AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
14.05.2011
“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” kitabının təqdimatı olmuşdur

Mayın 4-də Azərbaycanda Atatürk Mərkəzində Əməkdar İncəsənət Xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” kitabının təqdimatı olmuşdur.
Təqdimat mərasimində Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, incəsənət xadimləri və s. iştirak etmişlər.
Mərasimi Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov açaraq bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində təqdim olunan bu kitab dahi şəxsiyyətin irsinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir.
Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə məlumat vermişdir ki, kitab “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, “Ümummilli liderin ədəbi irs təlimi”, “Azərbaycan teatrının böyük hamisi”, “Milli kino sənətimizə tükənməz qayğı”, “Rəssam duyumlu müdrik insan - Heydər Əliyev”, “Musiqi aləmindən dünyaya baxış” fəsillərindən ibarətdir.
Ümummilli liderimiz Heydər Əliyevin çoxcəhətli mədəniyyət nəzəriyyəsinin təhlilinə həsr olunmuş nəşrdə müəllif dünya şöhrətli siyasi xadimin mədəniyyət konsepsiyasını şərh etməyə çalışır.
Bildirilmişdir ki, 259 səhifəlik kitabda ulu öndərin milli-mənəvi xəzinəmiz olan adət və ənənələrimiz, dini inanclarımız, ədəbiyyatın, incəsənətin müxtəlif sahələri ilə bağlı müdrik fikirləri yer almışdır. Eyni zamanda, Heydər Əliyevin sənət xadimləri ilə unudulmaz görüşləri, onlara göstərdiyi diqqət və qayğı kitabda xüsusi qeyd olunur.
Müəllif yeni kitabında belə bir fikri metodoloji əsas kimi götürür ki, ulu öndər Heydər Əliyev istər çoxəsrlik zəngin ədəbiyyatımız, istərsə də qədim və bədii cəhətdən kamil mədəniyyət və incəsənətimizin ayrı-ayrı sahələrindən bəhs edərkən bütün bunlara dövlətçilik nöqteyi-nəzərindən, azərbaycançılıq fəlsəfəsinin məxəzləri kimi yanaşmışdır.
Kitab elmi-konseptual xarakterdə olduğundan tədqiqatçı-alimlər, ziyalılar, tələbələr, magistrlər və doktorantlar üçün nəzərdə tutulmuşdur.
Milli Məclisin deputatı Fəttah Heydərov bildirmişdir ki, ümummilli lider Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltəraşlıq və rəssamlığımız, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnmişdir. Azərbaycan mədəniyyətinin hərtərəfli inkişafında və onun zəngin mənəvi-mədəni irsinin dünyaya çatdırılmasında ulu öndər Heydər Əliyev çox böyük rol oynamışdır.
F.Heydərov vurğulamışdır ki, yeni nəşr Azərbaycan gəncliyinin ulu öndərin zəngin irsini dərindən öyrənməsi baxımından çox dəyərlidir.
Milli Məclisin deputatları, akademiklər Abel Məhərrəmov, Ziyad Səmədzadə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və başqaları çıxış edərək bildirmişlər ki, Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoymuş, milli-mənəvi dəyərlərimizi beynəlxalq aləmdə tanıtmışdır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan vermişdir.
Bildirilmişdir ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin milli mədəniyyətin və mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması siyasətini uğurla davam etdirir.
Tədbirdə mədəniyyət və incəsənət xadimləri ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşmüşlər.
Qeyd etmişlər ki, ümummilli liderimiz həmişə mədəniyyət xadimlərinə, incəsənət və teatr işçilərinə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Onların əməyini yüksək qiymətləndirmiş, vaxtaşırı bu sahənin adamları ilə görüşlər keçirmiş, problemləri ilə maraqlanmışdır.
Sonda kitabın müəllifi Timuçin Əfəndiyev iştirakçılara təşəkkürünü bildirmişdir.
“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” kitabının redaktoru filologiya elmləri doktoru, professor Aqşin Babayevdir.

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır