AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
07.02.2011


MƏTBUAT ÜÇÜN AÇIQLAMA

ATİB İdarə Heyəti üzvləri

Ziyad Səmədzadə ilə görüşüblər

 

No: 11/02/136  - 03.02.2011

3 fevral 2011-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) nümayəndə heyətini qəbul edib.

Görüşdə İqtisadi Siyasət Komitəsi üzvləri Xanhüseyn Kazımlı, Vahid Əhmədov və Əli Məsimli də iştirak ediblər.

İdarə Heyətinin sədri Fatimə Aslanın rəhbərlik etdiyi ATİB nümayəndə heyətində İdarə Heyəti sədrinin müavinləri Ali İhsan Genç, İhsan Fatoğlu və Rəşad Rəsullu, İdarə Heyəti üzvləri Resul Doğan və Kenan Köse, ATİB üzvləri Mehmet Sami Acarözmen, Hamza Tayfun və İlham Alməmmədov təmsil olunublar.

İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə ATİB nümayəndə heyətini salamlayaraq bildirdi ki, iki qardaş ölkə arasında hərtərəfli əlaqələr özünün dinamik inkişafını davam etdirir. O qeyd etdi ki, ölkənin qeyri-neft sektorunun inkişafında Türkiyə sərmayəçilərinin rolu böyükdür: “İqtisadi Siyasət Komitəsi olaraq biz də ölkəmizdə investisiya mühitinin daha da təkmilləşdirilməsi, ölkəmizə daha çox xarici sərmayənin cəlb edilməsi üçün çalışırıq. Hazırda məsələn, bizim iş planımızda Gömrük Məcəlləsi, Rəqabət Məcəlləsi, Tikinti Məcəlləsi və s. bu kimi əhəmiyyətli qanun layihələri mövcuddur və əminik ki, bu qanun layihələrinin də qəbul edilməsi ilə ölkəmizdə biznes iqlimi daha da yaxşılaşacaqdır”.

ATİB İdarə Heyətinin sədri Faimə Aslan qəbul üçün təşəkkür edərək ATİB-in fəaliyyəti haqqında qısa məlumat verdi: “ATİB ötən 7 il ərzində qarşısında duran əsas vəzifələrdən biri olan iki ölkə arasında istər ticarət əlaqələrinin, istərsə də investisiya əlaqələrinin genişləndirilməsi istiqamətində öz partnyorları ilə bir yerdə mühüm fəaliyyətlər həyata keçirib. ATİB Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO), Türkiyə Respublikası Xarici Ticarət Müstəşarlığı, Azərbaycan Türkiyə İş Şurası, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və digər partnyor təşkilatlarla birlikdə 25-ə yaxın biznes forumu təşkil edilib. Bundan əlavə, ötən illər ərzində ATİB ofisində Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmaq istəyən 350-ə yaxın Türkiyə və üçüncü ölkələrin şirkətləri ilə görüşlər keçirilərək onlara Azərbaycandakı investisiya mühiti və biznes imkanları barədə geniş məlumat verilib”.

 

Daha sonra İdarə Heyəti sədrinin müavini Ali İhsan Genç ATİB tərəfindən iqtisadi qanunvericliklə bağlı hazırlanmış təklifləri Komitə üzvlərinə təqdim etdi və təkliflər ətrafında müzakirələr aparıldı. Görüşün sonunda qərara alındı ki, bu və digər məsələlər barəsində İqtisadi Siyasət Komitəsi ilə ATİB arasında məsləhətləşmələr bundan sonra da davam etdirilsin, qanun layihələrinin müzakirələrinə ATİB üzvləri və ekspertləri də cəlb edilsin.

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır