AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
08.04.2011
Milli Məclisin növbəti iclası keçirilmişdir
Aprelin 8-də Milli Məclisin növbəti iclası keçirilmişdir.
Iclasda əvvəlcə cari məsələlərə baxılmış, Milli Məclisin sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibətini bildirmişdir.
Sonra gündəlikdə qanun layihələrinin müzakirəsinə başlanılmışdır.
Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn turistlərə viza rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsi məqsədi ilə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə” qanun layihəsini müzakirəyə təqdim etmişdir. O demişdir ki, Qanuna edilən dəyişikliklər Azərbaycana gələn turistlərin viza rejiminin sadələşdirilməsinə xidmət edir. Bu qanun qüvvəyə mindikdən sonra əcnəbilərin turizm şirkətləri vasitəsilə elektron qaydada viza alması asanlaşacaqdır. Həmçinin, turizm şirkətləri turistlərə viza almaq üçün şəxsin sənədlərini poçt vasitəsilə ölkəmizin xaricdəki səfirliklərinə və konsulluqlarına göndərə biləcəklər. Viza “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə rəsmiləşdirilərək, elektron qaydada müraciət edənin elektron poçt ünvanına göndəriləcəkdir. Viza verilməsindən imtina edildikdə isə bu barədə əsaslandırılmış məlumat veriləcəkdir.
Viza verilməsi haqqında əcnəbilərin ərizələrinə əlaqədar qurumlara müraciət olunduğu gündən ən geci bir ay keçənədək baxılacaqdır. Lakin əgər səfər təcili müalicə, Azərbaycanda yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiq edən sənəd təqdim olunduqdan müraciətə 48 saat ərzində baxılacaqdır.
Turistlərə viza verilməsi haqqında ərizələrə müraciət edildiyi gündən ən geci 15 iş günü keçənədək baxılacaqdır.
Deputatlar bildirmişlər ki, Qanuna edilən əlavələr və dəyişikliklər ölkədə turizmin inkişafına və bu sektora olan marağın daha da artmasına təkan verəcəkdir. Qanun layihəsi səs çoxluğu ilə qəbul olunmuşdur.
Sonra “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə əlavələr və dəyişikliklər edilməsi barədə” qanun layihəsinə baxılmışdır. Ə.Hüseynli demişdir ki, dəyişikliklər miqrasiya orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və maddi təminatının yaxşılaşdırılmasına xidmət edir. Dəyişikliklərdə miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə bu orqanın əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi miqrasiya xidməti işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatını yaxşılaşdırılması üçün müvafiq icra hakimiyyəti orqanının hesabına keçirilməsi nəzərdə tutulmuşdur. Qanun layihəsi səs çoxluğu ilə qəbul edilmişdir.
Daha sonra “İcbari sığortalar haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunmuşdur.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə demişdir ki, bu qanun icbari sığorta sahəsində yaranan münasibətləri tənzimləyəcək, bu sahədə sığortaçıların, sığortalıların, sığorta olunanların və faydalanan şəxslərin hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında icbari sığortaların həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu Qanunda nəzərdə tutulmuş ayrı-ayrı icbari sığorta növlərinin aparılması qaydalarını və şərtlərini müəyyən edəcəkdir.
Qanunun hazırlanmasının əsas məqsədi ölkədə sığorta bazarını inkişaf etdirmək, bu yolla əhalinin sosial müdafiəsinin gücləndirilməsinə kömək göstərməkdir.
Bildirilmişdir ki, əhalinin sosial müdafiəsində sosial sığorta sistemi əvəzedilməzdir. Azərbaycanda sosial sığorta sisteminin təkmilləşdirilməsi ölkənin iqtisadi inkişafı ilə yanaşı sığorta bazarının da genişlənməsinə müsbət təsir göstərəcəkdir.
Müzakirələrin sonunda layihə səslənən rəy və təkliflər nəzərə alınmaqla ikinci oxunuşda qəbul olunmuşdur.
İclasın sonunda “Azərbaycan Respublikasının Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının seçilməsi haqqında” qanun layihəsi səsə qoyularaq qəbul edilmişdir.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır