AZE | РУС
 
FOTO QALEREYA
Tərcümeyi-hal
Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Səmədzadə Ziyad Əliabbas oğlu.

1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış və elə həmin institutda namizədlik dissertasiyası müdafiə etmişdir. 1971-ci ildə Ziyad Səmədzadə 31 yaşında iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edir.

1976-1978-ci illərdə o, Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktorunun birinci müavini, 1978-82-ci illərdə Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olmuşdur.

1980-ci ildə Z.Səmədzadə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilir.

1983-1993-cü illərdə Mərkəzi Komitədə İqtisadiyyat şöbəsinin müdiri, Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TACİS və TRACECA proqramları üzrə Azərbaycanın Milli koordinatoru olmuşdur.

Ziyad Səmədzadə iqtisadi inkişaf, struktur, demoqrafiya, məşğulluq, regional inkişaf, effektlilik, bazar iqtisadiyyatı problemlərinə dair 500-dən çox əsərin, çoxsaylı monoqrafiyaların müəllifidir.

Onun bilavasitə rəhbərliyi və iştirakı ilə 1987-1991-ci illərdə Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası və müvafiq qanun layihələri hazırlanmış və parlament tərəfindən qəbul edilmişdir.

Ziyad Səmədzadə Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən birində Respublika Ali Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdir. Ali Sovetin onun sədrliyi ilə 1991-ci il oktyabrın 18-də keçirilən sessiyasında müstəqillik haqqında Konstitusiya aktı qəbul edilmişdir. Z.Səmədzadənin gənc suveren dövlətin fəaliyyətinin ilk aylarında xarici ölkələrin siyasi xadimləri ilə görüşləri, parlament nümayəndə heyətinin rəhbəri kimi İrana və Türkiyəyə rəsmi səfərləri qonşu ölkələr arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın əsaslarının yaradılmasında müsbət rol oynamışdır.

Z.Səmədzadə TACİS proqramının Azərbaycanda fəaliyyətə başlaması üçün böyük zəhmət çəkmiş, Avropa İttifaqının (Aİ) ekspertləri ilə çoxsaylı görüşlər keçirmiş, milli koordinator, bir iqtisadçı-alim kimi TRACECA proqramının hazırlanması ilə bağlı elmi araşdırmalar aparmış, 1993-cü ilin may ayında Brüsseldə birinci beynəlxalq konfrasda əsas məruzə ilə çıxış etmiş və Brüssel bəyannaməsini imzalamışdır.

Akademik Z.Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti kimi də çox faydalı işlər görür. Z.Səmədzadə yeni ideya və üsulların, yeni iqtisadi təfəkkürün yorulmaz təbliğatçısıdır. 1999-cu ildə akademik «İqtisadiyyat» adlı qəzet təsis etmiş və onun müntəzəm nəşrinə başlamışdır.

Akademikin baş elmi redaktəsi ilə ümumi həcmi 2500 səhifəyə bərabər olan «Azərbaycan XXI əsrin astanasında» üçcildliyi nəşr edilmişdir.

Dünya ölkələrinin iqtisadi inkişaf təcrübəsini dərindən öyrənən və onların mütərəqqi cəhətlərini Azərbaycanda təbliğ edən Səmədzadə bir çox ölkələrdə, o cümlədən bir neçə dəfə Çin Xalq Respublikasında olmuş, «Dünya iqtisadiyyatı: Çin «iqtisadi möcüzəsi» kitabını nəşr etdirmişdir.

2004-ci ildə akademikin ölkə və onun hüdudlarından kənarda böyük əks-səda doğurmuş, «Böyük yolun mərhələləri» - «Azərbaycan iqtisadiyyatı yarım əsrdə: reallıq və perspektivlər adlı kitabı çapdan çıxmışdır. Dünyanın tanınmış alim və mütəxəssisləri Ziyad Səmədzadənin bu əsərini yüksək qiymətləndirmişlər. Yaxın vaxtlarda kitabın ikinci və üçüncü cildi işıq üzü görəcəkdir.

Akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının sədri kimi respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının reallaşması məsələlərinin həllində fəal iştirak edir.

Ziyad Səmədzadə əqidə möhkəmliyi, xeyirxahlığı, müdrikliyi, sadəliyi və digər nəcib insani keyfiyyətlərinə görə el-obada böyük nüfuz qazanmış vətənpərvər alim, gözəl ziyalı, müdrik insandır. Oğlu Elşad atasının yolu ilə gedir, iqtisadçı-alimdir. Böyük qızı Aygün Səmədzadə tanınmış bəstəkardır. Onun «Tut ağacım», «Məktəb illəri», «Yağış», «Bu dünyanı nağıl bilək» mahnıları ürəklərə, evlərə, geniş salonlara xoş təranələr, düşüncələr bəxş edir. Kiçik qızı Aytən həkim və publisistdir. Dörd nəvəsi var.

 

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır