, hətta hökumətə qarşı sərt ittihamlar səsləndirilir...
-Hesab edirəm ki, xarici borcumuzun 22,8 faizdən 19 faizə düşməsi müsbət göstəricidir və növbəti ildə də bu istiqamətdə işlərin görülməsi nəzərdə tutulur ki, onlar da mütləq öz müsbət nəticəsini, effektini verəcək. İkincisi, heç bir dövlət xarici borcdan, borclamandan sığortalanmayıb. Elə ətrafımızdakı ölkələri, post-sovet məkanı ölkələrini və yaxud qardaş Türkiyəni, digərlərini götürək. Onlarda da bu məsələ var və daha kəskin şəkildə. Yəni, indi bizdə bəzilərinin iddia etdiyi kimi, burada hansısa qorxulu, təhlükəli məqamlardan söz gedə bilməz. Onlar sadəcə  konyuktura və populistliklə məşğul olurlar. İddialarında həqiqət və reallıq payı yoxdur.  Qeyd edim ki, bu məsələyə iclas zamanı dövlət başçısı özü də toxundu və qətiyyətli şəkildə bildirdi ki, bu borc yaxın illərdə daha da azaldılacaq. Yəni, dövlət, hökumət səviyyəsində qarşıya vəzifə qoyulub ki, biz bu borcu yaxın illərdə daha da azaldaq. Bu məsələ ilə bağlı  hətta müvafiq proqram da hazırlanıb.
Dövlət başçısının bir daha qeyd etdiyi kimi, biz borcu tədricən azalda-azalda getməliyik.  O, “Düzdür, 19 faiz də indi dünya miqyasında çox gözəl göstəricidir. Elə ölkələr var ki, xüsusilə inkişaf etmiş ölkələr, orada xarici borc ümumi daxili məhsulun 100-120 faizini təşkil edir. Əgər hansısa ölkədə 50 faiz təşkil edirsə, o ölkə sabit, iqtisadi cəhətdən sabit ölkə kimi tanına bilər. Bizdə isə 19 faizdir, mən hələ bunu çox görürəm. Hesab edirəm ki, bu, daha da düşməlidir və düşəcəkdir. Əlbəttə, əgər xarici borcumuzu valyuta ehtiyatlarımızla müqayisə etsək görərik ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni, istənilən vaxtda biz xarici borcu tam ödəyə bilərik. Bu, bizim siyasətimizi əks etdirir, onu göstərir ki, biz baxmayaraq ki, bir çox kreditlər ala bilirik, ancaq mən göstəriş vermişəm, kreditlərin alınması məhdudlaşdırılsın”, - deyərək  kredit almağa ehtiyac olmadığını,  sadəcə texnoloji tutumlu layihələrlə bağlı istisna hal kimi müəyyən məbləğdə kredit alınmasının mümkünlüyünü sözlərinə əlavə etdi.
Bunun özü bir daha onu sübut edir və onu tam qətiyyətlə söyləməyə əsas verir ki, xarici borc məsələsindən bəhanə gətirib dövlətin, hökumətin, hakimiyyətin üzərinə yürümək cəhdləri tam səmərəsizdir, əsassızdır və perspektivsiz bir yoldur. Bu məsələ ən çox elə dövlətin, ölkə rəhbərinin özünün diqqətində olan məsələdir və bu istiqamətdə də lazımı addım atılır və bundan sonra da atılacaq.
İqtisadi inkişaf göstəricilərimizə onu da əlavə etmək olar ki,  keçən il 118 min daimi iş yeri yaradılıb. İxracla bağlı yaxşı göstəricilər var. İxrac 36 faiz artıb. Ümumi rəqəmi götürsək, ixracımız 19 milyard dollara çatıb. Xarici ticarət balansında müsbət saldo - yəni, ixracın idxalı üstələməsi 8,6 milyard dollar təşkil edir. Bir çox  ölkələrdən fərqli olaraq,Azərbaycanda idxal ixracı üstələyir. Özü də ölkəyə ixracla bağlı daha çox - 8,6 milyard dollar pul gətirilib, nəinki xərclənilib. Əgər buraya xarici turistlərdən gələn vəsaiti əlavə etsək, onda görərik ki, rəqəm daha da artacaq. Onu da bildirməliyəm ki, keçən il ölkəmizə 2 milyon 850 min xarici vətəndaş gəlib ki, bu, 6 faiz artım deməkdir. Aparılan hesablamalara görə, bu xarici qonaqlar ölkəmizə 2 milyard dollar pul xərcləyiblər. Bununla yanaşı, ölkəmizə turizm axınını daha da sürətləndirmək üçün digər zəruri tədbirlər də görülməli, xüsusilə, iaşə-servis xidmətləri dünya səviyyəsinə qaldırılmalıdır. Özünüz də görürsünüz ki, qardaş Türkiyədə turizmlə bağlı hansı böyük uğurlara nail olunub. Bu uğurların əsasında isə son dərəcə müasir və dünya standartlarına cavab verən iaşə, servis, qulluq xidməti dayanır. Artıq Türkiyə bu məsələdə dünya üçün bir örnəyə, nümunəyə çevrilib. Elə bilirəm ki, istər daxili, istər xarici, istər yay, istər qış turizminin inkişafı üçün gözəl imkanlara, təbii sərvətlərə malik olan ölkəmizdə bu istiqamətdə də uğurların, nailiyyətlərin əldə edilməsi mümkündür və vacibdir...
- Son iclasda diqqətçəkən mə­qamlardan biri həm də gömrük və vergi sistemində aparılan is­lahatlarla bağlı məsələ oldu. Qeyd edək ki, parlamentin son payız sessiyasında da vergi sahəsində islahatları dərinləşdirmək məqsədi ilə Vergi Məcəlləsinə bir sıra ciddi dəyişikliklər edildi…
- Bunlar da çox mühüm məqamlardır. Çünki uzun illər idi ki, hər iki sahə ilə bağlı problemlər, cəmiyyəti narahat edən məqamlar mövcud idi və həllini gözləyirdi. Özü də qeyd edim ki, istər gömrük, istərsə də vergi ilə bağlı hələ ötən ilin iyulunda 2018-ci ilin 6 ayının yekunlarına həsr edilmiş iclasda çox ciddi şəkildə bəhs edilmiş, dövlət başçısı tərəfindən çox ciddi tapşırıqlar verilmişdi. Artıq verilən tapşırıqların, xəbərdarlıqların müsbət nəticələri göz önündədir. Kimin nə deməsindən asılı olmayaraq, hər iki sahədə müsbət irəliləyişlər, uğurlar mövcuddur. Ona görə ki həm vergi, həm də gömrük sahələrində artıq yeni yanaşma mövcuddur. Dövlət başıçısının özünün də qeyd etdiyi kimi, “hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyan bu qurumlar indi çox yaxşı işləyir, şəffaflıq, dürüstlük təmin edilir. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır və aparılacaq”. 
Yəni, bu işlərdə əli olan adamlar məsuliyyətə cəlb olunur, vəzifədən kənarlaşdırılır. Bir sözlə, tam sağlamlaşdırma prosesi gedir. Xüsusilə də, vergi sahəsində çox dərin islahatlar aparılır. Hesab edirəm ki, vergi planının yerinə yetirilməsi çox yüksək qiymətə layiq olan məsələdir. Dövlət başıçısı bu məqama toxunarkən “Çünki əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı, beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü. Vergi sahəsində özbaşınalıq hökm sürürdü, bir çox xoşagəlməz əməllər müşahidə olunurdu. Bütün bunlara son qoyulmalı idi və son qoyuldu. Keçən ilin təcrübəsi onu göstərir ki, həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir. Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik”, - deyə qeyd etdi və bir daha qətiyyətli şəkildə bildirdi ki,  bu sahələrdə, istər vergidə, istərsə də gömrükdə tam şəffaflıq və dürüstlük olmalıdır. Bu baxımdan, inanıram və qəti şəkildə əminəm ki, yaxın illərdə istər vergi, istərsə də gömrük sahəsində hamının görmək istədiyi, arzuladığı nəticələrə nail olmaq mümkün olacaq. Çünki bu məsələdə Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin, eyni zamanda, adıçəkilən qurumlara təyin edilən gənc və perspektivli insanların iradəsi, mövqeyi ortadadır.
Həmçinin, qeyd edim ki, ötən ilin nailiyyətlərinin bu il də davam etdirilməsi, uğurlarımızın sırasına daha yenilərinin əlavə edilməsi, inkişafımızda daha böyük zirvələrin fəth olunması gözlənilir. Belə ki,  bu il 400 meqavat gücündə “Şimal-2” elektrik stansiyasının işə düşməsi,  investisiya proqramı çərçivəsində ən azı 1000 kilometr yeni yolun salınması, 80 min hektara suyun verilməsi, təxminən 5000 köçkün ailəsi üçün yeni mənzillərin tikilib istifadəyə verilməsi, 100-dən çox yeni məktəbin tikintisi, 10-a yaxın mərkəzi rayon xəstəxanasının açılışı gözlənilir. Eyni zamanda, bu il daha üç Olimpiya İdman Kompleksinin, beş “ASAN xidmət” mərkəzinin açılması, bununla belə, özünüməşğulluq proqramından ən azı yeddi min ailənin faydalanması gözlənilir. Bunlar həm gözləntilər, həm də tezliklə şahidi olacağımız hadisələrdir, reallıqlardır.
- Son olaraq, bir məsələyə də - 2019-cu ilin “Nəsimi İli” elan edilməsinə də münasibətinizi bilmək istərdik.
- Bu, çox böyük mədəni və tarixi hadisədir. Bildiyiniz kimi, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri İmaddədin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Hələ ötən ilin 15 noyabr tarixində də bununla bağlı dövlət başçısının müvafiq sərəncamı olub. Yəni, onun yubileyinin dövlət səviyyəsində, təntənəli şəkildə qeyd edilməsi qərara alınıb. Odur ki, adıçəkilən iclasda həm 2019-cu ilin “Nəsimi İli” elan edilməsi, ardınca isə bununla bağlı sərəncamın imzalanması Nəsiminin 650 illik yubiliyenə, onun ruhuna, xatirəsinə ən böyük töhfədir. Bu, həm də Azərbaycan dövlətinin, ölkə prezidentinin sözə, söz adamlarına, yaradıcılığa, mütəfəkkirlərimizə, örnəklərimizə verdiyi dəyərin, qiymətin daha bir və əyani sübutu, nümunəsidir. Buna görə hər birimiz dövlət rəhbərinə öz dərin minnətdarlığımızı bildiririk.
Ölkələrin inkişafı, qüdrəti təkcə onların iqtisadi, hərbi gücləri ilə ölçülmür, həm də milli sərvətləri, dahiləri, mütəfəkkirləri, parlaq, aydın təfəkkürlü ziyalıları ilə ölçülür. Çox xoşbəxt xalqıq ki, bizim də həm təbii, həm mənəvi milli sərvətlərimiz çoxdur. Dünyaya səs salan Nizami, Xaqani, Füzuli, Xətai, Nəsimi, Üzeyir bəy Hacıbəyov, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Müslüm Maqomayev, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Rəşid Behbudov, Yusif Məmmədəliyev, Ziya Bünyadov, Toğrul Nərimanbəyov, Lütfi Zadə, Tahir Salahov kimi böyük mütəfəkkirlərimiz var. Onlar bizim milli kimlik pasportumuzdur. Odur ki, onların daim xatırlanması, anılması, tədqiq edilməsi, yayılması lazımdır və vacibdir. Bu, bizim onlar qarşısında övladlıq, vətəndaşlıq, vəfa borcumuzdur.

 

Müsahibəni apardı:
Kamil HƏMZƏOĞLU

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır