AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
07.02.2011
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ölkədə dərman və ərzaq məhsullarının keyfiyyətinə ciddi nəzarət olunmadığını, bəzi məhsulların hətta milli genofonda mənfi təsir etdiyini bildirib.

İnkişaf etmiş ölkələrdə eyni dərmanın bütün apteklərdə eyni qiymətə satıldığını bildirən komitə sədri Azərbaycanda ayrı-ayrı apteklərdə dərmanların fərqli qiymətə satılmasını qəribə hal hesab edir. Z.Səmədzadə dərmanların keyfiyyəti və qiymətində də problemlərin olduğunu bildirib: «Bəzi apteklərdə yazılır ki, ən ucuz dərmanlar bizdədir. Bu o deməkdir ki, ya dərmanlar keyfiyyətsizdir, ya da başqa məsələlər var».

Dərmanların keyfiyyəti və qiyməti ilə bağlı müzakirələri davam etdirən «Xəzər Maliyyə Klubu»nun rəhbəri Xəyal Məmmədxanlı Türkiyədə 200 avroya satılan dərmanın Bakıda 900-950 manata satıldığını bildirərək parlament üzvündən bu sahədə qiymətlərin necə tənzimlənməsi ilə bağlı maraqlanıb: «Yəni, hər kəs gətirdiyi malın üstünə istənilən qədər gəlir marjası qoya bilərmi, yoxsa burada hansısa bir hədd var?».

Ölkəyə geni dəyişdirilən ərzaq mallarının gətirildiyini deyən komitə sədri bununla məşğul olan iş adamlarını qınayıb: «Onlar hələ dərk etmirlər ki, Azərbaycan xalqının genofonduna necə təsir edirlər».

Z.Səmədzadə bəzi ərzaq məhsullarının keyfiyyətsiz olduğunu bildirərək bunu haqsız rəqabətin nəticəsi olduğunu bildirib: «Mənə bəzi məlumatlar veriblər, gəlin yediyimiz yağların, istifadə etdiyimiz dərmanların tərkibinə baxaq, onları gətirənlərin qazancına baxaq. Bunlar hamısı haqsız rəqabətin nümunələridir».

Bəzi şirkətlərin ölkəyə keyfiyyətsiz yarımfabrikat məhsullar gətirdiyini deyən Z.Səmədzadə buna misal olaraq ölkədəki iaşə müəssisələrindən biri misal çəkib: «Ad çəkmək istəmirəm, Azərbaycanda insanların kütləvi getdiyi bir ictimai iaşə müəssisəsi var. Nəyə görə onlarda hazır məhsullar ölkəyə yarımfabrikat formasında gətirilir, biz hardan bilək ki, gətirilən xammalın tərkibində uşaqların qidası üçün nə var, bəlkə zərərlidir, niyə onların sirləri açılmır?!».

Dövlət başçısının haqsız rəqabətin aradan qaldırılması və bu məsələlərin araşdırılması ilə bağlı tapşırığının olduğunu bildirən komitə sədrinin sözlərinə görə, qəbul olunacaq Rəqabət Məcəlləsində bu məsələlərə də toxunulacaq. Bununla yanaşı millət vəkili ölkədə istehlakçıların maarifləndirilməsi üçün təbliğatın aparılmasını da vacib sayır.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır