AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
19.01.2012
Ulu öndər Heydər Əliyevin xatirəsi ürəklərdə daim yaşayacaqdır

Dekabrın 9-da Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev parkında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli liderinin abidəsi önünə gül dəstələri qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında davam etmiş mərasimdə Milli Məclisin deputatları, ziyalılar, Xətai rayonunda yerləşən müəssisə və təşkilatların rəhbərləri, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Azərbaycan xalqının və dövlətçiliyinin tarixində müstəsna xidmətləri olmuş dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov vurğulamışdır ki, türk dünyasının böyük oğlu, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi ürəklərdə daim yaşayacaqdır. Azərbaycan xalqı hər zaman ulu öndərin xatirəsini dərin hörmət və ehtiramla yad edir, onun adı xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.
Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsinin bilavasitə dünya səviyyəli siyasi və dövlət xadimi, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən R.Məmmədov demişdir ki, ümummilli liderimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxmışdır. Bu dahi şəxsiyyətin adı Azərbaycan xalqının simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur. Ulu öndər Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir müstəqil Azərbaycanın bünövrəsi ucaldılmışdır. Bu qüdrətli şəxsiyyətin müəyyən etdiyi yol dinamik inkişafı təmin edən strateji xətt olaraq ölkəmizə və xalqımıza daim uğur gətirmişdir. Zəngin hadisələrlə dolu gərgin dövrdə Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur.
R.Məmmədov vurğulamışdır ki, Azərbaycanın müasir tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaqdır. Bu dahi şəxsiyyət müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində sözün həqiqi mənasında böyük işlər görmüşdür. Buna görə də onun siyasi irsinin öyrənilməsi hansısa konkret zaman çərçivəsi ilə məhdudlaşdırıla bilməz.
Ümummilli lider Heydər Əliyev haqqında xatirələrini bölüşən akademik Bəkir Nəbiyev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatları Ziyad Səmədzadə, Səməd Seyidov, Ağacan Abiyev, Hüseynbala Mirələmov, Gülər Əhmədova qeyd etmişlər ki, ulu öndərin həm keçmiş sovet dönəmində, həm də müstəqil Azərbaycanda həyata keçirdiyi layihələri, reallaşdırdığı bütün işləri sadalamaqla qurtaran deyildir.
Vurğulanmışdır ki, bu böyük və bənzərsiz şəxsiyyət millətini bütün bəlalardan hifz edib qorumuş, respublikada ictimai-siyasi sabitliyi təmin etmiş, vətəndaş qarşıdurmasını aradan qaldırmış, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin etmişdir. Ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu yolu ilə qətiyyətlə irəliləmiş, xalqın birliyi yaranmışdır. Ulu öndər Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü qüdrətli Azərbaycanı dahi şəxsiyyət Heydər Əliyev öz əlləri ilə yaratmış, onun müstəqilliyini yaşatmış, inkişaf etdirmiş, bütün dünyaya tanıtmışdır. Bu gün isə ulu öndərin ölməz ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli maraqlarımızın qorunmasında, əhalinin rifah halının yaxşılaşdırılmasında qəti və prinsipial mövqe nümayiş olunur.
Sonda “Heydər Əliyev xatirələrdə” filmi təqdim edilmişdir.
 

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır