AZE | РУС
 
FOTO QALEREYA
NİKBİN İNSANIN MÜDRİKLİK YAŞI
NİKBİN İNSANIN MÜDRİKLİK YAŞI

XX əsr əvvəlki dövrlərdən bir çox fundamental cəhətlərinə görə, o cümlədən sənayenin inkişafının müqayisəedilməz dərəcədə yüksək olması ilə fərqlənir. Məhz XX əsrdə sənaye çoxsahəli, mürəkkəb struktura malik qlobal sfera kimi formalaşmış, bu və digər ölkənin iqtisadi qüdrətinin gücünü müəyyən edən ən əsas faktorlardan birinə çevrilmişdir.

İqtisad elmi də bu qlobal, dünyəvi prosesdən kənarda qalmamış, dinamik inkişafda olan sənayenin iqtisadi problemlərinin tədqiqinə xüsusi diqqət yetirmişdir. Azərbaycanda hələ XIX əsrin ortalarından başlayaraq sənayenin inkişafı istiqamətində atılan addımlar XX əsrin əvvəllərində Bakının dünyanın neft mərkəzinə çevrilməsi bu diyarda sənayenin perspektiv inkişafından xəbər verirdi. Ona görə sənayenin iqtisadi problemlərinin tədqiqi və tədrisi istiqamətində konkret fəaliyyət göstərmək, yanacaq-energetika kompleksi, maşınqayırma, yüngül, yeyinti və s. sənaye sahələrində iqtisadi məsələlərlə bilavasitə məşğul olan mütəxəssislərin, xüsusilə milli kadrların hazırlanması obyektiv zərurət idi.

Qeyd edilməlidir ki, bir çox çətinliklərə baxmayaraq, respublikamız bu vəzifənin öhdəsindən uğurla gəldi. Sənaye, onun ayrı-ayrı sahələrinin iqtisadiyyatı üzrə ali təhsilli iqtisadçı mütəxəssislərin hazırlanması, sənaye kompleksinin iqtisadi problemlərinin elmi tədqiqinin genişləndirilməsi üçün kafedralar, laboratoriyalar, şöbələr yaradıldı. Məhz bu kimi mühüm tədbirlərin, düşünülmüş siyasətin nəticəsidir iqtisad elminin mühüm bir sahəsi-sənaye iqtisadiyyatı üzrə elmi məktəb formalaşdı. Sənaye iqtisadiyyatının aktual problemləri ali məktəb və elmi tədqiqat institutlarının elmi fəaliyyətində mühüm yer tutdu. Tam məsuliyyətlə bildirmək istəyirəm ki, respublikada iqtisadçı kadrların hazırlanmasında və iqtisad elminin inkişafında xüsusi xidməti olan Azərbaycan Dövlət İqtisad İnstitutunun "Sənaye iqtisadiyyatı" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Telman Hüseynov bu məktəbin, bu elmi istiqamətin ən layiqli nümayəndələrindən biridir.

Telman Əlihüseyn oğlu Hüseynov 1934-cü ilin dekabr ayının 28-də Cəbrayıl rayonunun Quycaq kəndində anadan olmuş, 1951-ci ildə həmin rayonda orta məktəbi bitirmişdir.

Telman Hüseynov əvvəlcə "Neft və qaz texnologiyası" ixtisası üzrə Bakı Neft Texnologiyası Texnikumunu bitirmiş, 1955-ci ildə isə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1959-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Sənayenin iqtisadiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, institutda təhsil aldığı illərdə elmi-tədqiqat işinə meyl göstərmiş, üçüncü kursda oxuyarkən "Azərbaycan sənayesinin inkişafı" mövzusunda institutun professor-müəllim heyəti qarşısında elmi məruzə etmişdir. Elmi axtarışlar sahəsində müvəffəqiyyətlərinə görə o, 1958-ci ildə institut tələbə elmi cəmiyyətinin sədri seçilmişdir.

Telman Hüseynov institutu bitirdikdən sonra əvvəlcə Bakı fəhləsi zavodunda normallaşdırıcı, 1960-cı ildən 1962-ci ilə qədər isə keçmiş Sovetlər İttifaqında böyük nüfuza malik olan Azərbaycan Elmi-Tədqiqat Neft-Maşınqayırma İnstitutunun Texniki-iqtisadi tədqiqat şöbəsində baş iqtisadçı vəzifəsində işləmişdir.

Bu dövrdə respublikanın sənayesində keyfiyyət dəyişikliklərinə böyük ehtiyac var idi. SSRİ kimi nəhəng bir ölkənin iqtisadiyyatında xüsusi rol oynayan Azərbaycan neft-maşıqayırma sənayesinin iqtisadi problemlərinin tədqiqi çox aktual bir məsələ kimi qarşıda dururdu. Gənc mütəxəssis Telman Hüseynov Azərbaycanın böyük zadəgan nəslindən olan Bağır Ələkbər oğlu Dadaşovun rəhbərliyi altında (görkəmli iqtisadçı alim Həsən Dadaşovun qardaşı) Azərbaycan Elmi-Tədqiqat Neft-Maşınqayırma İnstitutunda sahənin iqtisadi məsələlərinə dair tədqiqatlar aparırdı.

Gənc mütəxəssis bu dövrdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil oldu. Həmin vaxtda Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda çox maraqlı elmi işlər aparılırdı. Yüksək ziyalılığı, böyük həyat təcrübəsi ilə fərqlənən Hüseyn Hüseynov, Əhməd Mahmudov, Mədət Allahverdiyev gənclərə xüsusi qayğı göstərirdilər. Bizim hamımız bu kimi ağsaqqalların gənc tədqiqatçılara olan səmimi münasibətinin əyani şahidi olmuşuq. 1967-ci ildə "Neftmaşınqayırma sənayesinin əsas fondları və onlardan istifadənin yaxşılaşdırılması yolları" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Onu da qeyd edim ki, bu illərdə iqtisadçılar arasında istehsalın səmərəliliyi, əsas istehsal fondlarından istifadə məsələsi ən aktual və az tədqiq edilmiş problemlərdən sayılırdı. Neft-maşınqayırma sənayesinin iqtisadi aspektlərinin incəliklərinə ətraflı bələd olan Telman Hüseynov namizədlik dissertasiyasında konkret faktlara əsaslanaraq istehsal fondlarından istifadənin yaxşılaşması ilə bağlı elmi və əməli əhəmiyyət kəsb edən nəticələr əldə etdi, ona görə də Elmi şura onların neft-maşınqayırma müəssisələrində tətbiqinin zəruriliyini məqsədəuyğun saydı...

Namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdikdən sonra Telman Hüseynov bir müddət həmin institutda kiçik elmi işçi vəzifəsində çalışmışdır.

1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim vəzifəsində işləməyə başlamış T.Hüseynov 1968-ci ildə Azərbaycanda ilk dəfə həmin institutda yaradılmış "Maddi-texniki təchizatın iqtisadiyyatı" kafedrasına müdir vəzifəsinə seçilmiş və bu kafedrada 23 il fəaliyyət göstərmişdir. Onun kafedra müdiri olduğu dövrdə kafedranın əməkdaşlarından 3 elmlər doktoru, 15-ə qədər elmlər namizədi və təchizat üzrə yüksək ixtisaslı yüzlərlə iqtisadçı mütəxəssis hazırlanmışdır.

Qətiyyətlə qeyd etmək olar ki, Telman Hüseynov sənayenin iqtisadiyyatı sahəsində ən yüksək professionallığı ilə fərqlənən iqtisadçı alimlərdəndir. Maşınqayırmanın respublika sənayesinin strukturunun təkmilləşdirilməsində, sosial-iqtisadi dirçəlişində rolunu çox düzgün və obyektiv qiymətləndirən Telman Hüseynov bu sahənin səmərəlilik problemlərini sistemli və kompleks şəkildə tədqiq edən ilk iqtisadçı alimlərdəndir.

Telman Hüseynovun doktorluq dissertasiyasında respublikanın maşınqayırma sənayesinin inkişaf imkanları, bu sahəyə kapital qoyuluşu, onun səmərəliliyi məsələləri araşdırılır. Əsas fondlardan istifadənin iqtisadi inkişafa təsiri, sənayedə səmərəlilik probleminin metodoloji əsasları, göstəricilər sistemi, iqtisadi səmərəliliyin yüksəldilməsi məsələlərinə xüsusi diqqət yetirilir. Telman Hüseynovun doktorluq dissertasiyası SSRİ-nin görkəmli iqtisadçı alimləri tərəfindən yüksək qiymətləndirildi. SSRİ Ali Attestasiya Komissiyası tərəfindən ona iqtisad elmləri doktoru alimlik dərəcəsi, bir müddətdən sonra isə professor elmi adı verildi. Onun zəngin iqtisadi, statistik materiallara, sistemli təhlilə əsaslanaraq istehsal potensialından effektli istifadə olunması istiqamətlərini özündə əks etdirən monoqrafiyası elmi ictimaiyyət və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Telman Hüseynov respublika sənayesinin konkret materialları, iqtisadi prosesləri sanballı təhlil edərək sübut edirdi ki, istehsalın səmərəliliyini artırmaq üçün təsərrüfat mexanizmi təkmilləşdirilməli, iqtisadi mexanizmlərdən, həvəsləndirmə metodlarından geniş istifadə olunmalı, sənaye yeni prinsiplər əsasında idarə olunmalıdır.

Professor Telman Hüseynovun yaradıcılıq fəaliyyətinin 40 ili ali məktəbdə müəllimliklə bağlıdır. Onun ali iqtisad məktəbində təhsil sisteminin təkmilləşməsinə sərf etdiyi əməyi də xüsusi qeyd etmək istərdim. 1986-cı ildə qara qüvvələrin bilavasitə köməyi ilə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun filialına çevrildi. Bu, həqiqətən, nəinki iqtisadçılar, bütünlükdə respublikamız üçün çox ağır bir hadisə idi. Telman Hüseynov bir müddət bu filialın direktorunun tədris işləri üzrə müavini təyin edilir. Elmin, təhsilin təəssübkeşləri, ziyalılarımız, hamı çalışırdı ki, respublikamızın mənafeləri baxımından Xalq Təsərrüfatı İnstitutu yenidən bərpa olunsun. 1991-ci ilin aprel ayından filialın sağlam kollektivinin gərgin əməyi sayəsində institutun statusu geri qaytarıldı. Bu işdə, tədris işləri üzrə direktor müavini kimi, professor Telman Hüseynovun zəhmətini də qiymətləndirməmək olmaz. Leninqradın Bakı filialının Azərbaycan Dövlət İqtisad İnstitutuna çevrilməsindən sonra professor Telman müəllim əvvəlcə tədris işləri üzrə prorektor, bir qədər sonra isə birinci prorektor vəzifəsinə təyin edilmişdir. Professor T. Hüseynov institutda tədris prosesinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris-metodiki təminatın təkmilləşdirilməsi, iqtisadçı kadrların hazırlığının yaxşılaşdırılması ilə bağlı tədbirlərin hazırlığı və həyata keçirilməsində fəal iştirak etməlidir.

Telman müəllim sabiq SSRİ-nin bir çox şəhərlərində - Moskva, Leninqrad Kiyev, Tbilisi, Almatı və s.-də keçirilən elmi simpozium və konfranslarda Azərbaycan iqtisad elmini layiqincə təmsil etmişdir.

Professor Telman Hüseynov 1977-1987-ci illərdə nəşr olunmuş ilk "Azərbaycan Ensiklopediyası"nda sənaye iqtisadiyyatı ilə bağlı materialların hazırlanmasında da fəal iştirak etmişdir. Alim-pedaqoq uzun illər Azərbaycan Dövlət Maddi-Texniki Təchizat Komitəsinin kollegiyasının, Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunun, Azərbaycan Dövlət İqtisad İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunun namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi üzrə daimi və birdəfəlik elmi şuralarının üzvü, Azərbaycan Dövlət İqtisad İnstitutunun Tədris Metodiki Şurasının sədri olmuşdur.

Hazırda respublika iqtisadçıları Azərbaycan Dövlət İqtisad İnstitutunda "Sənaye iqtisadiyyatı" kafedrasına rəhbərlik edən professor Telman müəllimi sənaye iqtisadiyyatının incəliklərinə bələd olan, onu yüksək professionallıqla tədqiq edən alim-pedaqoq kimi tanıyırlar. O, bu gün müstəqil Azərbaycanda yeni iqtisadi sistemin qurulmasını, iqtisadi sahədə uğurları yüksək qiymətləndirir. O, əsl vətəndaş-alim, vətəndaş ziyalıdır. Alim yaxşı bilir ki, respublikanın iqtisadi tərəqqisi əhəmiyyətli dərəcədə sənayenin inkişafından, onun modernləşməsindən, ilk növbədə, milli dövlət mənafeləri baxımından yenidən qurulmasından asılıdır.

Buna görə də Telman Hüseynov sənaye iqtisadiyyatı fənninin tədrisinin yaxşılaşması, müvafiq dərs vəsaiti və dərsliklərin hazırlanması məsələsinə xüsusi qayğı və məsuliyyətlə yanaşır.

İqtisad elmi və təhsil sahəsində xidmətlərinə görə professor T.Hüseynov "Azərbaycan Respublikasının Əməkdar iqtisadçısı" fəxri adına layiq görülmüşdür.

İqtisad elmləri doktoru, professor T.Hüseynov 130 elmi məqalənin, o cümlədən 4 monoqrafiyanın, dərslik və çoxsaylı dərs vəsaitlərinin, broşürlərin müəllifidir.

Respublikanın iqtisadçı alimləri ona müdrik, ağsaqqal, lakin prinsipial, xeyirxah bir alim-pedaqoq kimi xüsusi hörmət bəsləyirlər. Hələ gənclik illərində onunla saatlarla olan elmi mübahisələrimiz, futbol, şahmat, musiqi barədə söhbətlərimiz, həyata həmişə nikbin baxışlarla baxan bu gözəl insanın duzlu, məzəli danışıqları, lətifələri heç vaxt yaddan çıxmayan anlardır. Biz görkəmli iqtisadçı-alim, professional pedaqoq, gözəl insan və yaxşı dost Telman Hüseynova möhkəm cansağlığı, uzun ömür, iqtisad elminin inkişafında və tədrisində yeni-yeni uğurlar arzulayırıq.

Akademik Ziyad SƏMƏDZADƏ

 

 

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır