AZE | РУС
 
FOTO QALEREYA
İctimai-siyasi fəaliyyəti
QLOBALLAŞAN DÜNYADA ÇİRKLİ PULLAR PROBLEMİ

Müsahibimiz Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadədir.

Bu yaxınlarda Milli Məclisdə "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun birinci oxunuşu oldu. Bu nə ilə əlaqədardır?

Dünyada gedən proseslər, çirkli pulların yuyulması, terrorizmin dəstəklənməsi, narkotik alveri və qloballaşma nəticəsində bütün bunların bizə də sirayət etməsi belə bir qanunun qəbulunu zərurətə çevirir. Hesab edirik ki, Qanunun qəbulu bir çox müsbət nəticələrlə yanaşı, Azərbaycanın maliyyə-bank sferasının daha da təkmilləşdirilməsinə səbəb olacaqdır. Belə ki, beynəlxalq təcrübəyə əsaslanaraq belə bir qanunvericilik aktının qəbul edilməsi bankların qarşısında yeni öhdəliklər, o cümlədən eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin saxlanması öhdəliyi, məlumatların maliyyə monitorinqi orqanına təqdim olunması və s. öhdəliklər qoyacaqdır. Eyni zamanda xüsusi iqtisadi zonaların yaradılması haqqında respublika prezidentinin müvafiq fərmanına uyğun olaraq qanunvericilik aktlarının qəbulu zamanı da belə halların nəzərə alınmasının vacibliyi heç şübhəsiz ki, önə çəkiləcəkdir. Beynəlxalq təcrübədən hamımıza məlumdur ki, cinayət yolu ilə əldə edilmiş çirkli pulların əksəriyyəti offşor zonalarda bankların və ya saxta şirkətlərin yaradılması hesabına yuyulur. Kriminal strukturlar əldə etdikləri vəsaitlərin leqallaşdırılması, sonra isə ondan cinayət məqsədləri üçün istifadə edilməsi üçün pul vəsaitlərini xarici ölkələrin offşor zonalarında yaradılmış şirkətlərinin hesabına köçürürlər. Belə şirkətlərin yaradılması bir çox neqativ halların, xüsusilə də pul vəsaitlərinin bir ölkədən digərinə, oradan isə üçüncü ölkələrə axmasına səbəb olur.

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu ciddi elmi-metodoloji əsaslara malikdir. Azərbaycanın strateji məkanda, maraqların kəsişdiyi bir yerdə yerləşməsi bu Qanunun aktuallığını artırır və onun qəbulu Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədardır.

 

Dörd fəsil və 22 maddədən ibarət olan bu Qanun layihəsi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı hüquqi tənzimləməni nəzərdə tutsa da, bu zaman iqtisadi mexanizmlərdən istifadə də Qanunda xüsusi olaraq öz əksini tapmışdır.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın yaranmasına kontrabanda yolu ilə əldə edilmiş vəsait, narkotik alverindən daxilolmalar, gizli iqtisadiyyatın mövcudluğu, ikili mühasibatlığın aparılması səbəb olur. Bu isə öz növbəsində büdcəyə vergi daxilolmalarının azalması, nəzarətdən kənar pul vəsaitlərinin dövriyyəyə daxil olması nəticəsində inflyasiyanın yaranması, ölkədən valyuta ehtiyatlarının axını, kölgə iqtisadiyyatının yaranması, terrorizmin dəstəklənməsi, maliyyə-kredit sisteminin deformasiyası kimi ciddi iqtisadi problemlərin meydana gəlməsinə şərait yaradır.

Bildiyimiz kimi, çirkli pulların yuyulması ilə bütün dünyada mübarizə aparılır. Bu barədə nə deyə bilərsiniz?

Çirkli pulların yuyulması (money laundering) termini 30-cu illərdə ABŞ-da yaranıb. O zaman mafiya pul vəsaitlərinin leqallaşdırılmasını çamaşirxanalarda paltarın yuyulması və təmizlənməsi adı altında həyata keçirirdi.

XX əsrin son onilliklərində dünyada terrorçuluqla mübarizənin geniş vüsət alması çirkli pulların yuyulmasına qarşı effektiv tədbirlərin hazırlanmasını vacib bir məsələ kimi qarşıya qoyur. Ona görə də 1989-cu ildə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması ilə mübarizə sahəsində beynəlxalq qüvvələrin səfərbər edilməsi məqsədilə Parisdə "böyük yeddiliy"in sammitində çirkli pulların yuyulması ilə mübarizə beynəlxalq qrupu (FATF) yaradılmışdır. BMT-nin hesablamalarına görə 90-cı illərdə çirkli pulların yuyulmasına 350 milyard dollar pul vəsaiti cəlb edilmişdi. Müxtəlif hesablamalara görə isə hal-hazırda 400-700 milyard dollar pul vəsaiti "yuyulur". Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə dünya üzrə yuyulan pulların məbləği dünyanın Ümumi Daxili Məhsulunun 2-5%-i qədərdir.

Keçmiş SSRİ-nin dağılması ilə belə hallar postsovet ölkələrində də yayılmışdır. Həmin ölkələrin ərazisində ilk dövrlərdə nağd əməliyyatların üstünlük təşkil etməsi belə hallarla səmərəli mübarizə aparılmasına ciddi maneəçilik törədirdi. Belə ki, nağd əməliyyatların ABŞ-da 20, Almaniyada isə 40% təşkil etməsinə baxmayaraq, bu rəqəm Rusiyada 60%-ə qədər idi. Bununla əlaqədar olaraq Rusiyada analoji qanun layihəsi 7 avqust 2000-ci ildə Dövlət Duması tərəfindən qəbul edilmişdi. Maliyyə monitorinqi üzrə komitə isə 1 noyabr 2001-ci ildə yaradılmışdı. Rusiya qanunvericiliyində edilmiş dəyişikliklərə əsasən banklar 600 min rubldan yuxarı şübhəli hesab etdikləri əməliyyatları maliyyələşdirməkdən imtina edə bilərlər. Ələlxüsus bura vəsaiti alacaq şəxsin kimliyinin gizlədilməsi halları daxildir. Qanun xüsusən xarici vətəndaşlara münasibətdə tətbiq olunur. Mütəxəssislərin hesablamalarına görə Rusiyada iqtisadiyyatın qeyri-dövlət sektorunun 80%-i, 500-dən çox bank, 50 birja, demək olar ki, bütün topdan və pərakəndə satış müəssisələri kriminal qruplaşmaların nəzarəti altındadır və onlara haqq verirlər. Bu yolla əldə edilmiş vəsaitin 2/3 hissəsi kriminal biznesin inkişafına, 1/5 isə daşınmaz əmlakın əldə edilməsinə sərf edilir.

Qərbi Avropada isə çirkli pulların yuyulması aşkarlanan bankların lisenziyaları alınır. Bu məqsədlə Avropa Komissiyasının hazırladığı "qara siyahıya" Belçika, Çexiya, Almaniya, Yunanıstan, İspaniya, Finlandiya, Fransa, İrlandiya, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, İsveç və Slovakiya kimi ölkələr düşmüşlər. İsveçrə bankları ən etibarlı banklar hesab olunur. Burada bank sirrinin qorunmasına baxmayaraq məhkəmənin qərarı olduqdan sonra ixtiyari bank hesabı yoxlanıla bilər. Dünyanın 11 iri bankı çirkli pulların yuyulması ilə mübarizə aparmaq üçün memorandum imzalamışlar.

Çirkli pulların dünya miqyasında yuyulmasını təşkil etmək üçün bu kimi əməliyyatların iştirakçıları bir ölkə ilə kifayətlənməyərək güclü beynəlxalq şəbəkə yaradırlar. Bundan ötrü isə cinayətkar qruplaşmalar London, Nyu-York, Tokio, Sürix, Frankfurt kimi dünyanın iri maliyyə mərkəzləri ilə əlaqələr yaratmağa cəhd edir və buna müəyyən dərəcədə nail olurlar. Çirkli pulların yuyulması hər şeydən əvvəl haqsız rəqabəti, terrorçuluğun maliyyələşdirilməsi, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi, muzdluluğu, narkotik və psixotrop maddələrin qanunsuz hərəkətini doğurur.

Bəs çirkli pulların yuyulması prosesi necə baş verir?

Əvvəldə qeyd etdiyim kimi, çirkli pulların yuyulması, əsasən, "vergi cənnəti" adlandırılan offşor zonalar vasitəsilə həyata keçirilir. FATF-ın qara siyahısına 19 belə offşor zona daxil edilmişdir ki, onlara da Baham, Bermud, Kipr, Malta, Men (Böyük Britaniya) və Madeyra (Portuqaliya) adaları və s.-ni misal göstərmək olar. Offşor zonalarda güzəştli vergi rejimi tətbiq olunur və valyuta nəzarəti həyata keçirilmir. Valyutaların idxal və ixracında heç bir maneə olmadığından burada beynəlxalq səviyyəli bank əməliyyatlarının həyata keçirilməsi asanlaşır. Məsələn, Baham adalarında 350 bank fəaliyyət göstərir və həmin banklarda həyata keçirilən əməliyyatların 95%-i beynəlxalq miqyaslıdır.

Bu gün dünyada 65 min transmilli şirkət fəaliyyət göstərir. Bir şirkətin struktur bölmələri arasında ticarəti dünya ticarətinin 50-60%-ni əhatə edir. Yerdə qalan 40-50% ticarət isə müstəqil şirkətlər arasında aparılır. Dünya ticarətinin 50%-i offşor və azad iqtisadi zonalar vasitəsilə həyata keçirilir. Ticarətin böyük hissəsi saxta qiymətlər əsasında vergidən, dövlət tənzimlənməsindən yayınmaq və kapital yığmaq məqsədilə aparılır.

Bu halları daha əyani nəzərdən keçirmək üçün belə bir misala baxaq. 1992-ci ildə Rusiyanın "Qazprom" şirkəti ABŞ-ın Florida ştatında qeydiyyatdan keçmiş "İtera"nı yaratdı. Bu struktur MDB respublikalarına 1000 m3-ni 30-90 dollardan satılan qazın yığılması ilə məşğul olurdu. "İtera"nın özü isə qazın 1000 m3-ni "Qazprom"dan 2-4 dollara alırdı. Sonra "Qazprom" "İtera" ilə birgə müəssisə kimi "Purqaz"ı yaratdı. Sonra "Qazprom" "Purqaz"dakı öz payının yarısını "İtera"ya verdi. Bundan sonra səxavətli "Qazprom" öz payının 32%-ni 1200 dollara "İtera"ya satdı. Beləliklə, Rusiya pulu ABŞ-a axmağa başladı. (http://allminsk.biz/jontent/view/311/116 QRƏZNIE DENĞQİ. 23.02.2006)

Başqa bir misal. Parisdə yerləşən Avrobank Rusiya Mərkəzi Bankının törəmə müəssisəsi kimi fəaliyyət göstərir. Bankın kapitalının 23%-i guya fiziki şəxslər və Rusiya şirkətlərinə məxsusdur. Avrobank ABŞ-ın Cersi ştatında qeydiyyatdan keçmiş Fimaco şirkətinin əsas səhmdarıdır. Fimaco eyni zamanda Moskvada yerləşən Evrofinance bankın həmsahibi idi. Mərkəzi bank, Fimaco və Evrofinance bank arasında mövcud olan belə əlaqə maliyyə sferasında "xariqələr" yaratmağa imkan verirdi. 90-cı illərin əvvəllərində Mərkəzi bank Fimacoya milyardlarla dollar göndərirdi və aydın məsələdir ki, bu özlüyündə cinayət deyildi. Lakin nəzərə alsaq ki, Fimaco köçürmə əməliyyatlarından 0,06% komisyon haqqı tuturdu, BVF-nun kreditləri onun vasitəsilə Rusiyaya daxil olurdu, söhbətin nədən getdiyi aydın olur. İndiyə qədər dəqiq məlum deyil ki, həmin vəsaitlər tamlıqla Rusiyaya daxil olurdu, ya yox. Mütəxəssislər hesab edirlər ki, Fimaco vəsaiti Evrofinance bankına göndərir və o da öz növbəsində 200% divident verən dövlət səhmlərinin alışı ilə məşğul olurdu. 1998-ci ildə Pricewaterhousecoopers BVF kreditlərinin auditinin aparılması üçün sifariş aldı. Lakin auditor hesabatında qeyd edirdi ki, BVF ilə əlaqədar bizə bütün məlumatlar verilmədi. Həmin hesabatdan 4 həftə sonra BVF Rusiyaya 4,5 milyard dollar məbləğində yeni bir tranş həyata keçirdi.

Soyuq müharibənin bitməsi ilə sərhədlərin açılması nəticəsində sosializm düşərgəsində qarışıqlıq, tənəzzül, iqtisadi böhrandan istifadə nəticəsində cinayət yolu ilə qazanılmış pullar həmin ölkələrdən çıxarılmağa başlandı. Lakin eyni zamanda yaddan çıxarmaq lazım deyil ki, çirkli pulların yuyulması bütün dünyada eyni metodika əsasında aparılır və postsovet ölkələri də müstəqillik əldə etdikdən sonra bu sahədə Qərbin tətbiq etdiyi geniş təcrübədən istifadə edirlər.

Qanunda nəzərdə tutulmuş anlayışlar bu qanunvericilik aktının mahiyyətini tam ehtiva edirmi?

Hər bir qanunun mahiyyəti ilk növbədə onun anlayışlarında müəyyən mənada əksini tapır. Müzakirə olunan qanun da istisna təşkil etmir. Bu baxımdan, əsas anlayışlar və onların açıqlanmasını bir daha nəzərdən keçirək: cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlak - Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı şəkildə əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlakdır; cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması - cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlaka qanuni status vermək, onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə belə pul vəsaitləri və ya əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsidir; pul vəsaitləri və ya digər əmlakla əməliyyat - pul vəsaitləri və ya digər əmlakla bağlı mülki hüquqların əldə edilməsi, həyata keçirilməsi, dəyişdirilməsi və ya onlara xitam verilməsinə yönəlmiş əməllərdir; terrorçuluğun maliyyələşdirilməsi - pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə terrorçuluğun törədilməsinə qəsdən yönəldilməsi və ya pul vəsaitlərinin və ya digər əmlakın qəsdən həmin məqsədlə toplanmasıdır; maliyyə monitorinqi orqanı - cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində müvafiq səlahiyyətləri həyata keçirən icra hakimiyyəti orqanıdır; monitorinq - pul vəsaitləri və ya digər əmlakla aparılmış əməliyyatlar barədə monitorinq iştirakçıları, monitorinqdə iştirak edən digər şəxslər və ya dövlət nəzarət orqanları tərəfindən təqdim edilən, eləcə də mənbəyi məlum digər məlumatlar əsasında maliyyə monitorinqi orqanı tərəfindən həyata keçirilən nəzarət tədbirləridir; monitorinqdə iştirak edən digər şəxslər - cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədi ilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirən vəkillər, notariuslar, hüquqi xidmət göstərən digər şəxslər və ya auditor xidməti göstərən şəxslər; müştəri - pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatın həyata keçirilməsinə dair monitorinq iştirakçıları və ya monitorinqdə iştirak edən digər şəxslərin hər hansı xidmətindən istifadə edən fiziki və ya hüquqi şəxsdir; benefisiar - pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs, habelə xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi və ya müştəriyə nəzarəti həyata keçirən fiziki şəxs; valyuta sərvətləri - nağd xarici valyuta, xarici valyutada qiymətli kağızlar, qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatları.

Qanun belə halların müəyyənləşdirilməsi üçün maliyyə monitorinqinin aparılmasını nəzərdə tutur. Maliyyə monitorinqinin iştirakçıları kimlər ola bilər?

Monitorinq iştirakçılarına aşağıdakıları aid etmək olar: kredit təşkilatları; sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri; qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, qiymətli kağızların idarə olunması üzrə peşəkar fəaliyyəti həyata keçirənlər; lizinq xidmətləri göstərən kredit təşkilatları; pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələr və digər təşkilatlar; lombardlar; investisiya fondları; qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər; öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı qeyri-hökumət təşkilatı və ya dini təşkilat; lotereya təşkilatçısı; daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən hüquqi şəxslər.

Başqa sözlə isə biz onları mal-material qiymətliləri ilə əməliyyat həyata keçirən hüquqi və fiziki şəxslər kimi də xarakterizə edə bilərik.

Maliyyə monitorinqi iştirakçılarına dövlət orqanları nəzarət edirmi?

Qanun bilavasitə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizəyə həsr olunduğundan özündə dövlət nəzarət sistemini də əxz etdirir.

Dövlət nəzarət orqanlarına aşağıdakı dövlət orqanları daxildir: kredit təşkilatları, həmçinin lizinq xidmətləri göstərən kredit təşkilatları üçün - kredit təşkilatlarının fəaliyyətinə nəzarəti həyata keçirən dövlət orqanı; qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, qiymətli kağızların id

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır