AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
20.11.2012
Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Azərbaycanda orta sinif: sosial, iqtisadi, siyasi dinamika və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. AzərTAc xəbər verir ki, konfransı açan SAM-ın direktoru Fərhad Məmmədov tədbirin əhəmiyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, SAM bu mövzu ilə bağlı bir sıra tədbirlər keçirmiş, araşdırmalar aparmışdır. Biz 20 ildir ki, bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bu müddətdə müxtəlif siniflər əmələ gəlmişdir. Hazırda ölkəmizin dinamik inkişaf etdiyini, uğurlu neft strategiyasının həyata keçirildiyini, ümumi daxili məhsulun (ÜDM) iki dəfə artdığını vurğulayan SAM-ın direktoru Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni hədəflərin müəyyənləşdirildiyini vurğulamışdır. Dövlətimizin başçısı tərəfindən irəli sürülmüş “Azərbaycan–2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının qeyri-neft sektorunun inkişafı, ölkəmizin gələcəkdə dinamik tərəqqisi yolunda atılmış mühüm addımlardan olduğunu deyən F.Məmmədov qeyd etmişdir ki, digər hədəf isə regionların sosial-iqtisadi inkişafı ilə bağlı növbəti dövlət proqramlarının beşillik deyil, onillik müddətə qəbul edilməsidir. Sonra konfrans öz işini panel iclasları üzrə davam etmişdir. “Orta sinfin sosial-iqtisadi aspektləri: gerçəklik və perspektivlər” mövzusunda keçirilən panelin moderatoru Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirmişdir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində bir sıra nailiyyətlər əldə olunmuşdur. Azərbaycan artıq dünyada nüfuzlu, söz sahibi olan ölkəyə çevrilmişdir. Azərbaycanda qısa bir zamanda yeni iqtisadi sistem formalaşmışdır. Əgər ÜDM-nin tərkibində özəl sektor 80 faizdən çox təşkil edirsə, bu, o deməkdir ki, Azərbaycanda azad bazar münasibətlərinə əsaslanan cəmiyyət fəaliyyət göstərir. Respublikamız 140-dan artıq ölkə ilə iqtisadi sahədə əməkdaşlıq edir. Bu isə cəmiyyətimizin iqtisadi əsaslarının dünyaya inteqrasiya etdiyinin bariz nümunəsidir. Azərbaycanın əldə etdiyi uğurlardan danışan Z.Səmədzadə qeyd etmişdir ki, 20 ildə heç bir dövlətdə orta sinif formalaşmamışdır. Orta sinfin formalaşması üçün on illər tələb olunur. Azərbaycanın gələcəyi şübhəsiz ki, orta sinfin formalaşması ilə bilavasitə əlaqəlidir. Paneldə İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımovun “Azərbaycanda sahibkarlığın inkişafı və orta sinfin inkişafı”, SAM-ın şöbə müdiri Vüsal Qasımlının “Azərbaycanda orta sinfin inkişafı”, Dünya Bankının aparıcı iqtisadçısı və ölkə üzrə sektor əlaqələndiricisi xanım Raşmi Şankarın “Orta sinif və iqtisadi inkişaf”, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin “Orta sinif və biznes” mövzularında məruzələri dinlənilmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun professoru Rasim Həsənovun moderatorluğu ilə “Orta sinif: siyasi sabitliyin əsası” mövzusunda keçirilən növbəti paneldə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova “Orta sinif və gender”, SAM-ın şöbə müdiri Tahirə Allahyarova “Azərbaycanda orta sinfin inkişafının siyasi aspektləri”, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə isə “Gənclərin orta sinfin formalaşmasında rolu” mövzularında məruzələr ilə çıxış etmişlər. Sonda mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılmış, təkliflər irəli sürülmüşdür.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır