AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
20.09.2011
İslam dini toy və yas mərasimlərində israfçılığa yol verilməsinin əleyhinədir

İyulun 13-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) toy və yas mərasimlərinin təşkili və keçirilməsi qaydaları, vəqf olunmuş qəbiristanlıq ərazilərində məzar yerlərinin satılması, dəbdəbəli qəbirüstü abidələrin ucaldılması və günümüzün reallığına aid olan bu kimi digər problemlərlə bağlı “dəyirmi masa” keçirilmişdir. 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə mövzunun əhəmiyyətindən, bir sıra problemlərin həlli yollarından danışmışdır. Bildirilmişdir ki, dinimiz toy və yas mərasimlərində israfçılığa yol verilməsinin əleyhinədir. Bununla bağlı dəfələrlə müraciət etmişik. Bu məsələ təkcə din xadimlərinin vasitəsilə deyil, həm də ağsaqqalların iştirakı, maarifləndirmə, təbliğat yolu ilə həllini tapmalıdır. Mövcud problemlərin həll olunmasında KİV-lərin də rolu mühümdür. 
“Dəyirmi masa”da Azərbaycan Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov, Şura sədrinin müavini, Milli Məclisin deputatı Fəttah Heydərov, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, parlamentin deputatı Fazil Mustafa və başqaları çıxış edərək mövzunun əhəmiyyətindən, mövcud problemlərin həlli yollarından danışmış, təkliflərini bildirmiş, bu sahədə təbliğatın və maarifləndirmənin ardıcıl aparılmasının vacibliyini vurğulamışlar. QMİ-nin bu təşəbbüslə çıxış etməsi təqdirəlayiq hal kimi qiymətləndirilmişdir. 
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin qazılar və elmi-dini şuralarının müraciəti oxunmuşdur.
Müraciətdə deyilir ki, insanların şənlik və ya matəmlərdə iştirakı dini baxımdan münasib sayılır. Lakin istər toy, istərsə də yas mərasimlərində israfçılıq və ifrat dəbdəbə Allah tərəfindən bəyənilməyən bir əməldir. Mərasimlərin təşkili zamanı israfçılıq hallarının qarşısının alınmasında cəmiyyətimizin birgə səyləri, ictimai qınaq olduqca vacibdir. Dəfn mərasimlərində təmtəraqlı ehsan verilməsinin dini baxımdan heç bir əsası yoxdur. İslam qənaət, sadəlik və mötədillik dinidir. Bahalı məzar daşlarının düzəldilməsi İslam normalarına ziddir. Qəbiristan torpaqları vəqf ərazisi hesab olunur, onların satışı dinimizə görə haramdır. 
Müraciətin sonunda deyilir ki, vahid dini-mənəvi dəyərlər konsepsiyasının tərtibi və təsdiqi zamanı mülahizələrimizin nəzərə alınacağına, cəmiyyətimizdə fikirlərimizin rəğbətlə qarşılanacağına ümid bəsləyirik. Əminik ki, toy və yas məclislərində israfçılığın qarşısını almaq, ifrata varmağın yolverilməzliyi ilə bağlı qərarımız cəmiyyətimizin mənəvi tərbiyəsində müstəsna rol oynayacaq, müsbət ictimai fikrin formalaşmasına xidmət edəcəkdir.

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır