AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
27.08.2020

Dünyaya yaxşılıq üçün gələnlər, Xeyirə, işığa tapınanlar...

Dünya, kürreyi-ərz, bəşər, Adəm övladı yaranan gündən Xeyirlə Şərin mübarizəsi gedir, bu gün də davam edir. Dünyaya yaxşılıq, xeyirxahlıq, sülh üçün gələnlər daim Xeyirin, işığın, dünyaya fəlakət, qan-qada, müharibələr, qırğınlar törətmək üçün gələnlər isə daim Şərin, zülmətin, qaranlığın yanında olub, Şərə qulluq ediblər. Xeyirin, xeyirxahların, yaxşıların yolu daim uzun, çətin, daş-kəsəkli, keşməkeşli olub. Onlar bu yolda çox sınaqları, keçilməzlikləri keçib, çox çətinliklərə sinə gərib, amma sonunda qalib olublar. Məhz dözümləri, təmkinləri, səbirləri, yenilməz iradələri, qətiyyətləri, cəsarətləri, yorulmazlıqları, sınmazlıqları sayəsində...

Onlar yalnız İlahi varlığa - Yaradana inanıb, ona güvənib, o inamın sayəsində Xeyirə qovuşublar. Gözlərini qan tutmuşların, gözləri insan qanına susamışların, gözlərini insan qanı axıtmaqdan doymamışların, dünyaya, bəşəriyyətə insanlıq dramı yaşatmışların və yaşadanların qarşısında qalxana dönüb, sipər olub, Yer üzünə, insanlara, insanlığa sülh, əmin-amanlıq gətirməyə çalışıb və əksər hallarda bu çətin, ağır və şərəfli missiyanı gerçəkləşdirməyi, Xeyiri bərqərar etməyi bacarıblar.
Heç təsadüfi deyil ki, hələ bir əsr öncə həyatı qasırğalar, tufanlar içində keçən böyük şairimiz, ədibimiz Hüseyn Cavid deyirdi:
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.
Bəli, Azərbaycan xalqı, Azərbaycan adlı böyük məmləkət də yaxşılardan, bu dünyaya yaxşılıq, xeyirxahlıq, tökülən göz yaşlarını qurutmaq, axan acı göz yaşlarını sevincə döndərmək, Xeyirə qulluq etmək üçün gələnlərdən xali olmayıb. Arxada qoyduğumuz 20-ci və hazırda yaşadığımız 21-ci əsrdə bu missiyanı yerinə yetirənlərin ilk sırasında, ikinci müstəqil Azərbaycanın qurucu lideri adını tarixə qızıl hərflərlə həkk etdirmiş ulu öndərimiz Heydər Əliyev, onun yolunun və siyasətinin layiqli, uğurlu davamçısı ölkə Prezidenti cənab İlham Əliyev və Əliyevlər ocağının nümayəndəsi, Paşayevlər ailəsinin üzvü, dövlət başçısının həyat yoldaşı və ən yaxın silahdaşı, ölkənin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevə dayanır. XX əsr Azərbaycan klassiklərindən, dünya romantizminin orijinal simalarından olan Məhəmməd Hadi 1908-ci il dekabrın 1-də “İttifaq” qəzetinin birinci sayında çap etdirdiyi "Zümzümati-təhəssürat, yaxud qarışıq xəyallar" adlı şeirində ürək ağrısı ilə yazırdı:
“İmzasını qoymuş miləl övra­qi-həyatə, Yox millətimin xətti bu imzalər içində”.
Böyük intibah şairimiz, vətən fədaimiz sağ olsaydı, indi sevinclə və böyük qürur hissilə, yəqin ki, belə yazardı: “Var millətimin imzası imzalar içində”.
Çünki, həqiqətən, məhz bu üçlüyün - ulu öndərimizin, indiki dövlət başçımızın və dəyərli Mehriban xanımın Azərbaycan naminə titanik fəaliyyəti, fədakarlığı sayəsində bu gün Azərbaycan adlı məmləkət öz imzasını imzalar içində tanıtdıra, yazdıra bilib.
Əgər böyük həyat və siyasət məktəbi olan ümummilli liderimiz 90-cı illərin əvvəllərində ikinci dəfə hakimiyyətə qayıdışı ilə dağılmaqda, parçalanmaqda, məhv olmaqda, müstəqilliyini yenidən itirməkdə olan Azərbaycanı odun-alovun ağzından çıxara, onu fəlakətlərdən qurtara, xilas edə, Azərbaycanı dinclik, əmin-amanlıq, sabitlik, inkişaf yoluna çıxara bildisə, son 17 ildə ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanı dünyanın söz və nüfuz sahiblərindən, milli və dini tolerantlıq mərkəzlərindən, si­yasi, iqtisadi, humanitar, hərbi dialoq məkanlarından, dünyanın enerji təhlükəsizliyinin əsas aktyorlarından birinə çevirməyə nail oldusa, ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva da öz növbəsində Azərbaycanı dünyanın mərhəmət və şəfqət ünvanına çevirdi.
O, öz yorulmaz fəaliyyəti ilə nəinki xalqımızın, bütövlükdə dünyanın rəhm, mərhəmət, şəfqət, xeyirxahlıq simvoluna çevrildi. Nəinki Azərbaycanda, dünyanın hər yerində rəhmə, mərhəmətə, şəfqətə ehtiyacı olanların yanında oldu, onların təmənnasız himayə­çisinə çevrildi. Qayğıya, yardıma ehtiyac duyanların anası, bacısı, dostu, rəfiqi, sirdaşı oldu. Məhz özünün təşəbbüsü və təşkilatçılığı ilə əsası qoyulan, yaradılan, 16 ildən artıq dövr ərzində uğurla fəaliyyət göstərən, fəaliyyətinin, işinin, əməllərinin xoş sədası Azərbaycanın hüdudlarından, sərhədlərindən çox-çox uzaqlardan gələn Heydər Əliyev Fondu ötən illərdə mərhəmət, şəfqət ünvanı kimi tanındı, insanlıq tarixinə öz möhürünü vurdu. Heç təsadüfi deyil ki, məhz bu fəaliyyətinə görə Fondun rəhbəri kimi Mehriban xanım dünyanın bir neçə aparıcı dövlətinin, o cümlədən qardaş Pakistanın ən ali - “Hilal-e Pakistan” ordeni ilə təltif olundu.
Ümumiyyətlə, əsas missiyası ulu öndərimizin həyat və fəaliyyətinin, ideyalarının öyrənilməsi və təbliği ilə yanaşı, ölkə daxilində və xaricdə sosial-iqtisadi və humanitar inkişafı dəstəkləmək olan Heydər Əliyev Fondu yarandığı dövrdən indiyədək öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirmişdir. Fond öz proqramları, layihələri, xeyriyyə fəaliyyəti ilə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda yüksək nailiyyətlər qazanmışdır. Fondun təşəbbüsü ilə respublikanın müxtəlif şəhər və rayonlarında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın müasir tarixi və zəngin mədəni irsindən bəhs edən, yeni avadanlıq və zəruri ədəbiyyatla təchiz edilmiş mərkəzlər yaradılmışdır. Bu mərkəzlər təkcə muzey funksiyası daşımır, eyni zamanda, yeniyetmə və gənclərin müxtəlif bilik və bacarıqlara yiyələnmələrinə xidmət edir. Mərkəzlərin nəzdində kompüter kursları, şahmat, xalçaçılıq, təsviri və tətbiqi incəsənət, heykəltəraşlıq və s. dərnəklər fəaliyyət göstərir.
Fondun təşəbbüslərinə dövlət tərəfindən yaxından dəstək verilmiş, ümumilikdə, son 16 il ərzində 3 min 200-dən çox məktəb tikilmiş, təmir edilmiş və bu istiqamətdə işlər bu gün də uğurla davam etdirilməkdədir. Həmçinin, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində ölkə üzrə 40-dan çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş və ya yenidən qurulmuşdur. Fondun bu qəbildən olan başqa bir təşəbbüsü “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihəsidir. Cəmiyyətə 2014-cü ildə təqdim edilmiş layihədə Bakı şəhərində uşaq bağçalarına olan tələbatın tam ödənilməsi məqsədi ilə kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuş və ötən 5 il ərzində də bu istiqamətdə xeyli addımlar atılmışdır.
Fondun müəyyən etdiyi başlıca vəzifələrdən biri uşaq evləri və internatlardakı azyaşlı və yeniyetmələrə, şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir. Fond beynəlxalq təşkilatlar və dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə əməkdaşlıq şəraitində “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” və digər layihələr həyata keçirmiş, tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasına nail olunmuşdur. Fondun təşəbbüsü ilə ölkədə bir sıra xəstəxana, poliklinika, diaqnostika mərkəzləri və digər tibb ocaqları tikilmiş, təmir olun­muş və yenidən qurulmuşdur.
Eyni zamanda, Mehriban xanımın və Heydər Əliyev Fondunun fəaliyyətində Azərbaycan muğamına sevgi, ehtiram, onun yayılması və təbliğ edilməsi ən mühüm istiqamətlərdən birinə çevrilmişdir. Konkret olaraq, 2005-ci ildən bu yana keçirilən və AzTV ilə yayımlanan Muğam müsabiqəsinin dəyəri ölçüyəgəlməzdir. Çünki bu müsabiqə Azərbaycan muğam sənətinin inkişafına növbəti təkan vermiş, ikinci nəfəs rolunu oynamışdır və sair.
Bununla yanaşı, ətraf mühitin qorunması, Xəzərin ekoloji durumunun yaxşılaşdırılması sahəsində Fond tərəfindən hazırlanan proqramlar, təşəbbüslər artıq ölkəmizdə yeni gənclər hərəkatına çevrilmiş və İDEA kampaniyası çərçivəsində Azərbaycanda milyonlarla ağac əkilmişdir. Bu əkilən ağaclar da təkcə şəhərlərimizin, kənd və qəsəbələrimizin gözəlləşməsi, yaşıllaşdırılması demək deyil, bu, həm də ekologiyamızın təmizlənməsi, insanların sağlam həyat tərzinin təmin edilməsi deməkdir.
Ümumiyyətlə, bu Fondun gördüyü işləri bir yazı ilə, hətta bir qalın kitabla da əhatə etmək mümkün deyil. Çünki görülən işlər misilsizdir, bitib-tükənməzdir. Bu yazıda da məqsəd Mehriban xanımın və Heydər Əliyev Fondunun ötən illərdəki titanik fəaliyyətinə sərf-nəzər, ekskurs etməklə, daha çox Birinci vitse-prezidentin və Fondun son bir ildəki, xüsusilə, pandemiya dövründəki xidmətlərinə nəzər yetirmək, onlara işıq salmaqdır.


Dünyanı cənginə alan koronavirus və Mehriban Əliyevanın tarixi müraciəti, çağırışları
Bildiyiniz kimi, artıq bu ilin əvvəllərindən, yanvar-fevral aylarından dünyada bəlkə də heç kimin proqnozlaşdıra bilmədiyi bir hadisə, bir bəla yaşanmağa başladı və bu gün də yaşanmaqdadır. “Gizli düşmən” kimi dünyanı cənginə alan, böyük fəlakətlər törədən, iqtisadiyyatları qarşısında çökdürən, insanlıq faciələri yaşadan koronavirus adlı bəla hələ də davam etməkdə, ümumbəşəri bəla, faciə olaraq qalmaqdadır. 7 ay ərzində koronavirusa yoluxanların sayı 21 milyonu ötüb keçmiş, ölənlərin sayı isə artıq 800 minə yaxınlaşmışdır. Çox narahatedici, ürəkağrıdıcı bir mənzərədir. Dünya tibb elmi bu virusa, bu bəlaya qarşı vaksin, peyvənd tapmadıqca, görünən odur ki, bəşəriyyət hələ bir müddət də bununla “birgə yaşamaqda” və onun qarşısının alınması istiqamətində savaşını, mübarizəsini davam etdirməkdə olacaqdır.
Çox təəssüflər olsun ki, bu bəla bizlərdən də yan keçmədi. Bu bəladan xeyli sayda sağlamlığını itirənlərimiz, acı təəssüf hissi ilə qeyd etməli olsaq da, yüzlərlə dünyasını dəyişənlərimiz oldu və bu gün də var. Son məlumatlara görə, bizdə koronavirusa yoluxanların sayı 35 minə yaxınlaşmış, dünyasını dəyişənlərin sayı isə 500-ü keçmişdir. Ancaq bir çox dövlətlər, xüsusilə, Qərbin, Avropanın ən nüfuzlu, ən inkişaf etmiş, ən güclü, müasir səhiyyə sisteminə malik olan ölkələri ilk dönəmlərdə buraxdıqları yanlışlıqları üzündən hələ də bu bəlanın qarşısında aciz qalsalar da, ikinci dalğanı yaşamalı olsalar da, Azərbaycan dövlətinin, xüsusilə, ölkə prezidentinin vaxtında, zamanında önləyici, qabaqlayıcı addımları nəticəsində ötən 6 aya yaxın müddətdə imzalanan onlarla Fərman və sərəncamlar, onların düzgün icrası sayəsində bu bəlanın ölkəmizdə daha böyük fəsadlar törətməsinin, daha da genişlənməsinin qarşısı alındı.
Ötən 6 aya yaxın dövr ərzində pandemiyanın ağır fəsadlarına məruz qalmamaq üçün 5 milyona yaxın insan sosial paketlə əhatə olundu, əvvəlcə bir milyard, sonra isə 2,5 milyard, ümumilikdə 3,5 milyardlıq sosial dəstək paketi ortaya qoyuldu, dövlət başçısının təşəbbüsü ilə ali qanunverici orqan olan Milli Məclis tərəfindən qanunvericiliyiə, bir sıra məcəllə və qanunlara önəmli, vacib dəyişikliklər edildi.
Son misal kimi, bir neçə gün öncə yenə də ölkə başçısının təşəbbüsü ilə hökumət tərəfindən hazırlanan və parlamentə təqdim edilən 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi Milli Məclisin növbədənkənar sessiyasının plenar iclaslarının müzakirəsinə çıxarıldı və geniş, hərtərəfli müzakirələrdən sonra qəbul edildi. Həmçinin, dövlət büdcəsinə dəyişikliklər layihəsi dövlət başçısı tərəfindən imzalanaraq, hüquqi qüvvəyə mindi ki, burada da dövlət büdcəsinin xərclərinin daha 600 milyon manat artırılması və beləliklə, sosialyönümlülüyün təmin edilməsi, sosial dəstək proqramlarının davam etdirilməsi nəzərdə tutulur. Həmçinin, ötən müddətdə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, ölkə başçısı və birinci xanım bir illik məvaciblərini ilk olaraq, həmin Fonda köçürdülər, “Yeni klinika” başda olmaqla, bir çox xəstəxanlar koronavirus daşıyıcılarının müalicəsi və müayinəsi üçün həkimlərin və pasiyentlərin ixtiyarına verildi. Bununla yanaşı, modul tipli xəstəxanların yaradılmasına qərar verildi və Bakı da daxil olmaqla, artıq bir neçə bölgəmizdə ölkə prezidentinin və birinci xanımın iştirakı ilə onların istifadəsi, açılış mərasimləri keçirildi, ölkəmiz tibbi maskalar və digər qoruyucu tibbi avadanlıqlar istehsalına başladı.
“...Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun!”
Həm ölkə prezidenti, həm birinci xanım dəfələrlə Azərbaycan xalqına, ölkə vətəndaşlarına çağırış etmiş, onları sosial məsuliyyətə çağırmışlar. Mehriban xanım bu yöndəki ilk - mart ayındakı müraciətində demişdir:
“Dünya qlobal çağırışla üz-üzədir. Hələ bir il bundan əvvəl bizim əksəriyyətimiz sadəlövhcəsinə güman edirdik ki, pandemiya, bugünədək bəlli olmayan və insan həyatına son qoyan təhlükəli xəstəliklər dövrü keçmişdə qalıb. İnanırdıq ki, biologiya elminin, tibbin, əczaçılığın və texnologiyaların müasir inkişaf səviyyəsi, o cümlədən bəşəriyyətin kollektiv intellekt səviyyəsi bizi müəyyən “sürprizlərdən” sığortalayıb. Reallıq isə fərqli oldu. Nassem Talebin müzakirələrə səbəb olan “Qara qu quşu” dünyada hökm sürür. Müəllif öz məşhur kitabında yazır: “Hamı özünü təhlükədən qorumaq istəyir. Üsullardan biri – riskləri qiymətləndirmək və onları idarə etməkdir... Bizim nə qədər səy göstərməyimiz vacib deyil. Hər hansı bir riski dəqiqliklə proqnozlaşdırmaq qeyri-mümkündür”.
Müraciətdə həmçinin qeyd olunmuşdur ki, biz hamımız fərqliyik, amma evimiz birdir, özgə dərd olmur, ağrı və iztirablar sərhəd tanımır, biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır. Birinci vitse-prezident daha sonra müraciətində hər kəsi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırmışdır:
“Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir...”.
Müraciətdə yer alan fikirlər öz xalqı, vətəndaşı üçün dərin narahatlıq hissi keçirən, onun qayğıları ilə yaşayan, böyük qəlbə malik olan bir insanın harayı, çağırışı idi. Bu, bir ananın, bir Azərbaycan xanımının, bir Azərbaycan ziyalısının, bir Azərbaycan övladının ürək çırpıntıları, həssaslığı, duyarlılığı idi.
Bundan təxminən iki aya yaxın vaxt keçəndən, yumşaldılma tədbirləri ilə əlaqadar, bəzi vətəndaşların məsuliyyətsizliyi üzündən koronavirusa yoluxmada yenidən artım başlayandan sonra Mehriban xanım ikinci dəfə Azərbaycan xalqına, ölkə vətəndaşlarına üz tutdu, onlara yenidən səsləndi, növbəti dəfə çağırışını etdi, hər bir insanı özünü və ətrafındakıları qorumağa dəvət etdi. Təbii ki, bu çağırış, bu müraciət, eyni zamanda, dövlət, hökumət tərəfindən atılan saysız-hesabsız addımlar nəticəsiz qalmadı, son günlərin müsbət dinamikası da bunun əyani təzahürüdür. Artıq istər yoluxmada, istərsə də ölüm sayında ciddi azalmalar hiss olunmaqda, yaşanmaqdadır və elə hesab edirəm ki, birgə məsuliyyətimiz, birgə həmrəylimiz nəticəsində bu bəladan, bu virusdan xilas olacağımız, qurtulacağımız gün də uzaqda deyil. Bunun üçün də hamı bir nəfər kimi Operativ Qərargahın qərarlarına, karantin qaydalarına, mütəxəssislərin tövsiyələrinə, xüsusilə, hər zaman vətəndaşının yanında olan ölkə prezidentinin və Birinci vitse-prezidentin çağırışlarına, müraciətlərinə əməl etməlidir. Sosial məsafə gözlənilməli, tibbi maskalardan və əlcəklərdən istifadə olunmalıdır. Burada laqeydlik, biganəlik, məsuliyyətsizlik, özfəaliyyət olmamalıdır. Məsuliyyətliliklə, həmrəylik nümayiş etdirməklə birlikdə bu bəladan xilas olunmalıdır. Ancaq çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də Operativ Qərargahın qərarlarına laqeydlik göstərən, onlara əməl etməyən insanlarımız var. Hələ də Operativ Qərargah tərəfindən toy məclislərinə pandemiya dönəmində qoyulan qadağanı cəmiyyətdə kifayət qədər tanınan, məsul vəzifələrdə çalışan insanlar da pozurlar. Bu məclislərdə insanlar kütləvi şəkildə iştirak etdiyi və bir-biri ilə sıx təmasda olduğu üçün koronavirusun yayılması daha asandır. Bu baxımdan, mart ayının ortalarından toy məclislərinə qadağa qoyulması, yumşaldılmaların hələ də onlara şamil edilməməsi çox düzgün addımdır. Əgər qadağa qoyulubsa, ona hamılıqla əməl etməliyik. Biz birlikdə xilas və birlikdə güclü olmalıyıq və olacağıq”. Necə deyərlər, biz birlikdə xilas və birlikdə güclü olmalıyıq, biz birlikdə də xilas və birlikdə də güclü olacağıq!

Dünya pandemiyanın qarşısının alınması hayında, məkrli düşmən - işğalçı Ermənistan isə növbəti fitnəkarlıq, qəsb, işğal hayında
Heç kim üçün sirr deyil ki, 32 ildir xalqımız məkrli və hiyləgər düşmənin, havadarlarının dəstəyi ilə 20-ci əsrin əvvəllərində Azərbaycan torpaqları hesabına özünə dövlət yaratmağa nail olmuş Ermənistanın işğalçılıq, təcavüzkarlıq siyasəti ilə üz-üzədir. Münaqişə hələ də həll olunmamış vəziyyətdə qalır. BMT Təhlükəsizlik Şurası, münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu və həmsədrlər də ötən müddət ərzində Ermənistanı işğalçılıqdan çəkindirmək üçün heç bir ciddi addım atmayıblar.
Halbuki onların hər birinin əlində Ermənistanı cəzalandırmaq, onu işğalçılıqdan çəkindirmək, təcavüzə, işğal faktına son qoydurmaq, sülhə razı salmaq üçün kifayət qədər təsir və təzyiq mexanizmləri var. Onlar əslində Qarabağ münaqişəsi vasitəsi ilə nə yolla olursa-olsun, Azərbaycanı öz təsirləri, nəzarətləri altına almaq istəyirlər. Amma unudurlar ki, artıq onların qarşısında 90-cı illərin əvvəllərinin zəif, güc­süz, köməksiz, müdafiəsiz Azərbaycanı yoxdur. Bu gün onların qarşısında kifayət qədər güclü, qüdrətli, inkişaf, tərəqqi yolunda inamla addımlayan Azərbaycan var. Bu gün Azərbaycan dünyanın 50 güclü ordusuna malik olan ölkələr sırasındadır, bu gün Azərbaycanın təkcə hərbi büdcəsi bütövlükdə işğalçı ölkənin dövlət büdcəsinə bərabərdir. Bu gün Ali Baş Komandanın rəhbərlik etdiyi müsəlləh, müzəffər, istənilən an istənilən əmri qalibiyyətlə yerinə yetirməyə hazır və qadir olan Azərbaycan ordusu var. Bu ordu öz sözünü 2016-cı ilin aprel əməliyyatlarında dedi, nələrə qadir olduğunu və ola biləcəyini həm düşmənə, həm də onun havadalarına nümayiş etdirdi. Bu ordu 2018-ci ilin yayında Cünnüt əməliyyatını keçirməklə düşmənə bir daha özünün gücünü, qüdrətini göstərdi. Bu ordu cəmi bir neçə gün Azərbaycanın hərb salnaməsinə, hərb tarixinə növbəti igidlik, qəhrəmanlıq nümunəsi əlavə etdi.
Bu il iyul ayının 12-də xarici havadarlarının birbaşa təlimatı ilə Azərbaycan-Ermənistan sərhəddinin Qərb, Tovuz istiqamətində növbəti təxribata, növbəti fitnəkarlığa əl atan Ermənistan bu dəfə daha təhlükəli və məkrli planı, ssnerani gerçəkləşdirmək istəyirdi. Dünya miqyaslı layihələrin, boru kəmərlərinin keçdiyi Tovuz bölgəsinə hücum etməklə, həmin bölgəni nəzarətdə saxlamağa və beləliklə, Azərbaycanı dünya, beynəlxalq tərəfdaşları qarşısında pis duruma düşürməyə, onun imicinə, nüfuzuna xələl gətirməyə, işğal dairəsini bir qədər də genişləndirməyə cəhd etdi.
Əslində, bununla məkrli və hiyləgər qonşularımız, işğalçı və təcavüzkar Ermənistan bir daha öz iç üzünü, mahiyyətini ortaya qoydu. Onun üçün əslində heç bir dəyər, meyar, ölçü olmadığını, sadəcə hər fürsətdən, imkandan yararlanıb, növbəti qəsb, zəbt, işğal siyasətini yeritməkdən başqa bir şey düşünmədiyini, şovinist, terrorist ruhunu nümayiş etdirdi. Xüsusilə, bütün dünyanın başının koronavirus bəlasına qarışdığı, pandemiyaya qarşı savaşdığı, onunla çarpışdığı bir dönəmdə öz xislətinə uyğun şəkildə növbəti fitnəkar və məkrli planlarını həyata keçirməyə çalışmaqla, bir daha sülhə, təhlükəsizliyə, insanlığa təhlükə və təhdid olduğunu açıq-aşkar sübut etdi. Amma arzuları gözlərində qoyuldu, çirkin və murdar niyyətləri, planları çin olmadı.
Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu bu dəfə də düşmənə və onun havadalarına öz layiqli cavabını verdi, onların bütün planlarını alt-üst etdi. Hətta Ermənistan elə bir duruma düşdü ki, ənənəvi müttəfiqləri belə onlara kömək edə bilmədi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qapısından üzüqara, əliboş geri dönməli oldu. Çünki başqa cür də mümkün deyildi. KTMT üzvləri olan dövlətlər hər zaman onlarla səmimi əməkdaşlıq və tərəfdaşlıq münasibətlərində olan (xüsusilə, ağır pandemiya dövründə) Azərbaycana qarşı əks, onun maraqlarına toxuna biləcək mövqe nümayiş etdirə bilməzdilər və etdirmədilər.
Bütün cəbhələrdə, hərb, savaş, siyasət, diplomatiya meydanında uduzan, qanlı əlləri hər yerdən üzülən Ermənistan və havadarları bu dəfə daha bir iyrənc ssenariyə əl atdı, bununla Azərbaycana qarşı olan qəzəblərini az da olsa, soyutmaq istədilər. Belə ki, dünyanın bir çox yerlərində yaşayan həmvətənlərimiz, soydaşlarımız yaşadıqları dövlətlərdə ermənilərin və Ermənistanın işğalçılığına, dünyanın bu ədalətsizliyə göz yummasına etiraz səslərini ucaltdılar, dinc aksiyalar keçirməyə başladılar. Bu zaman terrorizmi fəaliyyətinin başlıca amili elan edən erməni lobbisi, qanlı “ASALA”nın tör-töküntüləri öz terrorçu mahiyyətinə uyğun olaraq, soydaşlarımıza, həmvətənlərimizə qarşı təzyiqlərə, fiziki zor tətbiq etməyə, terror havası əsdirməyə cəhd etdilər. Amma soydaşlarımızın, Azərbaycan diasporunun, son illər təşkilatlanmaqda, oturuşmaqda, özünü təsdiqləməkdə olan diaspor təşkilatlarının, onun fəal üzvlərinin birgə, koordinasiyalı fəaliyyəti, yüksək iradəsi və təmkini nəticəsində ermənilərin, Ermənistanın, onun havadarlarının bu murdar ssenarisinin də qarşısı alındı, düşmən növbəti dəfə fiaskoya uğradıldı, “erməni lobbisi mifi” yerləbir edildi.
Həmin günlərdə Mehriban xanım soydaşlarımızla, həmvətənlərimizlə birgəlik, həmrəylik nümayiş etdirərək, dünyaya, beynəlxalq təşkilatlara, özlərini insan hüquqlarının müdafiəçiləri elan edən beynəlxalq qurumlara çağırış etdi, onları haqsızlığa səssiz qalmamağa, susmamağa, erməni vandalizminə və terronuna qarşı çıxmağa səslədi. Müraciətdə qeyd edilmişdir:
“Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq hiddət, həm də əsaslı suallar doğurur. Həmin ölkələrin hüquq-mühafizə orqanları azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar? Mən bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıram, çünki qanunsuz əməllər cəzalandırılmalıdır.
Müraciətdə həmçinin, çoxsaylı qeyri-hökumət təşkilatları, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” törədilmiş hadisələrə ədalətli qiymət verməyə, prinsipiallıq nümayiş etdirərək, ikili standartlar siyasətindən əl çəkməyə çağırılmışdır. Müraciətinin sonunda isə Birinci vitse-prezident bir daha bu məsələdə birmənalı mövqeyini ifadə edərək demişdir:
“Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək. Ona görə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!”.
Bəli, bütün dünya bilməlidir ki, ötən 32 il ərzində Azərbaycanın Qarabağ, torpaq məsələsində mövqeyi heç zaman dəyişməyib. Torpaq məsələsində indiyə qədər heç bir güzəştə gedilməyib və bundan sonra da gedilməyəcək. Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycanın olacaq!

Bakının simasının gözəlləşdirilməsi, ekoloji durumunun yaxşılaşdırılması, Xəzərin çirklənməsinin qarşısının alınması və digər hədəflər
Onu da qeyd etmək yerinə düşər ki, Mehriban xanımın çoxşaxəli fəaliyyətinin təməlində paytaxtımızın, doğma Bakımızın gözəlləşdirimləsi, onun səliqə və sahmanının təmin edilməsi, abadlaşdırılması, qədimliyinin, tarixiliyinin qorunması şərti ilə müasirləşdirilməsi dayanır. Heç təsadüfi deyil ki, Mehriban xanımın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun, Fondun Birinci vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində yerləşən binaların həyətlərinin abadlaşdırılması layihəsi keçirilir və bu istiqamətdə də böyük uğurlar əldə edilmişdir. Onlarla, yüzlərlə binaların həyətləri abadlaşdırılmış, səliqə-sahmana salınmış, qocaların, yaşlı insanların, eləcə də azyaşlı uşaqların istirahəti üçün yaşıllıqlar, oyun meydançaları salnmışdır. Bunlar hamısı Bakı əhalisinin, paytaxt sakinlərinin hər birinin ürəyincədir və görülən işlər də onlar tərəfindən müsbət qiymətləndirilir, təqdir edilir.
Bəli, Bakımız ölkəmizin inkişaf tempinə və dinamikasına uyğun olaraq, sürətlə inkişaf edir, gözəlləşir, simasını dəyişir, modernləşdir. Ancaq bununla belə, hələ də görüləsi işlər, çatışmazlıqlar var. Xüsusilə də, yeni göydələnlərin, çoxmənzilli binaların tikilməsində pərakəndəlik, memarlıq və arxitektura qaydalarına riayət edilməməsi halları var. Bir çox hallarda yaşayış binaları harada, necə gəldi tikilir ki, bu da nəticə etibarı ilə Bakımızın gözəlləyinə, görülən işlərə xələl gətirir, kölgə salır. Bu məsələ dəfələrlə dövlət başçısı tərəfindən də dilə gətirilib, müvafiq tapşırıqlar verilib. Elə bunun nəticəsidir ki, bir müddət öncə Bakı şəhərinin Yasamal rayonu ərazisində köhnə yaşayış binalarının yerləşdiyi ərazinin zəbt edilməsinin, hasarlanmasının qarşısı alındı və orada istirahət parkının, yaşıllığın salınması üçün addımlar atılmasına qərar verildi. Dövlət başçısı və Mehriban xanımın iştirakı ilə həmin əraziyə tanışlıq məqsədilə baxış keçirildi. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın gələcəkdə Bakımızın memarlıq üslubuna, gözəlliyinə xələl gətirən addımların hamısının bir-bir qarşısı alınacaq, Bakımız dünya şəhərləri və paytaxtları arasında qədimliklə müasirliyin vəhdət halını aldığı, daha gözəl, təmiz, səliqə-sahmanlı bir şəhər kimi öncül yerlərdən birində bərqərar olacaq.
Bununla yanaşı, Mehriban xanımın və yenə də Heydər Əliyev Fondunun, Fondun Birinci vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsu ilə Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, onun çirkləndirilməsinin qarşısının alınması, insanların istirahət məkanına çevrilən çimərliklərin təmizlənməsi istiqamətində böyük addımlar atılmaqdadır. Xəzərə təkcə “qara qızıl”, maddiyyat kimi dəyər verilmir, ona həm də bir növ mənəvi sərvətimiz kimi yanaşılır. Artıq bir neçə ildir ki, müvafiq dövlət qurumları, könüllülər ordusu ilə birlikdə də bu istiqamətdə bir sıra ciddi addımlar atılır və atılmaqdadır.
Çox təəssüflər olsun ki, bəzən elə vətəndaşlarımızın özlərinin məsuliyyətsizliyi, biganəliyi üzündən Xəzərimiz, çimərliklərimiz çirkləndirilir, ekologiyamıza ciddi ziyanlar vurulur. Elə hesab edirəm ki, bunlar yolverilməz və qəbuledilməzdir. Çünki bunlar nəticə etibarı ilə elə həmin vətəndaşlarımızın, bütövlükdə Bakımızın, Xəzərimizin, ekologiyamızın özünün ziyanınadır, bir sıra xəstəliklərin yayılması üçün əsl “mənbə”dir.
Bu yerdə Böyükşor gölü deyilən ərazidə görülən işləri də qeyd etməmək olmaz. Bu işlər birbaşa Bakımızın, paytaxtımızın ekoloji durumunun yaxşılaşdırılması ilə bağlı olan işlərdir. Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərində yerləşən boya fabrikində baş vermiş yanğın zamanı kimyəvi maddələrlə qarışmış suyun Böyükşor gölündə yaratdığı fəsadlar böyük narahatlığa səbəb olmuşdu. Paytaxtın bir çox ərazisində pis, xoşagəlməz qoxu insanlarda böyük təşviş doğurmuşdu. Dərhal bu məsələyə müdaxilə edən, vəziyyəti nəzarətə götürən Mehriban xanım yaranmış durumun aradan qaldırılması üçün tapşırıqlar verdi və tezliklə də yaranmış xoşagəlməz vəziyyətə son qoyuldu.
Ümumiyyətlə, dünyada və onun bir parçası olan ölkəmizdə baş verən iqlim dəyişiklikləri, onun təsirləri, ekoloji durum, ətraf mühitin, təbiətin mühafizəsi, suya artan tələbat son illərin ən aktual və vacib məsələlərindəndir. Bunlar həm də Dayanıqlı İnkişaf Məqsədlərinin əsas prioritetlərindəndir. Heç təsadüfi deyil ki, bu məsələlərin həlli istiqamətində son illər dövlətimiz tərəfindən də bir sıra addımlar atılmış və atılmaqdadır. Ancaq bununla belə, problemlər də qalmaqda, həllini gözləməkdədir.
Son illərin, belə demək mümkünsə, ən ürəkaçan və ən sevindirici məqamlarından biri də budur ki, Mehriban xanımın birbaşa təşəbbüsü və göstərişi ilə Bakının qədim kənd və qəsəbələrinin abadlaşdırılması, restavrasiya işlərinin aparılmasına start verilib. Bunu Mərdəkan, Şüvələn qəsəbələrinin timsalında görmək mümkündür. Son zamanlar isə bu sıraya Bakımızın daha bir qədim kəndi, qəsəbəsi - Balaxanı da əlavə olunmuşdur.
Artıq son bir neçə ayda yerli imkanlar hesabına Balaxanının 3 böyük mərkəzi küçəsi, yaşayış evləri abadlaşdırılmış, bu yaşayış məskəni qədimliklə müasirliyin sintez halını özündə əks etdirən restavrasiya işləri ilə gözəlləşdirilmişdir. Bir vaxtlar az qala Bakının zibilliyinə, üfunət yuvasına çevrilən bu bölgənin siması başdan-başa dəyişmiş, ekoloji durumu xeyli yaxşılaşdırılmışdır. Bu istiqamətdə görülən işlər eyni sürətlə və intensivliklə davam etdirilməkdə, sıraya yeniləri də əlavə olunmaqdadır. Bunlar hamısı Mehriban xanımın öz xalqına, dövlətinə, ölkəsinə, böyüyüb-boya başa çatdığı Bakı şəhərinə verdiyi yüksən dəyərin nümunəsi, təcəssümü, göstəricisidir. Bu, onun həm də Vətəninə, Dövlətinə, doğma Bakısına vətəndaşlıq, övladlıq borcunu yerinə yetirməsi, hər kəs üçün nümunə olmağı bacarmasıdır. O, bugünə kimi bütün işlərində, bütün addımlarında nümunə olub, bunu gerçəkləşdirib, bundan sonra da bu missiyanı daha layiqincə yerinə yerinə yetirəcək, daha yeni nümunələr yaradacaq.
Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin, xüsusilə, ölkə prezidentinin iradəsi, yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan böyük inkişaf strategiyası müəyyənləşdirmiş və ortaya qoymuşdur. Həmin strategiyanın başlıca hədəfləri isə ölkənin gələcəyə hesablanmış keyfiyyətli inkişafı, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir. Həm ölkə prezidenti, həm Birinci vitse-prezident həmin strategiyanın həyata keçirilməsində, reallaşdırılmasında qoşa qanad kimi birgə fəaliyyət ortaya qoyur, birgə fədakarlıqlar nümayiş etdirirlər. Bizlərin də vətəndaşlıq borcu və vəzifəsi odur ki, bu müqəddəs işdə onlara yardım edək, dəstək olaq. İnanıram və qəti əminəm ki, xalqımız - ölkə prezidenti və Birinci vitse-prezidentin rəhbərliyi, iştirakı ilə müəyyənləşdirilmiş həmin strategiyanın həyata keçirilməsinə nail olacaq.
Qarşıdan Mehriban xanımın növ­bəti doğum günü gəlir. Bu əla­­­mətdar gün münasibəti ilə Mehriban xanımı təbrik edir, ona uzun ömür, can sağlığı, işində, fəaliyyətində, ictimai-siyasi, şəxsi, dövlət həyatında növbəti nai­liy­­yətlər, zəfərlər, qələbələr arzulayıram.
Yaxşı ki varsınız, Mehriban xanım!
Allah Sizi, ölkə prezidentini, ömür-gün yoldaşınız cənab İlham Əliyevi, xalqımızı, dövlətimizi qorusun!

Ziyad SƏMƏDZADƏ,
millət vəkili, akademik

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır