AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
19.09.2019

Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik

 

XX əsrdə və iki əsrin qovşağında Azərbaycanın iqtisadi-siyasi tarixinin ən mühüm səhifələrindən biri müstəqil Azərbaycanın neft strategiyası, onun hazırlanması və reallaşması ilə bağlıdır. Akademik Ziyad Səmədzadənin oxuculara təqdim etdiyi bu yazı son 25 il ərzində “Əsrin müqaviləsi”nin gerçəkləşməsi və bu fonda Azərbaycanın iqtisadi qüdrətinin artmasından bəhs edir.
Yazıda əksini tapmış hadisələr xronologiya ilə verilir. Bu xronologiya bizim tariximizdir. 2001-ci il oktyabrın 2-də Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev demişdir:
“...Bizim bu on illik tariximiz yazılmalıdır. Bəlkə də bu on ilin gündəliyi yazılmalıdır. Hansı gün nə olub, Azərbaycan hansı gün nə vəziyyətdə olubdur, hansı gün nə fəlakət qarşısında olubdur. Çünki bu dövr, zaman gələcək, Azərbaycan müstəqil bir dövlət kimi daha da möhkəmlənəcək, iqtisadi cəhətdən inkişaf edəcək, Azərbaycan möhkəm və qüdrətli bir dövlət olacaqdır. Ancaq gələcək nəsillər də gərək bunu unutmasınlar. Ona görə də bu on il təhlil edilməlidir...”.
Müəllif bu fikri əsas tutaraq, Azərbaycan iqtisadiyyatının inkişafında mühüm bir mərhələ olan “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar, müqavilə bağlanan andan bu günümüzə qədər əsas hadisələri işıqlandırmağa çalışıb.

“Əsrin müqaviləsi”nin bağlanması ərəfəsində neft-qaz hasilatında vəziyyət

Azərbaycan dövlətinin müstəqillik tarixinin ən taleyüklü məsələsi, iqtisadi müstəqilliyinin təmin edilməsinin ən başlıca amili ölkənin zəngin təbii sərvətlərindən istifadə ilə bağlı müəyyən edilən neft strategiyasıdır. Bu strategiyanın ana xəttini “Əsrin müqaviləsi” təşkil edir.
Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əliyev prezident səlahiyyətlərini icra etdiyi andan dünyanın aparıcı neft şirkətlərinin ölkəmizə marağı xeyli artdı. 1993-cü ilin iyun ayının əvvəllərində Amerikanın “Amoco Caspian Sea Petroleum” neft şirkətinin prezidenti Robert Blanton bildirdi ki, Azərbaycan hökuməti ilə müvafiq müqavilə imzalanacağına ümid edir.
Heydər Əliyev onu da nəzərə çatdırırdı ki, Azərbaycan xüsusilə neft sahəsinə Qərbin investisiya yatırmasında maraqlıdır. Həmçinin onu da bildirirdi ki, Azərbaycan hökumətinin Qərb şirkətləri ilə danışıqlar haqqında son qərarı ləngimə deyil, yeni hakimiyyətin imzalamalı olduğu müqavilənin məzmunu ilə ətraflı və müfəssəl tanış olmaq arzusundan irəli gələn addımdır: Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra neft ilk dəfə Azərbaycan xalqının əsl sərvəti olmuşdur. Bununla birlikdə, heç kəs şübhə etməməlidir ki, burada təmsil olunmuş bütün xarici şirkətlərin Azərbaycanın neft yataqlarının işlənməsində iştirakı təmin olunacaq və onların maraqlarına riayət ediləcəkdir.
Təbii resurslar bu günədək iqtisadi inkişafın faktiki olaraq əsas təməli kimi qəbul olunur. Eyni zamanda, iqtisadi məkanda təbii ehtiyatların mövcudluğu sənaye istehsalının, ümumiyyətlə, iqtisadiyyatın inkişafının güclü amilidir. Dünya təcrübəsi göstərir ki, bu və ya digər ölkənin enerji ehtiyatlarının işlənilməsi onun siyasi müstəqilliyinin, iqtisadi təhlükəsizliyinin və dirçəlişinin qarantıdır. Enerji resurslarının çeşidində isə xam neft hakim mövqe tutur və hələ xeyli müddət belə olacağı şübhəsizdir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz öz neft-qazımıza sahib çıxmaq şansı qazanmışdır. Odur ki, həmin şansın xalqın maraqları, ölkənin iqtisadi qüdrətinin artması, təhlükəsizliyinin qorunması naminə səmərəli istifadə olunması çox məsul vəzifədir. Bu mənada Heydər Əliyev qəti əmin idi ki, ağır vəziyyətdə olan ölkə iqtisadiyyatını dirçəltmək, Azərbaycanın dünyaya inteqrasiyasını təmin etmək üçün ən sanballı vasitə neft ola bilər.
Qərbin neft şirkətləri milyardlarla dollar sərmayəni mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycana yatırmağı riskli hesab etsələrdə, Heydər Əliyevə Azərbaycanı ağır vəziyyətdən qurtara biləcək müdrik və nüfuzlu bir lider kimi inanırdılar.
1994-cü il fevralın 5-də isə Prezident Heydər Əliyev ölkənin neft strategiyasının həyata keçirilməsi zamanı hazırlanan layihələrə dair alim və mütəxəssislərin rəy və təkliflərini öyrənmək üçün ölkənin neftçi alim və mütəxəssisləri ilə görüşdü.
1994-cü il iyunun 6-da Bakıda ilk “Xəzərneftqaz-2000” beynəlxalq sərgisi keçirildi. 11 ölkədən 250 şirkətin iştirak etdiyi sərginin açılışı ilə bağlı keçirilən tədbirdə çıxış edən Heydər Əliyev dedi ki, XX əsrin əvvəllərində dünyada çıxarılan neftin böyük bir hissəsini hasil edən Azərbaycanda indiyədək neft-qaz sərgiləri keçirilməmişdir.
İşin son mərhələsi 1994-cü il iyulun 18-də Hyustonda (ABŞ) başlandı və avqustun ortalarınadək davam etdi. Elə Hyustonda da Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyevin bilavasitə iştirakıyla görülən böyük və gərgin işin nəticəsi olaraq, tərəflərin məsələyə yüksək məsuliyyətlə yanaşması ilə, nəhayət, hər iki tərəfin mənafelərinə cavab verən layihənin son variantı hazırlandı.

 “Əsrin müqaviləsi” və onun mahiyyəti, hasilatın pay bölgüsü

Təntənəli mərasim isə 1994-cü il sentyabrın 20-də “Gülüstan” sarayında keçirildi.
Milli neft strategiyasının təməl sütunu hesab edilən “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 məşhur neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, LUKoyl, Statoil, Exson, Türkiyə Petrolları, Penzoil, İtochy, Ramco, Delta) təmsil edilmişdi. Hasilatın pay bölgüsü belə olmuşdu: LUKOYL – 10 faiz,Statoyl – 8,5633 faiz, İtoçi – 3,920 faiz, TPAO – 6,75 faiz, BP/AMOCO – 34,1 faiz, Delta – 1,68 faiz, UNOKAL – 10,0489 faiz, EXSON – 8,000 faiz, PENZOİL – 4,8175 faiz, RAMCO – 2,0825 faiz, ARDNŞ – 10 faiz.
Əsrin müqaviləsi”nin və onunla əlaqədar zəruri hesab edilən sənədlərin imzalanması Azərbaycanın neft tarixində yeni bir mərhələnin əsasını qoydu. İmzalanan sənədlər içərisində hasilatın pay bölgüsü haqqında saziş böyük əhəmiyyət daşıyır.
“Əsrin müqaviləsi”nin imzalanması mərasimində Azərbaycan Prezidenti Heydər Əliyev çıxış edərək qeyd etdi ki, “bu gün, bu tarixi gündə, Azərbaycanda neftin sənaye üsulu ilə hasil və emal edilməsinə başlandığı dövrdən təxminən 150 il sonra, mən Azərbaycan neftçilərinin bütün nəsillərinə, respublikamızın neft sahəsində çalışan alimlərinin, mütəxəssislərinin, mühəndislərinin və fəhlələrinin hamısına bu dövrdə təbii sərvətlərimizi çıxarıb xalqımızın rifahının müəyyən qədər yaxşılaşmasına səy göstərdiklərinə görə, fədakar əməklərinə görə, böyük elmi kəşflərinə görə təşəkkürümü bildirirəm və onları indiyədək qazandıqları nailiyyətlər münasibətilə ürəkdən təbrik edirəm”.
Respublika rəhbəri bir cəhəti xüsusi olaraq vurğuladı ki, Azərbaycanda neftin sənaye üsulu ilə istehsalına başlandığı vaxtdan indiyədək ölkəmizin ərazisində yerin təkindən quruda və suda 1 milyard 325 milyon ton neft çıxarılmışdır. Xəzərin Azərbaycana aid hissəsində 45 ildə 400 milyon ton neft hasil edilmişdir. Bu müddətdə, eyni zamanda, 400 milyard kubmetrədək qaz çıxarılmışdır: “Bütün bunlar böyük nailiyyətlərdir və gələcəkdə Azərbaycan Respublikasının iqtisadiyyatının, neft sənayesinin inkişafı üçün böyük əsas və təməldir. Biz ötən dövrlərdə nə qədər çox neft çıxarsaq da, nə qədər böyük nailiyyətlər əldə etsək də, bir həqiqəti nəzərə çatdırmalıyıq ki, son vaxtlaradək, yəni Azərbaycanın müstəqilliyi əldə olunan dövrədək xalqımız heç vaxt öz təbii sərvətlərinin sahibi olmamışdır. Azərbaycan Respublikası müstəqil dövlətdir. Azərbaycan xalqı öz təbii sərvətlərinin sahibidir. Bu sərvətlərdən necə istifadə edilməsini xalqımızın özü sərbəst surətdə müəyyənləşdirir...”
Neft yataqlarımızın müştərək işlənməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici ölkələrin aparıcı neft şirkətləri arasında danışıqlar üç il ərzində məhz bu prinsiplər əsasında aparılmışdır.
Müqavilənin imzalanmasını bazar iqtisadiyyatının Azərbaycanda həyata keçirilməsi üçün ilk böyük addım hesab etmək olar. Azərbaycan bu müqaviləni imzalamaqla xaricdən ölkəyə qoyulan investisiyaların çoxalması üçün böyük yol açır, digər sahələrdə çalışan şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradır, müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatında və ictimai-siyasi həyatında hökm sürən sabitliyi dünyaya bir daha nümayiş etdirir.
30 ili nəzərdə tutan müqavilənin imzalanması Azərbaycan Respublikasının həyatında, iqtisadiyyatında və xüsusən neft sənayesində yeni bir mərhələ açır.
Heydər Əliyev bu gün bu təntənəli və möhtəşəm mərasimdə Azərbaycan neftçilərini, Azərbaycan xalqını, bütün Azərbaycan vətəndaşlarını bu əlamətdar tarixi hadisə münasibətilə təbrik etdi. Azərbaycan Dövlət Neft Şirkətinin bu sahədə çalışan nümayəndə heyətinin əməyini, xarici ölkələrin neft şirkətləri konsorsiumunun rəhbərlərini, həmin şirkətlərin işçilərinin ümumiyyətlə, şirkətin bu sahədə gördüyü işləri yüksək qiymətləndirdi, hamısını ürəkdən təbrik etdi.
Heydər Əliyev dedi:
“...Biz bu müqavilə əsasında sıx birləşir, böyük əməkdaşlığa başlayırıq və mən şübhə etmirəm ki, əməkdaşlığımız uğurlu olacaqdır, buna maneçilik törədən bütün qüvvələr dəf ediləcəkdir, müstəqil Azərbaycan Respublikası öz taleyinin, öz sərvətlərinin sahibi kimi, bu əməkdaşlıq sayəsində dünya birliyində, dünya iqtisadi birliyində öz layiqli yerini tutacaqdır.
Sizi, bu mərasimə toplaşanları, bütün bu məsələlərə müsbət maraq göstərənlərin hamısını bir daha ürəkdən təbrik edir, müqavilənin imzalanması üçün xeyir-dua verirəm. Xeyirli olsun, uğurlu olsun. Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə bu müqavilənin bu gün burada imzalanmasını ürəkdən təbrik edirəm”.
“Əsrin müqaviləsi” imzalandıqdan sonra onun reallaşması istiqamətində ciddi tədbirlər həyata keçirildi. Bu tədbirlərdən biri də Bakı-Novorossiysk boru kəmərinin istifadəyə verilməsi ilə bağlı işlərə başlanması hesab edilirdi.
“Əsrin müqaviləsi” çərçivəsində erkən Azərbaycan neftinin, eyni zamanda, iki marşrut üzrə – Rusiya və Gürcüstan əraziləri vasitəsilə nəql olunması haqqında qərar qəbul edilmişdi. Gürcüstan ərazisi boyunca boru kəməri Qara dəniz sahilindəki Supsa limanına qədər gedəcəkdi. Rusiya ərazisindən keçən neft kəməri də Qara dənizdə - Novorossiysk limanında qurtarır.
Uzun danışıqlar aparıldıqdan və texniki, iqtisadi, kommersiya, hüquqi məsələlər müzakirə edildikdən sonra Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşma hazırlandı və Azərbaycan Prezidenti Heydər Əliyev və Rusiya hökumətinin sədri Viktor Çernomırdin tərəfindən Moskvada 1995-ci il oktyabrın 16-da imzalandı.
1996-cı il yanvarın 18-də Moskvada Azərbaycanla Rusiya arasında Azərbaycanın “Azəri”, “Çıraq” və “Günəşli” dəniz yataqlarından erkən neftin Rusiyaya məxsus boru kəməri ilə Qara dənizdəki terminala nəql edilməsi haqqında saziş imzalanıdı. Sazişi Rusiya tərəfindən Baş nazir Viktor Çernomırdin, Azərbaycan tərəfindən Prezident Heydər Əliyev imzaladılar. 1996-cı il fevralın 16-da Bakıda Prezident Sarayında Azərbaycanda çıxarılacaq ilkin neftin Rusiya Federasiyasının ərazisi vasitəsilə nəqlinə dair sənədlərin imzalanması mərasimi keçirildi.

“Dədə Qorqud” qazma qurğusu işə salındı

Xəzərin dərinliklərində yerləşən neft yataqlarında yeni neft quyularının qazılması üçün dünyanın ən müasir qazma qurğularından istifadə olunması obyektiv zərurətdən irəli gəlirdi və bu işdə “Dədə Qorqud” qazma qurğusunun rolu əvəzedilməz idi.
1996-cı il avqustun 24-də “Əsrin müqaviləsi”nin yeni mərhələsi olan “Dədə Qorqud” yarımdalma qazma qurğusu istismara buraxıldı. “Dədə Qorqud” qazma qurğusunun fəaliyyətə başlamasına həsr olunmuş mitinqdə Heydər Əliyev söyləmişdir: “Mən bu qurğuya “Dədə Qorqud” adı verilməsi barədə qərar qəbul etdim. Hesab edirəm ki, hər bir azərbaycanlı üçün bu, müqəddəs və əziz, qurğu üçün ən dəyərli addır”.
“Əsrin müqaviləsi” çərçivəsində neçə-neçə platformalar, neft kəmərləri, qaz kəmərləri tikilmiş, Azərbaycan neftinin və qazının Avropaya, Asiyaya və digər qitələrə çatdırılması təmin olunmuşdu. Güclü infrastruktur yaradılmış, neft sənayesinə müasir texnologiyalar, idarəetmə təcrübəsi gətirilmiş, respublikanın neft donanması, dəniz neft sənayesinin infrastrukturu yenidən qurulmuşdu. Onlardan bir neçəsini qeyd edək.
1997-ci il noyabrın 12-də “Çıraq-1” platformasından ilk neft əldə edilmişdi
Bu platformanın nefti 176 km-lik sualtı kəmərlə Səngaçal terminalına, əlavə qaz isə 48 km-lik sualtı kəmərlə Neft Daşlarının qaz-kompressor stansiyasına, oradan da sahilə ötürülməyə başlanmışdı.
Onu da qeyd etməliyik ki, Qərbdə enerji resurslarına ehtiyac duyan bir çox ölkələr Xəzər neftinə maraq göstərir, o cümlədən Xəzər neftinin ixracı layihələrinə qoşulmaq istəyirdilər. Belə ölkələr sırasında Ukrayna, Polşa, Bolqarıstan və Rumıniya da var idi. Heydər Əliyevin fikrincə, bütün bunlar onu göstərirdi ki, boru kəmərlərinin bir deyil, bir neçə alternativ marşrutu çəkilməlidir ki, bu da öz növbəsində hərtərəfli, ölçülüb-biçilmiş qərarlar qəbul olunmasını tələb edirdi.

Üzən qazma qurğusu“İstiqlal” Azərbaycanın istiqlaliyyətinə sədaqətlə xidmət edəcəkdir

1998-ci il sentyabrın 2-də “İstiqlal” qazma qurğusu işə salındı. XX əsrin 70-80-ci illərində dənizdə neft və qaz yataqlarının işlənilməsi, suyun dərinliklərində olan yataqlardan neft hasil etmək üçün yeni qurğuların, cihazların, texnikanın yaradılması zərurəti meydana çıxmışdı. Bu məqsədlə “Şelf-1” üzən qazma qurğusu, sonra isə ardıcıl olaraq “Şelf-2”, “Şelf-3”, “Şelf-4” və “Şelf-5” qazma qurğuları tikilib istifadəyə verilmişdir. Dənizin dərin qatlarından neft hasil etmək üçün daha mütərəqqi texnologiyalar əsasında yaradılmış qurğulara ehtiyac vardı.
“Şelf-2” üzən qazma qurğusu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən ARDNŞ ilə birlikdə modernləşdirilmiş və Xəzər dənizində “Dədə Qorqud” adı ilə istismara verilmişdi. “Şelf-5” üzən qazma qurğusu isə bərpa olunaraq modernləşdirildikdən sonra “İstiqlal” qazma qurğusu adı altında istismar olunmağa başlanmışdı.
“Şelf-5” qazma qurğusunun işə salınması münasibətilə keçirilən mərasimdə dövlət başçısı Heydər Əliyev demişdi: “Bilirsiniz ki, bir neçə vaxt bundan əvvəl biz böyük qazma qurğusunun bərpa olunub modernləşdiriləndən sonra işə başlamasını təntənəli surətdə qeyd etdik və ona «Dədə Qorqud» adı verdim. Bu adı mən vermişəm. Nə üçün «Dədə Qorqud»? Çünki Qorqud bizim ulu babamız, dədəmizdir, tarixi kökümüz, soyumuzdur. İkinci qazma qurğusuna «İstiqlal» adı verərkən, bununla mən keçmişimizi bu günümüzlə daha da sıx bağlamaq arzusunda, istəyində olmuşam. Bizim tarixi keçmişimiz Dədə Qorquddur, bu günümüz, gələcəyimiz isə əbədi müstəqillikdir, istiqlaliyyətdir. Mən əminəm ki, bu üzən qazma qurğusu «İstiqlal» adını şərəflə daşıyacaq, onun ömrü uzun olacaq və daim Azərbaycan xalqının iqtisadiyyatının inkişafına, Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşmasına, Azərbaycanın istiqlaliyyətinə sədaqətlə xidmət edəcəkdir”.
“İstiqlal” qurğusunun işə salınması bir daha sübut etdi ki, qısa müddət ərzində beynəlxalq aləmdə Azərbaycana qarşı olan mənfi rəyi dəyişmək, dağılmaqda olan bir ölkəni dünyanın maraq mərkəzinə çevirmək, dünyanın ən məşhur şirkətlərini ölkəmizə külli miqdarda investisiya qoymağa təşviq etmək, bütün siyasi maneələrə baxmayaraq, əsrin ən böyük layihələrindən birini reallaşdırmaq kimi möhtəşəm uğurlara yalnız Heydər Əliyev nail ola bilərdi. 

“Qurtuluş” qazma qurğusu

2000-ci il avqustun 29-da Bakıda Azərbaycanın həyatında daha bir əlamətdar tarixi hadisə baş verdi - yeni “Qurtuluş” qazma qurğusu istismara verildi. 175 milyon dollar vəsait sərf olunmuş bu qazma qurğusunun istismara verilməsinin Azərbaycan üçün böyük əhəmiyyəti vardır. Bu layihə bir daha sübut etdi ki, Azərbaycan xalqı, neftçiləri, mühəndisləri, mütəxəssisləri, fəhlələri nə qədər yüksək səviyyədədirlər və nə qədər böyük işlər görməyə qadirdirlər. Eyni zamanda, bu qurğunun tikilməsi ilə 1000-dən artıq insan yüksək əməkhaqqı verilən yeni iş yeri qazandı.
Qurğunun istismara verilməsi ilə bağlı keçirilən təntənəli mərasimdə çıxış edən Heydər Əliyev demişdir:
“Bu gün istismara verdiyimiz yeni qurğuya isə “Qurtuluş” adı verilmişdir. Bunun da böyük əhəmiyyəti vardır. Nə üçün “Qurtuluş”? Qurtuluş Azərbaycan xalqının azadlığa çıxması deməkdir. Qurtuluş son illərdə Azərbaycan xalqının başına gəlmiş bəlalardan çıxması deməkdir. Qurtuluş 1993-cü ildə Azərbaycanda yaranmış vətəndaş müharibəsindən qurtulmaq deməkdir. Qurtuluş Azərbyacanın parçalandığı zaman onun parçalanmasının qarşısını almaq deməkdir. Qurtuluş Azərbyacanın müstəqilliyi, azadlığı deməkdir. Ona görə də bu qurğu “Qurtuluş” adını daşıyır”.

Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri layihəsi: ilkin danışıqlar, rəylər, mövqelər, Ankara, İstanbul bəyannaməsi, Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi

Azərbaycan dövləti bütün imkanlardan istifadə etmək üçün düşünülmüş, müstəqil siyasət yeridərək maraqlı tərəflərlə strateji əməkdaşlığı genişləndirərək onların həllinə nail olurdu.
Tarix göstərir ki, güclü neft ehtiyatları olan ölkələr həmişə təzyiqlərə məruz qalmış, mənafelərini qorumaq uğrunda imkanları daxilində mübarizə aparmışlar.
Lakin bu mübarizədə onlar heç də həmişə qalib gəlmirlər. Bu gün Azərbaycan müstəqil dövlət kimi öz sərvətlərinin sahibidir və həyata keçirdiyi neft strategiyasının ölkənin müstəqilliyinin möhkəmlənməsinə, sosial-iqtisadi dirçəlişinə xidmət etməsi üçün əlverişli imkanlar yaranmışdır.
1998-ci il yanvarın əvvəlində Bakının ətrafında Dübəndi dəmiryol neft terminal kompleksi istifadəyə verildi. Bununla xam neftin Xəzər dənizi vasitəsilə tankerlərlə Bakıya, oradan isə dəmiryolu və boru kəməri ilə Gürcüstanın Qara dəniz limanlarına daşınması təmin edildi. Bu terminalın işə salınması Qafqaz regionu vasitəsilə Avrasiya nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi üçün də böyük əhəmiyyət kəsb edirdi.
Ümumiyyətlə, Dübəndi terminalının fəaliyyətə başlaması Azərbaycanın neft ixracında vacib mərhələlərdən biri olmuş, xam neftin ixrac imkanlarını artırmışdır. Bu isə sonrakı illərdə tikintisi başa çatdırılan neft kəmərləri fəaliyyətə başlayanadək ölkə neftinin nəqlində önəmli rol oynamışdır.
1998-ci il fevralın 13-14-də Heydər Əliyev Türkiyədə işgüzar səfərdə oldu. O, Türkiyənin Nərgiz TV telekanalına verdiyi müsahibəsində demişdi: “Bakı-Ceyhan marşrutu ilə strateji neft kəmərinin çəkilməsi haqqında qərarı şəxsən mən qəbul etmişəm. Bizdən asılı olan nə vardısa, hamısını yerinə yetirmişik”.
1998-ci il oktyabrın 29-da isə Ankarada Türkiyə Böyük Millət Məclisinin binasında Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan prezidentləri və ABŞ-ın Energetika naziri tərəfindən Bakı-Tbilisi-Ceyhan marşrutu ilə əsas ixrac neft kəmərinin çəkilməsini dəstəkləyən “Ankara Bəyannaməsi”nin imzalanması ilə bu layihənin ilkin razılaşması əldə olundu.
29 oktyabr 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov öz ölkələrində neft və qaz ehtiyatlarının hasilatı və istehsalı, bir neçə boru kəməri vasitəsilə bu ehtiyatların dünya bazarlarına təhlükəsiz nəql edilməsi imkanlarını qiymətləndirərək, habelə bu məsələlər barədə təxirə salmadan qərar qəbul edilməsi zəruriliyini nəzərə alaraq bu bəyannaməni imzaladılar.
Bəyannamənin imzalanması mərasimində çıxış edən Heydər Əliyev bildirmişdir:
“Bakı-Ceyhan layihəsinin reallaşdırılması Azərbaycan üçün strateji əhəmiyyətə malikdir, çünki bu layihə onun ölkəsini dünya iqtisadiyyatı ilə möhkəm bağlayacaq və gənc dövlətin möhkəmlənməsində müstəsna rol oynayacaqdır. Sazişlər paketi ərazisindən neft kəmərinin keçəcəyi ölkələrdən hər birinin maraqlarını, hüquqlarını və vəzifələrini müəyyən edir və nizamlayır.
Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi Azərbaycanın dünyanın transmilli şirkətləri ilə əlaqələrinin genişləndirilməsi üçün müstəsna əhəmiyyət kəsb edəcəkdir. O vaxt ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev “Bakı-Tbilisi-Ceyhan” layihəsinin əhəmiyyətini belə qeyd etmişdir: “Bu gün Azərbaycanın əsas ixrac boru kəməri kimi niyə məhz Bakı-Tbilisi-Ceyhan istiqamətini seçməsini izah etməyə lüzum yoxdur. Bəzi hökumətlərin və şirkətlərin bu prosesə siyasi don geyindirməyə çalışmasına baxmayaraq, bizim seçimimiz ölkəmizin Azərbaycanda fəaliyyət göstərən şirkətlərlə uzunmüddətli iqtisadi əlaqələri ilə bağlıdır”.
Onu göstərmək kifayətdir ki, “1994-1999-cu illərdə Azərbaycana 5 milyard dollar sərmayə qoyulmuş, nüfuzlu Qərb şirkətlərinin iştirakı ilə 19 müqavilə imzalanmışdı. İmzalanan müqavilələrdə 30 dövlətin nüfuzlu şirkətləri iştirak edir. Yəni, biz Amerika Birləşmiş Ştatları ilə geniş əməkdaşlıq edirik. İndi Azərbaycanda Amerikanın 100-dən çox şirkəti işləyir”.
Bakı-Supsa Neft Kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan neftinin dünya bazarlarına çıxarılması
 1999-cu il aprelin 17-də Bakı-Supsa neft kəməri istifadəyə verildi. Bu, Bakı-Haşuri boru kəmərinin bazasında qurulmuşdu və Azərbaycan neftinin dünya bazarına çıxarılmasında alternativ marşrut idi. 833 km-lik kəmər (Azərbaycan ərazisində - 480 km) dünya standartlarına uyğun müasir nəqliyyat sistemidir. Ötürmə qabiliyyəti ildə 5,75 mln. ton olan bu neft kəmərinin istifadəyə verilməsi ilə Azərbaycandan neft ixracının etibarlığı və çevikliyi təmin olundu, Xəzər-Qara dəniz nəqliyyat dəhlizi ilə enerji resurslarının ixracının və onların Azərbaycan və Gürcüstan ərazilərindən tranzitinin əsası qoyuldu.
“Neftin hasilatına və ixracına dair böyük bir layihənin - Bakı-Supsa neft kəməri layihəsinin həyata keçirilməsinə dörd ildən bir qədər artıq müddətdə müvəffəq ola bilmişik. Təbii ki, bunların hamısı ümumi səylərin nəticəsidir. Beləliklə, 1994-cü ildə başlanmış işlər artıq öz praktiki nəticələrini verir. Nefti dünya bazarlarına daşımaq üçün yaradılmış gözəl şərait uğurlarımızın daimi olacağından xəbər verir.
1999-cu il aprelin 24-də Amerika Birləşmiş Ştatlarinin Prezidenti Bill Klinton Ağ evdə Heydər Əliyevlə görüşündə ona demişdi: “Siz bizə çox lazımsınız. Qafqazda və Mərkəzi Asiya regionunda sülhün və sabitliyin bərqərar olmasında sizin xidmətlərinizi yüksək qiymətləndiririk.
Bakı-Supsa boru kəmərinin istismara verilməsi münasibətilə Sizi təbrik edirəm. Xəzərin zəngin ehtiyatlarının dünya bazarlarına alternativ yollarla ixrac olunması region dövlətlərinin müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaqdır.”
1999-cu il iyulun 12-də Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz» yatağından əldə edilmiş nəticələrin təqdimat mərasimi keçirildi.
Dövlət başçısı bu yatağın əhəmiyyətindən danışaraq bildirir:“Şahdəniz» Azərbaycan alimləri, neftçiləri, geoloqları tərəfindən kəşf olunan yataqlar içərisində ən böyüklərindən biridir... Çox tanınmış ekspertlərin fikrincə, «Şahdəniz» yatağı dünya əhəmiyyətli yataqdır… Onun ehtiyatları barədə proqnozlar əsaslıdır. Bu, Azərbaycan neftçilərinin, alimlərinin, Azərbaycan geoloqlarının nə qədər yüksək səviyyəli biliyə malik olduqlarını sübut edən elmi nəticələrdən biridir.
Heydər Əliyev deyir:
“Demək, beləliklə, biz indi yeni bir mərhələyə keçirik. Neft kəmərləri ilə yanaşı, Azərbaycandan dünya bazarına qaz ixrac etmək üçün də boru kəməri tikməliyik və bu işə başlamalıyıq. Bir daha deyirəm ki, bu kəmər də Bakı-Gürcüstan-Türkiyə istiqamətində olmalıdır. Beləliklə, «Əsrin müqaviləsi»ndən sonra ikinci böyük müqavilədir ki, biz qısa bir müddətdə bunun gözəl nəticələrini görürük.
 Azərbaycanın gələcəyinə nəzər salın. İmzalanmış bütün müqavilələr üzrə Azərbaycana 60 milyard dollar sərmayə qoyulacaqdır. Təsəvvür edin, bu sərmayələr birinci növbədə həmin sərmayəçilərə, xarici ölkələrin şirkətlərinə və Azərbaycana nə qədər böyük sərvətlər gətirəcəkdir. Mən buna beş il bundan əvvəl də inanırdım, bu gün də inanıram”.

İlk uğurlar, nəticələr

1999-cu il sentyabrın 20-də Gülüstan sarayında» Əsrin müqaviləsi»nin beşinci ildönümünə həsr edilmiş mərasim keçirildi. Tədbirdə çıxış edən Prezident Heydər Əliyev bildirdi ki, «Əsrin müqaviləsi» məhz Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasından irəli gəlmiş bir tarixi hadisədir. Biz yalnız müstəqil dövlət olandan sonra dünyanın müxtəlif ölkələri, neft şirkətləri ilə sərbəst, heç kəsdən asılı olmayaraq danışıqlar aparmaq imkanı əldə etmişik və bu sahədə gördüyümüz işlərin ən görkəmlisi, ən böyüyü, ən mühüm tarixi əhəmiyyət kəsb edəni «Əsrin müqaviləsi»nin hazırlanıb imzalanması idi. Bu gün təntənəli mərasimdə artıq deyildi ki, bu müqavilənin hazırlanması ilə biz nə cür ağır şəraitdə məşğul olmuşuq, daxili və xarici qüvvələrin yaratdığı nə qədər çətinliklərlə rastlaşmışıq. Ancaq biz iradə və əzm göstərmişik, risk etmişik və «Əsrin müqaviləsi»ni nizamlamağa nail olmuşuq.
Onu da heç vaxt unutmamalıyıq ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə ictimai-siyasi sabitliyin təmin edilməsi, respublikamızda vətəndaşların rahat yaşaması üçün lazımi şərait yaradılması, xarici şirkətlər üçün əlverişli investisiya mühitinin formalaşması neft strategiyasının uğurla reallaşmasının əsasını təşkil edir. Bu o deməkdir ki, «Əsrin müqaviləsi»ndən sonra imzaladığımız müqavilələr daha da gözəl nəticələr verəcəkdir.
«Şahdəniz» yatağında aşkar olunan qaz ehtiyatları və əldə etdiyimiz gözəl nəticələr bunu aydın göstərir.
Biz böyük işin başlanğıcındayıq. Bu gün gördüyümüz bütün işlər, «Əsrin müqaviləsi» ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır. Bu beş il müddətində bizimlə əməkdaşlıq edənlərin hamısına bir daha təşəkkür edirəm.
Bu bayram gününü bizimlə qeyd etmək üçün Azərbaycana gəlmiş dövlət nümayəndə heyətlərinə təşəkkür edirəm və minnətdarlığımı bildirirəm. Hamınıza gələcək işlərinizdə uğurlar arzulayıram”.

70 yaşlı Neft Daşları

Açıq dənizdə yerləşən nadir Neft Daşları yatağının kəşf edilməsi dünya neftçıxarma sənayesinin inkişafında böyük hadisə olub.
1999-cu il noyabrın 7-də Azərbaycan dəniz neft sənayesinin 50 illik yubileyi böyük bayram kimi qeyd olundu. Bununla əlaqədar Prezident Heydər Əliyevin imzaladığı sərəncamda qeyd olunurdu ki, dənizdə neft və qaz hasilatının ilk cığıraçanları olan Azərbaycan neftçiləri dünya neft sənayesinin inkişafına çox böyük töhfə veriblər. XX əsrin əvvəllərində dəniz yataqlarının işlənməsi üçün Azərbaycan neftçilərinin yaratdıqları texniki baza onların bir çox nəsillərinin səyləri ilə daim təkmilləşdirilib. Hələ 20-30-cu illərdə ağac dirəklər üzərində qurulan Bibiheybət buxtası neft mədənində tətbiq edilən ada tipli qurğulardan Pirallahı adasına bitişik dəniz sahələrində tikilən nəhəng metal özüllərədək çox böyük bir yol keçilib. Sərəncamda, həmçinin Azərbaycan dəniz neft sənayesinin 50 illiyinə həsr olunmuş yubiley tədbirlərinin keçirilməsi ilə əlaqədar Baş nazir Artur Rasizadənin sədrliyi ilə geniş tərkibdə təşkilat komitəsinin yaradılması nəzərdə tutulmuşdu.
1949-cu il noyabrın 7-də dənizdə ilk neft fontanının vurması ilə dünya neft sənayesinin inkişafında yeni dövr başlanıb. Burada çox mürəkkəb şəraitdə on kilometrlərlə uzanan estakada qurğuları və neft-mədən təsərrüfatı obyektləri tikilib, əlahiddə dəniz özüllərindən topa halında maili quyular qazılması metodu ilk dəfə tətbiq edilib, lay təzyiqinin saxlanması və dəniz şəraitində neftçıxarmanın intensivləşdirilməsi sistemi təşkil edilib, sualtı boru kəmərlərinin çəkilməsi, neftin və qazın sahilə nəql edilməsi məsələləri həll olunub.
Dənizdə neft hasilatının təşkili və bu sahənin dinamik inkişafı bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı ən ağır və mürəkkəb çətinlikləri aradan qaldırmağa qadir olan əməksevər xalqdır. Dənizdə qısa bir dövr ərzində, sözün əsl mənasında, əfsanəvi bir şəhər yaradılmışdır. Qeyri-adi şəraitdə onun sosial infrastrukturu təşkil edilmişdir.
Azərbaycan dünyada neft akademiyası kimi şöhrət qazanmışdır. Şübhəsiz ki, respublikanın güclü elmi-texniki potensialı olmasaydı, dənizdə neft-qaz hasilatını təşkil etmək olmazdı. Ona görə də biz bu gün də, sabah da neft sahəsində xüsusi xidmətləri olan alim və mühəndislərə, habelə bütövlükdə neftçilər ordusuna minnətdar olmalıyıq. Məhz Azərbaycanın neftçi alimləri birincilər sırasında Sovet İttifaqının ən ali mükafatlarına layiq görülmüşlər.Təbii ki, Sovet İttifaqı qapalı bir sistem olmasaydı, Azərbaycanın neftçi alimlərinin tədqiqatları dünyaya daha geniş yayılardı. Azərbaycan neftçiləri öz cəsarəti, professionallığı, təşəbbüskarlığı, əməksevərliyi, eyni zamanda, təvazökarlığı ilə həmişə fərqlənmişlər və indi də fərqlənirlər. Onların bu keyfiyyətləri xaricdə də etiraf olunur. Söhbətlərinin birində peşəkar neftçi-geoloq Xoşbəxt Yusifzadə demişdi ki, Qərbin texnikası, avadanlığı bizdə olsaydı, bizim neftçilər daha böyük uğurlar qazanardı. Böyük məna daşıyan bu fikirlə razılaşmamaq olmaz.

* * * *

Azərbaycan nefti dünya bazarına Bakı-Tbilisi marşrutu ilə çıxarılmalıdır. Məhz bu qətiyyətli mövqeyin sayəsində Azərbaycan nüfuzlu Qərb şirkətlərinin etimadını qazandı və ona görə də BTC ilə bağlı çoxsaylı müqavilələr imzalandı.
2001-ci il sentyabrın 29-da daha bir sənəd - “Şahdəniz” yatağından çıxarılacaq Azərbaycan qazının Gürcüstan ərazisi ilə Türkiyəyə nəqli haqqında hər iki dövlətin iqtisadi qüdrətinin artması, xalqlarının faydalanması üçün böyük fayda verəcək saziş imzalandı. İki dövlət başçısı bununla bağlı birgə bəyanat imzaladılar.
Heydər Əliyev bu münasibətlə keçirilən mərasimdə dedi:
“Hesab edirəm, əgər gürcü xalqı ilə Azərbaycan xalqı arasındakı münasibətləri böyük tarixi səpkidə nəzərdən keçirsək, görərik ki, bu, qonşu olaraq, birlikdə olaraq dostluq, həmrəylik və qarşılıqlı anlaşma şəraitində necə yaşamağa layiqli nümunədir. Görünür, bunun səbəbi odur ki, gürcü xalqı da, Azərbaycan xalqı da həmişə sülhsevər olmuşlar, həmişə başqa xalqlara xoş münasibət hissləri bəsləmişlər, bir-birinə həsəd aparmamışlar, bir-birinə qarşı hər hansı əsassız iddialar irəli sürməmişlər, onların arasında heç bir münaqişə olmamışdır. Bu gün biz deyəndə ki, Qafqaz, Cənubi Qafqaz hərbi münaqişələrlə və ayrı-ayrı dövlətlər tərəfindən olan digər hərəkətlərlə əlaqədar qeyri-sabitlik, narahatlıq dövrü keçirir, biz böyük iftixar hissi ilə deyə bilərik ki, bütün bunlar şərəfli, vicdanlı xalqlara yaddır. Gürcü və Azərbaycan xalqları məhz belə xalqlardır”.
Biz həmin mövqedə möhkəm dayanaraq, çətinlikləri dəf edərək, bu yolla ardıcıl surətdə irəlilədik və artıq konkret nəticələrə nail olduq.
2002-ci il iyunun 22-də İstanbulun “Konrad” hotelində “Üç dənizin əfsanəsi” konfransı keçirildi. Tədbirdə Azərbaycan Prezidenti Heydər Əliyev, Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Ukrayna Prezidenti Leonid Kuçma, Rumıniya Prezidenti İon İliyesku, Gürcüstan Prezidenti Eduard Şevardnadze iştirak etdilər. Mərasimdə çıxış edən Heydər Əliyev nəzərə çatdırdı ki, bu tədbirin keçirilməsinin istinad nöqtəsi 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”dir. Azərbaycan müstəqillik qazandıqdan sonra Qara dənizə bir neçə neft kəməri - Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri çəkilmişdir. Lakin həmin kəmərlər Azərbaycanı qane etmirdi, bu səbəbdən yeni bir kəmərin çəkilməsinə ehtiyac yaranmışdı.
Heydər Əliyev dedi:
“Biz Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında hələ 1994-cü ildən düşünürdük. Amma o vaxtlar buna inanan çox az idi. Mane olanlar da çox idi və bu günə qədər də bəziləri hesab edirlər ki, bu, xəyaldır. Yaxud da deyirlər ki, Bakı-Tbilisi-Ceyhan boru xətti, neft kəməri ilə ixrac edilməsi üçün Xəzər dənizində yetərli qədər neft yoxdur. Onlara cavab verərək, mən bu gün demək istəyirəm ki, 2010-cu ildə “Azəri-Çıraq-Günəşli” yataqlarından 50 milyon ton neft hasil olunacaqdır və bu da Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işləməsi üçün tamamilə bəsdir. Amma bir bu deyil, başqa yataqlar da var”.
Heydər Əliyev bildirdi ki, vaxtilə Xəzər dənizindən Qara dənizə, oradan da Aralıq dənizinə qədər gedəcəyimizi təsəvvür etməzdik: “İndi 2 min kilometr uzunluğunda böyük bir neft kəməri çəkilir. Bu, həqiqətən, əfsanədir”.
Onu da qeyd edək ki, “Əsrin müqaviləsi” imzalandıqdan sonra Xəzər dənizində 22,6 milyon tondan artıq neft çıxarılmışdı ki, bunun da 3,8 milyon tonu Bakı-Novorossiysk, 18,6 milyon tonu isə Bakı-Supsa boru kəmərləri vasitəsilə dünya bazarlarına çatdırılmışdı.

Azərbaycan neftinin xaricə daşınması məsələsi diqqət mərkəzində

2000-ci il martın 22-23-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Gürcüstana səfər etdi. Səfər zamanı Gürcüstan ərazisindən daşınan Azərbaycan neftinin tranzit tarifi məsələsi həll olundu. Amma qonşu ölkə ərazisindən keçən neft kəmərinə dəyə biləcək mümkün ziyana dair Gürcüstan tərəfi ilə razılığa gəlmək üçün əlavə danışıqlara ehtiyac vardı və 2000-ci il aprelin 28-də Vaşinqtonda Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələri arasında bu razılaşma əldə edildi - Gürcüstanla tranzit razılaşma imzalandı.
2000-ci il mayın 26-da sənədlər toplusu Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edildi. 2000-ci il mayın 29-da isə ARDNŞ Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda işləyən yerli və xarici neft şirkətləri üçün bu layihənin təqdimatını keçirdi. Mərasimdə iştirak edən 31 xarici şirkətdən 27-si ARDNŞ ilə razılaşdırılmış şərtlərlə bu layihədə iştirak etmək arzusunu bildirdi.
2000-ci il oktyabrın 17-də Bakıda Prezident sarayında “Azərbaycan Respublikası hökuməti, ARDNŞ və tranzit əraziyə malik ölkə hökuməti arasında razılaşma” və “Bakı-Tbilisi-Ceyhan xam neft boru kəmərinin mühəndislik işləri və layihənin hazırlanması üçün maliyyələşmə və əməkdaşlıq haqqında razılaşma”nın imzalanması mərasimi keçirildi.
2001-ci il yanvarın 23-də Londonda Bakı-Tbilisi-Ceyhan ƏİBK layihəsinin İdarə Komitəsinin iclası keçirildi. Komitə üzvləri baza layihənin yerinə yetirilməsinə dair hesabatlar dinlədilər. Bundan sonra, daha dəqiq desək, 2001-ci il martın 1-də Astanada Qazaxıstanın, ABŞ-ın, Türkiyənin, Azərbaycanın və Gürcüstanın nümayəndələri Aktau-Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neftin daşınması layihəsi üzrə qarşılıqlı anlaşmaya dair memorandum imzaladılar.
2001-ci il mayın 15-də isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli yataqlarının işlənib hazırlanmasına dair təcili tədbirlər, eləcə də “Şahdəniz” yatağının işlənməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin və “Şahdəniz” yatağından təbii qazın ixracı üzrə boru kəmərinintikintisi, istifadəyə verilməsi ilə əlaqəli layihələrin yerinə yetirilməsi haqqında” sərəncam imzaladı.
Ümumiyyətlə, neft müqavilələrinin reallaşması ilə əlaqədar görüləsi işlər o qədər çox və əhatəli idi ki, onların hamısını ətraflı işıqlandırmaq mümkün deyil. Ona görə də burada bu hadisələrin qısa xronologiyasını verməyi məqsədəuyğun hesab edirik.
2001-ci ilin sentyabrında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti «Azəri», «Günəşli» və «Çıraq» yataqlarında neft hasilatına dair tammiqyaslı işlərin layihəsinin təqdimatını keçirdi. Aparılan hesablamalar, araşdırmalar sübut edirdi ki, daha güclü neft kəmərinin tikilməsinə artıq ehtiyac yaranmışdır. Belə neft kəməri isə Bakı-Ceyhan neft kəməri ola bilərdi. Konkret faktlarla qeyd etdiyimiz kimi, bu marşurutuntikilməsinə maneçilik törədənlər vardı. Amma Heydər Əliyevin mövqeyi qəti idi.

Bakı-Tbilisi-Ceyhan layihəsinə start verildi

2002-ci il sentyabrın 17-də Bakının yaxınlığındakı Səngəçal sahil terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirildi. Azərbaycan Prezidenti Heydər Əliyev, Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Gürcüstan Prezidenti Eduard Şevardnadze mərasimdə iştirak etdilər. Amerika Birləşmiş Ştatlarının Energetika naziri Spenser Abraham, eləcə də bir çox xarici ölkələrdən gəlmiş qonaqlar mərasimdə iştirak edirdilər.
Tikintisinə 1996-cı ildə başlanmış bu terminalın ərazisi 255 hektardır. “Çıraq-1” platformasından sualtı boru kəməri ilə vurulan neft bu terminalda qəbul olunur, texniki emaldan keçirilir, daha sonra ixrac sisteminə vurulur.
Heydər Əliyev çıxışında Bakı-Tbilisi-Ceyhan layihəsinin qlobal və regional əhəmiyyətini, ölkələr arasında əməkdaşlığın genişlənməsində müstəsna rola malik olduğunu vurğulayaraq dedi: “Bu işlər bizim xalqlarımızın gələcəyi üçündür. Bizim bu işlərimiz yalnız və yalnız Azərbaycanın dövlət müstəqilliyi əldə etməsindən sonra mümkün olubdur.
Müstəqil dövlət olaraq öz sərvətlərimizin sahibiyik. İstədiyimiz ölkələr ilə əlaqələr qururuq və belə işlər görürük. Amma ikinci boru da növbədədir. 1 trilyon kubmetr ehtiyatı olan «Şahdəniz» yatağından Bakı-Tbilisi-Ərzurum qaz kəməri də çəkiləcəkdir.
Beləliklə, boru kəmərlərinin sayı artır. Təbiidir ki, bunlar çox böyük iqtisadi xarakter daşıyır. Ancaq təkcə iqtisadi deyil, hesab edirik ki, bizim gördüyümüz işlər, Bakı–Tbilisi–Ceyhan siyasi xarakter daşıyır. Bu layihə və onun həyata keçirilməsi Qafqaz bölgəsində sülhün, əmin-amanlığın, təhlükəsizliyin təminatçısı ola bilər. Bu boru xətti, bu polad boru Azərbaycanı, Gürcüstanı, Türkiyəni bir-biri ilə daha sıx birləşdirəcəkdir”.

* * * *

ABŞ Prezidenti Corc Buşun tədbir iştirakçılarına ünvanladığı məktubda deyilirdi: “Prezident Heydər Əliyevin Azərbaycanın əsas ixrac boru kəmərinin işçi qrupunu yaratdığı vaxtdan, yəni 1997-ci il sentyabrın 5-dən bəri bugünkü tədbirin iştirakçıları uzun yol keçmişlər. Ötən müddət ərzində Prezident Heydər Əliyev neft və qaz ixrac dəhlizinə verdiyi dəstəkdən geri çəkilməmişdir. Onun boru kəmərlərinin reallığa çevrilməsində göstərdiyi uzaqgörənlik və qətiyyət bu böyük və mühüm işlərin düzgün istiqamətləndirilməsini mümkün etmişdir”.
Britaniyanin Baş naziri Toni Blerin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə ünvanladığı məktubda isə bildirilirdi, “Bu möhtəşəm layihənin müvəffəqiyyətlə həyata keçirilməsi hər iki ölkəyə böyük fayda verəcəkdir. Bu, Britaniya şirkətinin Azərbaycana ən azı daha 20 il cəlb olunması deməkdir.
Bu gün Azərbaycan xalqı üçün tarixi bir gündür. Bu hadisə Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığı gücləndirir. Xəzərin yeraltı sərvətlərindən istifadə edilməsinin gerçəkləşdirilməsi artıq uzaq xülya deyildir. Bu sərvətin müdrikliklə idarə edilməsi insanların həyat şəraitinin yaxşılaşdırılması üçün saysız imkanlar yaradır.
Azərbaycan xoş həyəcan dolu bir gələcəyin astanasındadır. Mən və eləcə, də Böyük Britaniya sizə bu yolda müvəffəqiyyət arzulayırıq”.
ARDNŞ-in prezidenti Natiq Əliyev isə çıxışında dedi:
“Dünya miqyaslı dahi siyasətçi cənab Heydər Əliyevin uzaqgörənliyi, dövlətin və ölkə iqtisadiyyatının inkişafının əsas qanunları və yolları haqqında ensiklopedik biliyə malik olması, böyük və misilsiz rəhbərlik təcrübəsi, xalqına sədaqəti və Vətənə sonsuz məhəbbəti ona miqyasına görə dünyada analoqu olmayan çox nəhəng layihəni yaratmaq, eyni zamanda, onun həqiqi rəhbəri və bilavasitə əsas icraçısı olmaq imkanı verdi. Bu gün tam qətiyyətlə demək olar ki, Heydər Əliyevin neft konsepsiyası nəinki Azərbaycanın XXI əsrdəki inkişafının əsasını qoydu, həm də Xəzər regionundakı zəngin karbohidrogen potensialını hərəkətə gətirərək, yeni inkişaf mərhələsinə yol açdı və bütövlükdə, regionun dünyanın ən böyük enerji mərkəzlərindən birinə çevrilməsində həlledici qüvvə rolunu oynadı.”
Üç ölkənin prezidentləri Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlqoyma mərasimində gələcək nəsilləri də unutmamış, bu boru kəmərinin ülvi amallara xidmət edərək regionun simasını dəyişdirəcək, iqtisadi inkişafa təkan verəcək, xalqın rifahını yüksəldəcək bir layihə olacağını bildirmişdilər.
Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri, ABŞ-ın Energetika naziri, mərasimin digər iştirakçıları Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulacağı yerə gəldilər. Burada ilk boru təntənəli şəkildə xəndəyə endirildi. Azərbaycan Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze, Türkiyə Prezidenti Əhməd Necdət Sezər borunun üstünə ilk torpağı atdılar. İçərisində “Gələcək nəsillərə” müraciətinin mətni olan dəmir kapsul Bakı-Tbilisi-Ceyhan boru kəmərinin başlanğıcında qazılmış quyuya basdırıldı.

* * * * *

Azərbaycan dövlətinin başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyasının həyata keçirilməsi ilə əlaqədar məsələlərə xüsusi fikir verirdi.
Beynəlxalq aləmdə dünya neft siyasətinin incəliklərinə dərindən bələd olan mahir tədqiqatçı, bacarıqlı siyasi və dövlət xadimi kimi tanınan İlham Əliyev neft strategiyasının yaradıcısı və memarı olan Heydər Əliyevin arzularına sadiq qalaraq, Azərbaycanın neft strategiyasının reallaşması ilə bağlı dünyanın ən nüfuzlu şirkətləri ilə fəal və işgüzar danışıqlar aparır, meydana çıxan problemlərə yüksək peşəkarlıqla müdaxilə edir və milli mənafeləri gözləməklə onların həllinə nail olurdu. İlham Əliyevin prezidentliyinin ilk 100 günü ərzində onun və bütövlükdə Azərbaycan dövlətinin böyük uğurlarından biri də bu oldu ki, prezidentin fəal iştirakı və başçılığı ilə əsrin tikintisi sayılan Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsinə dair sənədlər imzalandı.
Beləliklə, «Əsrin müqaviləsi» ilə təməli qoyulan neft-qaz kontraktları üzrə aparılan işlər artıq keyfiyyətcə yeni, həlledici mərhələyə daxil olur və bu yolda əldə edilən bütün uğurlu qələbələr xalqımızın ümummilli lideri, müasir Azərbaycanın banisi Heydər Əliyevin əvəzsiz rolu və misilsiz xidmətləri ilə bağlıdır. Odur ki, «Əsrin müqaviləsi»nin Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatında müstəsna əhəmiyyəti nəzərə alınaraq qərara alınır ki, «Əsrin müqaviləsi»nin 10-cu ildönümü 2004-cü il sentyabrın 20-də Bakı şəhərində təntənəli surətdə qeyd olunsun. Bu məqsədlə Baş nazir Artur Rasizadənin sədrliyi ilə geniş tərkibdə Təşkilat Komitəsi yaradıldı və “Əsrin müqaviləsi”nin 10 illiyi böyük bayram kimi qeyd olundu.
Neft müqavilələrinin reallaşması göstərir ki, beynəlxalq aləmdə Azərbaycan münbit investisiya mühiti yaratmış, kommersiya riskləri minimuma endirilmiş ölkə kimi tanınır. Münbit investisiya mühitinin yaradılması istiqamətində məhz belə bir siyasət keyfiyyətli iqtisadi artım üçün etibarlı bazadır. Bu fundamental nailiyyəti qısa müddətdə heç də hər bir ölkə əldə edə bilməzdi. Müstəqil Azəbaycanın siyasi və iqtisadi əsaslarını təşkil edən mövqeləri qoruyub saxlamaq çox vacibdir.
Nəhayət, çoxdan gözlənilən hadisə baş verdi. 2005-ci il fevralın 18-də “Azəri” yatağından ilk neft çıxarıldı. Xatırladaq ki, “Mərkəzi Azəri” platforması Bakıdan 100 kilometr şərqdə, dənizin dərinliyinin 128 metrə çatdığı sahədə yerləşir. Onun obyektləri 48 quyu gövdəsinə malik hasilat, qazma və yaşayış platformasından (NQY), “Səngəçal” terminalına çəkilmiş 30 düymlük neft və 28 düymlük qaz kəmərlərindən, Səngəçaldakı genişləndirilmiş terminaldan ibarətdir. Xəzərdə ilk dəfə həyata keçirilən ən böyük əməliyyat nəticəsində 15 min tonluq qurğu buraya gətirilərək dayaq bloklarının üzərinə oturdulmuşdur. Artıq burada 10 hasilat quyusu qazılmışdır. Burada yeni hasilat quyularının qazılması nəzərə tutulurdu. Həmin il ərzində “Mərkəzi Azəri”dən «Çıraq-1»-ə nisbətən daha çox neft hasil ediləcəkdi. Hesab edilirdi ki, 2005-ci ildən burada istismarda olan quyu BP-nin dünyada işlətdiyi ən məhsuldar quyudur.
Neft daşlarının 55, 60, 65 illiyi ilə bağlı yubiley tədbirləri dövlət başçısının sərəncamları ilə qeyd edilib, hazırda xalqımız Neft Daşlarının 70-ci il dönümünü qeyd etməyə hazırlaşır.
Azərbaycan neftçiləri bütün dövrlərdə olduğu kimi, bu gün də ən böyük hörmətə layiq olan insanlardır və əlbəttə, onların çətin əməyi, zəhməti daha da yüksək qiymətləndirilməlidir. Amma biz onu da bilirik ki, bu, keçmişdə də, bütün zamanlarda da belə olmayıbdır. Son zamanlar əməkhaqlarının artımı, sosial məsələlərə göstərilən daha böyük diqqət məni çox sevindirir. Bunu Dövlət Neft Şirkətinin tərkibində fəaliyyət göstərən bütün qurumlara şamil etmək olar. Azərbaycanda neft sənayesində, doğrudan da, böyük addımlar atılıbdır, böyük nəticələr əldə edilibdir”.


Dünyanın ən böyük enerji layihələrindən olan BTC istifadəyə verildi

2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev dedi:
“Bu işin ərsəyə gəlməsində beynəlxalq əməkdaşlıq yarandı: üç ölkə - Türkiyə, Gürcüstan, Azərbaycan, xarici neft şirkətləri, xarici maliyyə qurumları, yerli mütəxəssislər, neftçilər, fəhlələr, hüquqşünaslar. Bu işlərdə əməyi olan bütün insanlara mən Azərbaycan dövləti adından öz dərin minnətdarlığımı bildirirəm”.
“Bakı-Tbilisi-Ceyhan” layihəsinin reallaşmasından danışan Prezident İlham Əliyev dedi: “Bölgənin inkişafı bundan sonra tam başqa formalarla zənginləşəcəkdir. Bu gün Azərbaycan, Türkiyə və Gürcüstan regional müstəvidə müttəfiq ölkələrdir. Bizim müttəfiqliyimiz artıq həyatda öz əksini tapıbdır. Bizim müttəfiqliyimiz bölgəyə təhlükəsizlik, sabitlik gətirir. Biz bunu istəyirik, sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyirik. İstəyirik ki, xalqlarımız rifah içərisində yaşasınlar, problemlər öz həllini tapsın və ölkələrimiz möhkəmlənsin. Hər üç ölkə bu layihənin həyata keçirilməsindən böyük faydalar götürəcəkdir. Bəlkə də, bu gün onların hamısını təsəvvür etmək mümkün deyildir. Amma vaxt keçdikcə, həyat keçdikcə biz bunların bariz nümunələrini açıq görəcəyik.
Bakı-Tbilisi-Ceyhan bizim müstəqilliyimizi möhkəmləndirəcək, enerji müstəqilliyimizi təmin edəcəkdir. Belə olan halda, biz müstəqil siyasət apararaq xalqlarımızın rifah halını yaxşılaşdıracağıq, milli maraqlarımızı daha da inamla müdafiə edəcəyik. Bir sözlə, bu, strateji əhəmiyyət daşıyan, ölkələrimizin müqəddəratını təmin edən, xoşbəxt gələcəyini təmin edən layihədir”.
ABŞ-ın Energetika nazirinin müavini Kley Sell ABŞ Prezidenti Corc Buşun məktubunu oxudu:“Zati-aliləri, mən Türkiyə xalqını ürəkdən təbrik edirəm. İlk neft Bakıdan Ceyhana çatdı və bu hissləri Amerika xalqı Sizinlə paylaşır. BTC Xəzər dənizi ehtiyatlarının inkişafında böyük addımdır. Bu, eyni zamanda, ətraf mühit üçün böyük bir inkişaf addımıdır. Həm Azərbaycan, həm Gürcüstan, həm Türkiyə, həm də dünya bazarı üçün böyük bir hadisədir. Onun əhəmiyyəti BTC-nin həm də dünya enerji bazarına çıxmasındadır. Biz bu layihənin enerji təhlükəsizliyini möhkəmləndirəcəyinə, bölgələrin əməkdaşlığının artırılmasında böyük əhəmiyyət daşıyacağına və Amerika xalqı olaraq, Bakı-Tbilisi-Ceyhan layihəsinin yüksək dərəcədə müvəffəqiyyətlə tamamlanacağına inanırıq”.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu hadisə münasibətilə hamını təbrik edərək dedi:“Bu gün dünyanın ən böyük enerji layihələrindən biri olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin gerçəyə çevrildiyinin şahidi oluruq.
Müasir dövrdə enerji təminatının təhlükəsizliyi təmin edilmədən rifah, sabitlik, iqtisadi və sosial inkişaf mümkün deyildir. 2030-cu ilədək dünyada enerji tələbatının 60 faiz artacağı gözlənilir. Xəzər neftini beynəlxalq bazarlara fasiləsiz və təhlükəsiz bir şəkildə çatdıracaq Bakı-Tbilisi-Ceyhan kəmərinin bölgə və qlobal baxımdan əhəmiyyəti daha da aydınlaşır.

 “Əsrin müqaviləsi”nin yeni mərhələsi: strateji hədəflər

Bütün bu imzalanan müqavilələrdə nəzərdə tutulmuş hədəflərin reallaşması üçün maraqlı tərəflər məhsuldar fəaliyyət göstərirdi. Bu baxımdan Prezident İlham Əliyevin aşağıdakı fikrinə diqqəti çəkmək istərdim:
“2006-cı ildə Azərbaycan xaricdən 4 milyard 500 milyon kubmetr qaz alırdı və böyük vəsait də ödəyirdi. 2006-cı ildə 11 min kubmetr qazın qiyməti 110 dollar təşkil edirdi. Ancaq 2006-cı ilin sonunda Azərbaycana qazı satan tərəf birdən-birə qiyməti 2 dəfədən çox artırdı və 2007-ci il üçün bizə elan olunmuş qiymət 230 dollar səviyyəsində idi. Bunu biz böyük sürpriz kimi qəbul etdik və dərhal danışıqlara başlamaq niyyətimizi göstərdik. Danışıqlar nəticəsində nəinki qiymət aşağı düşdü, qiymət daha da qalxdı. Bizə dedilər ki, 230 dollara almaq istəmirsinizsə, onda 235 dollara alacaqsınız. Bu, tamamilə dözülməz yanaşma idi. Belə olan halda, əlbəttə ki, Azərbaycan bundan imtina etdi. Biz əməli-praktik tədbirlər gördük. Baxmayaraq ki, bu tədbirlərin görülməsi üçün cəmi 1 ay, ondan da az vaxtımız var idi. Çünki bu danışıqlar 2006-cı ilin noyabrında başlanmışdı və son cavabı biz dekabr ayında almışdıq. Yəni, Azərbaycan bütün imkanlarını səfərbər edib, 2007-ci ilin qışını da uğurla yola verdi və bununla bərabər, 2007-ci ildə hətta Gürcüstana qaz nəqlinə başladı. Bax, budur bizim imkanlarımız, budur reallıq! Yəni, mən bütün bu məsələləri ona görə bir daha qeyd edirəm ki, bunu yaddan çıxarmaq lazım deyildir”.
2007-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri tam gücü ilə işləməyə başladı. 2007-ci ildə Azərbaycan ilk dəfə qaz ixracatçısı oldu. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışından sonra Azərbaycan qazı Gürcüstan və Türkiyə bazarlarına ixrac olunmağa başladı və bu, eyni zamanda, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi” layihəsi üçün bünövrə yaratdı.
Uzaqgörən siyasi və dövlət xadimi kimi beynəlxalq aləmdə böyük nüfuz sahibi olan Prezident İlham Əliyev Azərbaycanın yeni neft strategiyasının yaradıcısı Heydər Əliyevin arzularına sadiq qalaraq, bu strategiyanın reallaşması ilə bağlı dünyanın ən nüfuzlu şirkətləri ilə fəal və işgüzar danışıqları davam etdirir, həlli vacib olan problemlərə yüksək peşəkarlıqla müdaxilə edir və milli mənafeləri gözləməklə onların həllinə nail olur, dövlətimizin sahib olduğu təbii resurslardan səmərəli istifadə olunması ilə bağlı hökumətə, Dövlət Neft Şirkətinə tapşırıq və tövsiyələrini verirdi. Məhz düşünülmüş siyasətin məntiqi nəticəsidir ki, son illər dünyanın qabaqcıl neft şirkətləri ilə hasilatın pay bölgüsü haqqında yeni müqavilələr bağlanıldı. Bu sazişlərdən bəzilərini qeyd edək:
- 2007-ci il martın 6-da Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında ARDNŞ, Russneft Abşeron İnvestment Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə;
- 2007-ci il iyunun 5-də Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası hökuməti ilə “Londeks Resorsiz S.A.”, “Uill and Meyris S.A.”, “Farqeyt Mayninq Korporeyşn”, “Qlobeks İnterneyşnl LLP” və “Mitsui Mineral Development Encenirinq Ko.Ltd” arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə;
- 2009-cu il mayın 22-də Azərbaycan Respublikasında Neftçala, Xıllı, Murovdağ-Babazanan neft yataqları­nın və Muğan monoklinalın cənub-­qərb qanadının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında ARDNŞ, Neftçala İnvestments Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə;
- 2009-cu il mayın 22-də Azərbaycan Respublikasında Kürovdağ yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qlobal Enerci Azərbaycan Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə;
- 2009-cu il mayın 22-də Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron Dəniz Blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında ARDNŞ, Total E&P Abşeron Bi.Vi. və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə;
- 2010-cu il aprelin 27-də Xəzər dənizinin Azərbaycan sektorundakı Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında ARDNŞ, Bahar Enerji Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə;
- 2011-ci il iyunun 6-da Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ. LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə;
- 2011-ci il iyunun 6-da Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında ARDNŞ, BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə.
2012-ci ildə İstanbulda Azərbaycan və Türkiyə Trans-Anadolu – TANAP kəmərinin tikintisi haqqında tarixi sənəd imzaladılar. TANAP Cənub Qaz Dəhlizinin fundamental elementlərindən biridir və həmin dəhlizə dair sazişin imzalandığı 2012-ci il faktiki olaraq, “Şahdəniz-2” üçün əsas investisiyalara qapı açdı. Çünki bundan sonra – 2013-cü ildə “Şahdəniz-2”-yə investisiya yatırılması ilə bağlı qərar qəbul olundu. TANAP olmadan da bu, mümkün olmazdı. 2013-cü il Trans-Adriatik kəmərinin TANAP layihəsinin davamı kimi seçildiyi il oldu.


 

Azərbaycan qazı yeni mənbədir və Cənub qaz  dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir.
İlham Əliyev


Cənub Qaz Dəhlizinin təməlinin qoyulması və “Əsrin müqaviləsi”nin davamı olaraq

2050-ci ilədək uzadılan yeni müqavilə

2014-cü ildə Səngəçalda Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2015-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdi. Avropa Komissiyası Azərbaycanın bu mühüm təşəbbüsünü dərhal dəstəklədi. Bununla əlaqədar olaraq, Azərbaycan dövləti Avropa Komissiyasına, ABŞ və Birləşmiş Krallıq hökumətlərinə 1990-cı illərdə Azərbaycanın təşəbbüskarı olduğu enerji təhlükəsizliyi ilə bağlı bütün layihələrə, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinə verdikləri güclü dəstəyə görə minnətdarlığını bildirdi.
2017-ci ilin sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yeni saziş imzalandı. Bununla da “Əsrin müqaviləsi”nin davamına dair yeni müqavilə imzalandı və layihənin müddəti 2050-ci ilədək uzadıldı. İmzalanma mərasimində Prezident İlham Əliyev dedi: “Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür. Hesab edirəm ki, bugünkü mərasimin ulu öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə ulu öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra ulu öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq”.
BP-nin baş icraçı direktoru Robert Dadli isə bəyan etdi ki, Heydər Əliyevin əməyinin bəhrəsi olan yeni saziş çərçivəsində yatırılacaq sərmayənin məbləği 40 milyard dolları ötəcəkdir: «Bütün bu nailiyyətlər yalnız mərhum prezident Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olub. Altı fərqli ölkədən olan on bir şirkət SOCAR ilə birlikdə ölkənin enerji yolunda yeni bir səhifə açdı. 1994-cü ildə, sentyabr ayının məhz həmin əlamətdar günündə mərhum Prezident Heydər Əliyev «Azərbaycanın həyatında yeni dövrün başlandığını» deyib. O, haqlı idi. Azərbaycanın dənizdəki neft ehtiyatlarının işlənməsində və eləcə də həmin ehtiyatların dünya bazarlarına nəql edilməsində möhtəşəm nailiyyətlər əldə olunub”.
Böyük Britaniyanın Baş naziri Tereza Mey mərasim iştirakçılarına ünvanladığı məktubda isə bildirirdi: “Bu gün imzalanan saziş rəsmi London və Bakı arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələsidir. Azərbaycan müstəqillik qazandıqdan sonra “Əsrin müqaviləsi”nin imzalanması ilə ilk dəfə Xəzərdə resurslarından istifadə etmək imkanı qazanıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Azərbaycan öz neftini dünyaya ixrac edib. Əminəm ki, bu saziş əməkdaşlığımızı daha da gücləndirəcək”.
1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanandan bəri AÇG-yə 33 milyard ABŞ dolları sərmayə qoyulmuş və 440 milyon ton neft hasil edilməklə ölkəmiz 125 milyard ABŞ dollarından çox birbaşa mənfəət əldə etmişdir.
Yeni sazişə əsasən, BP layihənin operatoru olaraq qalacaq. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-də iştirak payı 11,65 faizdən 25 faizə qaldırılır, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Beynəlxalq tərəfdaş şirkətlər ARDNF-yə 3,6 milyard dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 milyard dollardan artıq sərmayə qoyulması potensialı var.
Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları belədir: BP - 30,37%; AzACG (SOCAR) - 25%, «Chevron» - 9,57%, «Inpex» - 9,31%, «Statoil» - 7,27%, «Exxon Mobil» - 6,79%, TP - 5,73%, «Itochy» - 3,65%, «ONGC Videsh Limited» (OVL) - 2,31%.
Azərbaycan dövlətinin başçısı dedi: “...Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.
Eyni zamanda, onu qeyd etməliyəm ki, 23 il ərzində kontraktın icrası da çox uğurlu idi. Bu illər ərzində “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilmişdir. Yaxşı xatırlayıram ki, 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Ancaq bugünkü məlumat, - əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq, - onu göstərir ki, hələ də “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq”.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında Azərbaycan Prezidenti bəyan etdi: “O dövlətlər ki xarici enerji mənbələrindən asılıdır, onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq. Onlar özlərinin gələcəyini və sənaye inkişafını planlaşdırmalıdır. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz məqsədlərinə çata bilməzlər. Bu gün toplantının formatı onu nümayiş etdirir ki, biz çox geniş beynəlxalq əməkdaşlıq formatını yarada bilmişik. Maliyyə qurumları, şirkətlər və ölkələrin bir amalı var. Biz bu layihənin reallaşdırılmasına inanırıq və hesab edirik ki, hər birimiz üçün bu, uzunmüddətli uğur hekayəsi olacaq”.
2018-ci ildə Azərbaycan xalqı və dövləti çox əlamətdar tarixi günlər yaşadı. Cəmi iki gün öncə - mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi qeyd olunmuşdu. Onun ardınca - mayın 29-da isə Cənub qaz qəhlizinin (CQD) rəsmi açılışı olmuşdu... Yeri gəlmişkən, qeyd edim ki, “Əsrin müqaviləsi”ndən cəmi iki il keçdikdən sonra – 1996-cı ildə Azərbaycan daha bir uğura imza atmışdır: “Şahdəniz” qaz kondensatı layihəsi üzrə müqavilə imzalanmışdı hələ ki, “Şahdəniz” 2018-ci ilin noyabrında Səngəçal terminalında təntənəli açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizi (CQD) üçün yeganə resurs mənbəyidir.
Cənab İlham Əliyevin açılış mərasimində vurğuladığı kimi, “Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib...”
“İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır…”
Bakı yaxınlığındakı Səngəçal terminalından başlayan bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq. İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə verilməsi təmin edilmişdir. Avropanın qaz təchizatının isə Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir.
Bu barədə Azərbaycanın dövlət başçısı demişdir:
“Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı.
Bu gün biz beynəlxalq tərəfdaşlarımızla fəal şəkildə yeni layihələr, Xəzər dənizinin Azərbaycan sektorundakı yeni qaz yataqları üzərində işləyirik. Tezliklə, ola bilsin ki, bir neçə ilə, bəlkə də bundan az müddətdə hasilata başlanacaq “Abşeron” yatağı, çox böyük qaz ehtiyatı olan “Ümid” və “Babək” yataqları ilə bağlı Azərbaycan xarici şirkətlərlə fəal danışıqlar aparır. Tezliklə beynəlxalq əməkdaşlığa cəlb olunacağına ümid bəslədiyimiz başqa bir yataq “Qarabağ” adlanır. Həmçinin, böyük qaz potensialı olan iki yataq – “Dan ulduzu” və “Əşrəfi”. Beləliklə, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları “Şahdəniz” yatağından iki dəfədən artıq çoxdur – 2,6 trilyon kubmetr qaza bərabərdir və əminəm ki, daha çox olacaq. Çünki bizim təcrübəmiz onu göstərir ki, ilkin olaraq gözlənilən ehtiyatlar əvvəlkindən daha çox olur. Məsələn, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda “Azəri-Çıraq-Günəşli” yataqlarının ehtiyatları 500 milyon tondan bir qədər çox qiymətləndirilirdi. Təvazökarlıqla desək, hazırda bu rəqəm iki dəfə çox – 1 milyard tona yaxındır. Düşünürəm və ümid edirəm ki, qaz yataqlarında da eyni mənzərinin şahidi olacağıq. Ona görə də Azərbaycan qarşıdakı onilliklərdə dünya bazarlarına enerji ehtiyatlarının etibarlı, uzunmüddətli təchizatçısı olacaq. Bu gün Azərbaycan nefti bəzi Avropa ölkələrinin neft istehlakının üçdə biri və ya daha çox, hətta 40 faizini təşkil edir. Azərbaycan öz qaz ehtiyatları ilə Avropa bazarına daxil olmağa hazırdır...”
Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələr – Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya bu layihəni yüksək qiymətləndirir, Azərbaycan dövlətinə öz minnətdarlıqlarını bildirirdilər. Layihədə iştirak barədə Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə anlaşma memorandumları imzalanmışdır. Rumıniya və Türkmənistan da bu böyük dəhlizə maraq göstərdiklərini bəyan etmişlər. Cənub Qaz Dəhlizi cəlb olunmuş bütün ölkələrdə bir neçə milyardlıq investisiyalara yol açır. Bu, minlərlə yeni iş yeri deməkdir. Bu, təkcə enerji deyil, həm də nəqliyyat infrastrukturu, nəqliyyat infrastrukturuna investisiya yatırılması deməkdir.
Cənub Qaz Dəhlizi marşrutu boyunca yerləşən və Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin bir çox hissələrinin qazlaşdırılmasına gətirib çıxaracaq. Bütün bunlar inkişaf, sabitlik, proqnozlaşdırılma imkanı deməkdir və əməkdaşlığa yol açır. Çünki bu gün Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələr Azərbaycanın çox yaxın tərəfdaşlarıdır. Azərbaycan artıq bu ölkələrin böyük əksəriyyəti ilə strateji tərəfdaşlığa dair bəyannamələr imzalamışdır...

“TANAP” və “TAP”-ın istifadəyə verilməsi Türkiyə ilə Azərbaycan arasında əbədi dostluğun növbəti təzahürü – Avropanın enerji təhlükəsizliyinin güclü mənbəyidir

2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimin keçirilməsi böyük tarixi hadisə idi. Azərbaycanın iştirakı və dəstəyi ilə reallaşdırılan növbəti nəhəng layihənin həyata keçirilməsi ilə Azərbaycan daha bir tarixi iqtisadi, siyasi uğuruna imza atdı, nəinki regionun, bütövlükdə Avropanın və dünyanın enerji təhlükəsizliyinə özünün növbəti töhfəsini vermiş oldu.
2018-ci il ərzində o qədər möhtəşəm, genişmiqyaslı layihələr, tədbirlər keçirilib ki, müstəqil inkişaf xəttimiz, müstəqil dövlət siyasətimiz olmadan onlara nail ola bilməzdik.
Eyni zamanda, açılış mərasimində də vurğulandığı kimi, enerji bazarında yaşanan dəyişikliyə və ehtiyaca cavab verən TANAP həm də qarşıdakı illərdə həyata keçiriləcək yeni layihələrin müjdəçisidir. Elə layihə ilə bağlı rəqəmlər bu həqiqəti açıq-aşkar ortaya qoyur.
Diametri 56 düymlük borulardan ibarət olan 1850 kilometrlik TANAP Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun təbii qaz boru kəməridir. TANAP-ın marşrutu 20 vilayət, 67 rayon və Çanaqqala boğazından keçir. Bu layihənin ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr təbii qazdır. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya nəql olunacaq. Tələbdən asılı olaraq, ötürücülük qabiliyyətinin əvvəlcə 22 milyard, daha sonra əlavə sərmayələrlə 31 milyard kubmetrə çatdırılması hədəflənir. Trans-Anadolu qaz kəməri layihəsinin icrası müstəqilliyimizin daha bir mühüm hadisəsi kimi tarixə düşdü. Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığa və dostluğa söykənən fəaliyyəti bu strateji layihənin uğurla reallaşmasında əhəmiyyətli rol oynadı. Ölkəmizin iqtisadi qüdrətini, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu bir daha təsdiqləyən TANAP dünyanın siyasi və iqtisadi həyatında Azərbaycanın yerini və özəlliyini bir daha nümayiş etdirdi.

Azərbaycan dünya miqyaslı layihələrdə iştirak edən mühüm bir tərəfdaş dövlətdir

STAR: Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının növbəti ifadəsi...
Müstəqilliyimizin 100-cü ilinin uğurlarından bəhs edərkən, Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimini qeyd etməmək mümkün deyil. Hələ 2011-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təməli atılan “Star” zavodu hər iki ölkənin, bütövlükdə isə bu bölgənin iqtisadi inkişafına və enerji təhlükəsizliyinin təmin olunmasına öz müsbət töhfəsini verəcək tarixi layihədir.
Qeyd edək ki, illik istehsal gücü 10 milyon ton olan “Star” neft emalı zavodu ilk beş il müddətində Azərbaycan iqtisadiyyatına ildə 850 milyon ABŞ dolları, sonrakı dövrlərdə isə hər il 600 milyon ABŞ dollarından çox gəlir gətirəcək. Bu o deməkdir ki, Azərbaycan dünya miqyaslı əhəmiyyətə malik bir zavodun sahibidir və bu da əbədi kapital deməkdir. Bu, eyni zamanda, onu göstərir ki, Azərbaycan-Türkiyə münasibətlərində gündən-günə möhkəmlənən yeni müsbət meyillər yaranır. Bu layihə həm istehsalçı olaraq respublikamız, həm də istehlakçı kimi Türkiyə üçün maraqlıdır.
2018-ci ilin oktyabr ayının 19-da qardaş və dost Türkiyənin İzmir şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə nəinki hər iki ölkənin, bütövlükdə regionun həyatında, inkişafında çox böyük və mühüm rola malik olan “Star” neft emalı zavodunun açılış mərasimi keçirildi. Çox böyük tarixi hadisə idi. Hər iki ölkənin liderləri Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin möhkəmləndirilməsi yolunda daha bir uğura imza atdılar. Azərbaycan və Türkiyə birlikdə XXI əsrin enerji tarixini yazır.
Müəssisənin əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikanın Dövlət Neft Şirkəti - SOCAR çıxış edir. SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavodda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. Onu da qeyd edək ki, SOCAR 19,5 milyard dollarlıq investisiya paketi ilə Türkiyə tarixində ən böyük xarici sərmayəçidir. Bundan əlavə, “Star” Neft Emalı Zavodu Türkiyədə özəl sektorun bir nöqtəyə qoyduğu ən böyük investisiya layihəsidir.
Yeri gəlmişkən qeyd edək ki, Dövlət Neft Şirkəti digər ölkələrə də investisiya yatırır. Son 10 ildə SOCAR-ın Gürcüstandakı nümayəndəliyi tərəfindən SOCAR-ın Tbilisi və Batumidə inzibati ofis binaları, Tbilisidə Azərbaycanın böyük ədibi və mütəfəkkiri Mirzə Fətəli Axundovun ev muzeyi, Marneulidə “Çay Evi” və “Gənclər Mərkəzi”, Tbilisidə Nəriman Nərimanovun ev muzeyi alınıb əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Ümumiyyətlə, 2007-2018-ci illər ərzində SOCAR və ona tabe qurumlar tərəfindən Gürcüstan iqtisadiyyatına 1 milyard ABŞ dollarından artıq sərmayə yatırılmış, Gürcüstan dövlət büdcəsinə təxminən 1,3 milyard ABŞ dolları məbləğində vergi (bütün növ vergi tutmaları üzrə) ödənilmişdir.


 

“Biz bu gün tarixi bir gün yaşayırıq. Tarixi bir hadisənin şahidiyik. Bu tarixi biz yazırıq. Bugünkü nəsillər, Azərbaycan, Türkiyə, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Norveç, Fransa, İtaliya və digər dövlətlər, hamımız bir yerdə böyük bir tarix yazırıq. Bunların hamısı gələcək nəsillər üçündür. Şübhə yoxdur ki, gələcək nəsillər bizim gördüyümüz bu işlərdən bəhrələnərək, daha da firavan yaşayaraq, ölkələrimizdə, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu şəraitində, vətəndaş cəmiyyəti şəraitində yaşayaraq bunların bəhrələrini görəcəklər”.
Heydər Əliyev


SOCAR Azərbaycan ərazisində dənizdə və quruda neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, ölkə ərazisində sənayenin və əhalinin təbii qaz təchizatı ilə məşğul olur. Beynəlxalq şirkət statusuna malik olan SOCAR təkcə ölkənin daxili tələbatının böyük hissəsini neft-qaz, həmçinin geniş çeşidli neft məhsulları ilə təmin etməklə kifayətlənmir, həmin məhsulların artıq qalan hissəsini xarici bazarlara çıxarmaqla da məşğul olur. Bütün bu vacib və müxtəlif istiqamətli işləri həyata keçirmək üçün şirkət dəniz və quru sahələrində yeni qaz və qaz-kondensat, neft yataqlarının kəşfiyyatı, işlənməsi və son işlənmə mərhələsində olan yataqların abadlaşdırılması üçün yeni texnika və texnologiyaları tətbiq etməyə qadir olan yüksəkixtisaslı mühəndislər, texniki işçilər və fəhlə kadrları yetişdirir.
“Star” neft emalı zavodu Avropa, Yaxın Şərq və Afrika bölgələrində ən böyük müəssisələrdən biridir.
Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak Türkiyə və Azərbaycan arasındakı dostluğu və birliyi dünya üçün nümunə adlandırdı və dedi: “Bu gün burada yaranan mənzərə dünyanın içində olduğu bədbinliyə, qeyri-müəyyənliyə ən gözəl həll formasını təqdim edir. Dünya Türkiyə ilə Azərbaycan arasındakı dostluğu, birliyi örnək götürməlidir. Qarşılıqlı uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu bu mənzərə sayəsində çox aydın görünür. Bu gün bu mənzərə dünyaya ölkələrin öz maraqlarını, iqitisadi sabitliklərini həll etməsinin yolunun himayəçilikdən və onu artırmaqdan, ticarət müharibələri aparmaqdan deyil, həmrəylikdən, rəqabət mühitindən, güclü əməkdaşlıqdan keçdiyini çox aydın şəkildə ortaya qoyur”.
Sənayenin neft-qaz sektorunda ümumi dəyəri 2018-ci ildə 31,3 milyard manat olmaqla 38,8 milyon ton neft (əvvəlki ilə nisbətən 0,3 faiz çox), 30,6 milyard m3 qaz (əvvəlki ilə nisbətən 7,1 faiz çox) hasil edilmişdir.
2018-ci il üzrə dünya bazarlarında Azərbaycan neftinin orta qiyməti 73,1 dollar/ton təşkil etmişdir. 2018-ci ildə SOCAR üzrə əsaslı vəsait qoyuluşu 1,8 milyard manat təşkil etmişdir. İl ərzində şirkətin valyuta və hesablaşma hesablarına 28,7 milyard manat, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Fonduna aid mənfəət neftinin satışından 17,4 milyard manat, “Şahdəniz” neftinin ixracından əldə edilən vəsait hesabına 187,0 milyon manat, dövlət büdcəsindən nizamnamə kapitalının artırılması üçün 1,2 milyard manat, bank kreditlərinin alınmasından 1,0 milyard manat vəsait daxil olmuşdur.
Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində lokal neft hasilatçısı olan Azərbaycan, onun Dövlət Neft Şirkəti “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 25 il ərzində öz inkişafının növbəti tarixi mərhələsinin astanasına çatmışdır.
Oxucuya təqdim edilən materiallar əyani surətdə sübut edir ki, bu mübarizələrdə Heydər Əliyevin siyasəti qalib gəldi və Azərbaycan bu gün dünyanın dinamik inkişaf edən, beynəlxalq aləmdə öz nüfuzunu artıran, xalqının firavan yaşaması üçün böyük işlər görən bir dövlətdir. Neft Fondunun yaradılması, neftdən gəlirlərin bir hissəsinin ölkənin strateji iqtisadi, sosial məsələlərinin həllinə yönəldilməsi ildən-ilə valyuta ehtiyatlarının daha da güclənməsini, qlobal risklərin təsirlərinin minimuma endirilməsini şərtləndirir.
Əgər 1994-cü ildə, çətin dövrdə, həm iqtisadi, həm də siyasi cəhətdən çox ağır dövrdə bütün təzyiqlərə və hədə-qorxulara baxmayaraq, Heydər Əliyevin təşəbbüsü ilə «Əsrin müqaviləsi» imzalanmasaydı, bu gün Azərbaycanda nəinki neft sektorunda, ümumiyyətlə, iqtisadi sahədə inkişafdan söhbət gedə bilməzdi.


20 sentyabr Neftçilər günüdür

Müstəqillik uğrunda gedən mübarizədə neft amili həmişə ön planda olub. Neft amili bu gün də Azərbaycanın müstəqilliyinə, onun dünyada layiqli yer tutmasına xidmət edir və bu işdə fədakar neftçilərimiz öz ustadlarının başını uca edərək, əsl qəhrəmanlıq nümunələri göstərirlər. İnkaredilməz bir həqiqətdir ki, onların uzun illər ərzində qazandıqları zəngin təcrübə respublikamızın gələcək inkişafı üçün müstəsna əhəmiyyət kəsb edir. Dünyanın böyük neft şirkətləri ilə bağlanmış müqavilələrin reallaşması bunu əyani surətdə sübut edir.
Neftçilər keçmişdə də, indi də ən vacib, hörmətli peşə sahibləridir. Onlara qayğı Azərbaycanın gələcəyinə qayğıdır.
Onlara diqqət əməksevər xalqımıza diqqətdir. Qeyd etməliyik ki, bu münasibət uzun müddət olub və indi də vardır. Əlbəttə, keçid dövrünü spesifik şəraitdə yaşayan respublikamızın çətinlikləri neft sənayesinin, burada çalışanların problemlərinin həllinə də təsir edir.
Qəhrəman neftçiləri dalğalı, fırtınalı Xəzərdə işləməyə təkcə maaş deyil, peşəyə vurğunluq, Vətənin qüdrətinin artırılması arzusu cəlb etmişdir. Mən uzun illərdən bəri neftçilərlə, o cümlədən neftçi alimlərlə təmasda oluram. Onların qayğıları, narahatlıqları, iqtisadiyyatla bağlı düşüncələri, sözün əsl mənasında, Vətənini, torpağını sevən insanların düşüncələridir. Onlarla çoxsaylı söhbətlərimdə bir həqiqəti də aşkar etmişəm. Neftçilər çox saf, mərd və dostluğa sadiq insanlardır. Bu keyfiyyətləri həmişə qoruyub saxlayan, gələcəyə nikbin baxan neftçilər ordusu Azərbaycan iqtisadiyyatının möhkəm və əzəmətli sütunlarındandır. Şanlı ənənələri olan Azərbaycan neft sənayesi iqtisadiyyatın aparıcı sahələrindən biridir.
Biz çalışdıq ki, dəniz neftçilərinin keçdiyi şərəfli yola bir daha nəzər salaq, bu işin başlanğıcından indiyə qədər baş vermiş ən vacib hadisələri, ömrünü Azərbaycan neft sənayesinin inkişafına sərf etmiş qəhrəman Azərbaycan övladlarını xatırlayaq. Bu gün onların çoxu aramızda yoxdur. Lakin onlar unudulmur və unudulmayacaqlar. Neftçilər bayramı sözün əsl mənasında milli bayramdır. Bu bayram, təbii ki, qəhrəman neftçilərimizi yeni-yeni uğurlara ruhlandıracaq və onları müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artması işində fəal iştirak etməyə səsləyəcəkdir.
Müstəqilliyin təminatının əsas sütunlarından biri iqtisadi güc və tərəqqidir. Dövlətin iqtisadi potensialı onun müstəqilliyini möhkəmləndirirsə, müstəqillik də öz növbəsində iqtisadi inkişaf və yüksəliş üçün münbit zəmin yaradır.
Azərbaycan neftçiləri hələ uzun illər Azərbaycan iqtisadiyyatının inkişafında, neft strategiyasının uğurla həyata keçirilməsində, eləcə də hər birimizin yaşayışı ilə bağlı olan dövlət büdcəsinin maliyyə təminatında mühüm rol oynayacaqdır.


  “Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələdir. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaratmışdır. O da həqiqətdir ki, biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə etdik - neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik. Beləliklə, infrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar əslində imkan verdi ki, biz bugünkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək”.

İlham Əliyev

 
Neft salnaməmizin canlı əfsanəsi
 
Azərbaycan Respublikasinin Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 16-da «Neftçilər Günü» peşə bayramının təsis edilməsi haqqında” sərəncam imzaladı. Sərəncamda deyilirdi:
“Azərbaycanın neft və qaz sənayesinin inkişafında Azərbaycan xalqının dəyərli insanları – böyük alimləri, mühəndisləri, geoloqları, neftçiləri və başqa mütəxəssisləri zəngin neft və qaz sərvətlərinin vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüş, fədakarcasına çalışmış və xalqımızın tarixinə şanlı səhifələr yazmışlar. Azərbaycanın tarixində, onun iqtisadiyyatının inkişafında, xüsusilə müstəqilliyinin möhkəmləndirilməsində neft sənayesinin əhəmiyyətini nəzərə alaraq və neftçilərin əməyini yüksək qiymətləndirərək qərara alıram: Hər il sentyabrın 20-si Azərbaycan Respublikasında «Neftçilər günü» peşə bayramı kimi qeyd olunsun”.
Bu, həqiqətən, böyük bir məna daşıyan sərəncam idi. Dünya neft sənayesinin inkişafına Azərbaycan neftçiləri böyük töhfələr vermiş, əsl qəhrəmanlıq nümunələri göstərmişlər. Müstəqillik illərində onların fəaliyyət imkanları daha da genişlənmiş neftçilərimiz xarici neft şirkətləri ilə iş birliyində özlərinin peşəkarlığını, məsuliyyətli olduqlarını bir daha sübut etmişlər.

 
Azərbaycanın neft və qaz sənayesinin inkişafında böyük xidmətləri olan, tanınmış alim və geoloqlardan biri də akademik Xoşbəxt Yusifzadədir.
Azərbaycanın bütün dövrlərdə neft sənayesinin inkişafında X.Yusifzadənin əməyi var. Xoşbəxt Yusifzadə bizim neft tariximizdə xüsusi bir səhifə, onun keçdiyi həyat yolu və gördüyü işlər isə ayrıca bir mərhələdir. Prezident Heydər Əliyev 2000-ci il yanvarın 13-də neftçi-geoloq Xoşbəxt Yusifzadənin 70 illik yubileyi münasibətilə təbrikində yazmışdı:
“Siz ölkəmizdə zəngin neft yataqlarının kəşf edilməsi və işlənməsinə böyük əmək sərf etmiş görkəmli mütəxəssis kimi tanınırsınız. Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla yerinə yetirilməsində sizin xidmətləriniz xüsusilə böyükdür. «Bahar», «Azəri», «Çıraq», «Kəpəz» və başqa neft və qaz-kondensat yataqlarının kəşfi bilavasitə rəhbərliyiniz və iştirakınızla həyata keçirilmişdir.
Respublikanın neft və qaz sənayesinin aktual problemlərinin həllinə yönəldilmiş elmi yaradıcılığınız Azərbaycan dəniz neft və qaz-kondensat yataqlarının işlənmə layihələrinin hazırlanıb həyata keçirilməsində, Xəzər dənizinin dərin sahələrində yerləşən neft-qaz yataqlarının mənimsənilməsi üçün elmi metodların tətbiq edilməsində mühüm rol oynamışdır. Neft laylarının açılmasınıntəkmilləşdirilməsi, neft, qaz və qaz-kondensat yataqlarının işlənməsi üsulları üzrə ixtiralarınız böyük səmərə gətirmiş, fəaliyyətinizdə elmlə istehsalatın sıx bağlılığını əyani nümayiş etdirmişdir. Karbohidrogen ehtiyatlarının hesablanması ilə bağlı proqnozlarınız həmişə təsdiq olunaraq, öz dəqiqliyi və mötəbərliyi ilə neft alimləri və mütəxəssisləri arasında nüfuzunuzu daha da artırmışdır.
Görkəmli neftçi-alim və peşəkar mütəxəssis kimi topladığınız böyük təcrübə Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində göstərdiyiniz səylər nəticəsində daha da zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikasının yeni neft strategiyasının uğurla həyata keçirilməsində, dünyanın tanınmış neft şirkətləri ilə bağlanmış müqavilələrin gerçəkləşdirilməsində Siz böyük əzmkarlıq göstərirsiniz.
Neft sənayesinin inkişafında dövlət mükafatlarına, müxtəlif orden və medallara layiq görülmüş fəaliyyətiniz neftçilərin gənc nəsilləri üçün əsl həyat məktəbidir. Əminəm ki, doğma Azərbaycanımızın tərəqqisi, xalqımızın rifahının yaxşılaşdırılması naminə neft sərvətlərimizin səmərəli işlənməsi və istehsalı uğrunda bundan sonra da var qüvvənizi sərf edəcək və respublikanın neft sənayesi sahələrində yeni nailiyyətlər qazanacaqsınız”.
 
Akademik Ziyad Səmədzadə
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır