AZE | РУС
 
FOTO QALEREYA
Azərbaycan Prezidentinin sarsıdıcı diplomatik-siyasi zərbəsi
Azərbaycan Prezidentinin sarsıdıcı diplomatik-siyasi zərbəsi
 
Müsahibimiz akademik, millət vəkili Ziyad Səmədzadədir:
- Ziyad müəllim, bugünlərdə Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası, məhdud və geniş tərkibdə görüşləri keçirildi. Bu tədbiri, keçirilən görüşləri əlamətdar və tarixi edən məqamlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı, tarixi bəyanatı oldu. Belə ki, çıxışı zamanı dövlət başçısı bir daha Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasətinin mahiyyətini açıqlayaraq, həmin ölkəni dünyanın imtina etdiyi faşizmə dəstək verməkdə konkret faktlarla ittiham və ifşa etdi. İstərdik ki, söhbətimizə elə bu məqamdan başlayaq...
- Əvvəla onu deyim ki, Dağlıq Qarabağ münaqişəsinin başlamasından artıq 31 il ötür. Çox təəssüflər olsun ki, dünya ictimaiyyətinin, beynəlxalq birliyin uzun müddət laqeydliyi, susqunluğu, aparıcı beynəlxalq təsisatların və supergüclərin ikili standartları və Ermənistanın dağıdıcılıq, təxribatçılıq, destruktiv mövqeyi üzündən bu münaqişə bugünədək ədalətli həllini tapmayıb. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan münaqişənin sülh və danışıqlar yolu ilə həllinə üstünlük verib, öz əməli addımları ilə bu prosesə sadiqliyini nümayiş etdirib və Ermənistanın, Paşinyanın “format dəyişikliyi” təxribatının qarşısını alaraq, həmin ölkəni danışıqlar masasına əyləşdirməklə, əvvəlki mövqeyində qaldığını hər kəsə əyani şəkildə göstərib. Eyni zamanda, Ermənistanın təxribatçılıq əməllərinə cavab olaraq, uğurlu Aprel döyüşləri, Cünnüt və Qazax əməliyyatları ilə münaqişənin həllində digər variantlara əl atıla biləcəyini, torpaq, Qarabağ məsələsində bir addım olsun belə geri çəkilməyəcəyini ortaya qoyub. Dünya, münaqişənin həllində vasitəcilik missiyasını üzərinə götürən ATƏT, onun Minsk qrupu, həmsədrlər instututu Azərbaycanın dəyişməz və birmənalı mövqeyinin bir daha şahidi olub.
Ancaq öncəki müsahibələrimdən, açıqlamalarımdan birində də qeyd etdiyim kimi, Qarabağ məsələsində necə ki, Ermənistan sülhə razılıq verməyib, savaş bütün cəbhələrdə və meydanlarda davam edəcək. Yəni, istər informasiya, istər siyasət, istər diplomatiya cəbhəsində hər gün savaş gedir, düşmənlə hər an üz-üzəyik və 90-cı illərdən fərqli olaraq, artıq demək olar ki, hər gün, hər ay Ermənistana və ona dəstək olan qüvvələrə siyasi-diplomatik zərbələr endirilir. Xüsusilə də, ölkə prezidenti cənab İlham Əliyev iştirak etdiyi yerli, regional və beynəlxalq toplantılarda ən yüksək kürsülərdən işğalçı Ermənistanın cinayətkarlıq və təxribatçılıq əməllərini, yalanlarını bir-bir faktlarla, sərrast və cəsarətli arqumentləri ilə ifşa edir. Çox da uzağa getməyək,  Azərbaycan liderinin Aşqabad Sammitindən cəmi bir neçə gün öncə dünyanın ən nüfuzlu platformalarından sayılan “Valday” Diskussiya Klubunun növbəti toplantısında Ermənistan baş nazirinin “Qarabağ Ermənistanındır və nöqtə işarəsi” təxribatçı bəyanatını yerlə-yeksan edən “Qarabağ Azərbaycanındır və nida işarəsi” bəyanatı, Paşinyan başda olmaqla, işğalçı dövlətə və onun himayədarlarına endirilən ən güclü həmlə, diplomatik-siyasi sarsıdıcı zərbə oldu. “Valday” kimi nüfuzlu platformanın ən yüksək kürsüsündən belə bir sərrast və cəsarətli bəyanatın səsləndirilməsi, asan və elə-belə məsələ deyildi. Bunu yalnız İlham Əliyev kimi qüdrətli, özünə güvənən və cəsarətli bir lider edə bilərdi. Bu zərbənin təsirindən ayılmağa imkan tapmamış Ermənistana, onun avantürist dövlət rəhbərinə növbəti diplomatik-siyasi zərbə vuruldu, ölkə prezidenti Aşqabad bəyanatı ilə işğalçı ölkəni, onun siyasi rəhbərliyini idman termini ilə desək, nokauta saldı. Dövlət başçısı çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə geniş yer ayıraraq, dövlət başçılarının dəfələrlə faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə çıxış etdiyini, ancaq təəssüflər olsun ki, MDB məkanında, xüsusən, Ermənistanda hələ də belə halların baş verdiyini, faşizmin və faşistlərin qəhrəmanlaşdırıldığını diqqətə çatdırdı.
O, xüsusilə, Ermənistanın əvvəlki cinayətkar-Sarkisyan hakimiyyətinin Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyduğunu, MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupunun bu həyasız və qeyri-insani addıma dəfələrlə kəskin etiraz etdiyini xatırlatdı.  Hətta, 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyinin “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” adlı məruzəsində “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq edən Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb” kimi sərt və birmənalı mövqeyini nəzərə çatdırdı.
Yeri gəlmişkən, satqın və cani olan Njdenin əsas şüarı bu idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu fikrin antibəşəri olduğunu xatırladan dövlət başçımız inqilab və çevriliş yolu ilə hakimiyyəti ələ keçirən Ermənistanın – yeni Paşinyan hakimiyyətinin də həmin heykəli götürmədiyini təəssüf hissi ilə və sərt şəkildə vurğuladı və “MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”, - deyə birmənalı mövqeyini ortaya qoydu.
Düzdür, bundan sonra Paşinyan Azərbaycan prezidentinin sərt və tarixi faktlara, həqiqətlərə söykənən bəyanatına cavab verməyə cəhd etsə də, gülünc vəziyyətə düşdü, tarixdən bixəbərliyini nümayiş etdirdi, eyni zamanda, əsl erməni xislətinə uyğun şəkildə yalan, böhtan toxumağa çalışdı. Sübut etdi ki, erməni millətçiləri üçün heç bir siyasi-mənəvi-insani dəyər, ölçü yoxdur, dünyanın qəbul etmədiyi, sevmədiyi hər nə varsa, o cümlədən insan, bəşəriyyət qanına susayan faşizm onlar üçün qəbulolunandır. Əslində faşizmi, rasizmi, şovinizmi, terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran bir ölkədən, bir zehniyyətdən, xəstə təxəyyüldən bundan artıq heç nə gözləmək düzgün olmazdı. Paşinyan əslində özünə və özlərinə yaraşanı, yaraşdırdıqlarını bir daha göstərmiş oldu.
Eyni zamanda, ikinci dəfə çıxış edən Azərbaycan prezidenti qısa nitqi ilə Paşinyanı susdurdu. MDB dövlət başçıları da bir daha Ermənistanın, onun rəhbərliyinin əsl mahiyyətinə şahidlik etmiş oldu. Bu baxımdan, hesab edirəm ki, Ermənistana dalbadal vurulan bu siyasi-diplomatik zərbələr, onun regional və transmilli layihələrdən kənar saxlanması, getdikcə xarici ölkələrdən asılı vəziyyətə düşməsi, vassala, forposta çevrilməsi, siyasi-iqtisadi tənəzzül, bunun müqabilində isə Azərbaycanın hər gün, hər an inkişafa doğru addımlaması, dünyadakı yerinin və rolunun artması, etiraf edilməsi mütləq və mütləq şəkildə öz sözünü deyəcək, Qarabağ münaqişəsinin həllinin müsbətə dönüşündə öz rolunu oynayacaq. Hər birimizdə buna böyük inam və əminlik var.
- Ziyad müəllim, mə­qamı düşmüşkən, öl­kə başçısının Aşqabad Sammitində səs­ləndirdiyi tarixi həqi­qətlərlə bağlı zamanında Sizin özünüzün də addımlarınız, araşdırmalarınız olub. Böyük Vətən müharibəsinin 70 illiyinə həsr olunmuş, “Bakı nefti-qələbənin açarı: sərəfli keçmiş, işıqlı gələcək.1941-1945” kitabında Njedinin satqınlığını, insan qanına susayan bir cani, faşist qulbeçəsi olduğunu tarixi faktlarla oxuculara çatdırmışdınız. Bu məqama da toxunmanızı istərdik.
- Tamamilə, doğrudur. Hələ bir neçə il öncə adını çəkdiyiniz kitabda erməni cəlladlarından və qaniçənlərdən biri olan və amansızlığı ilə seçilən Njdenin qanlı əməllərinə işıq salan və tarixi fakt­lara əsaslanan geniş bir yazı ilə çıxış etmişdik. Daha doğrusu, həmin kitabda tarixə, arxiv materiallarına, ən əsası faşizmdən ən böyük zərər çəkmiş keçmiş SSRİ-nin, indiki Rusiyanın arxivlərində saxlanılan son dərəcədə vacib tarixi materaillara əsaslanaraq, Njdenin, Dronun və digər erməni cəlladlarının qanlı, qeyri-insani əməllərini, onlara kimlərin himayədarlıq etməsini və hansı məqsədlər güdməsini ifşa etmişdik. Konkret olaraq, 2016-cı ildə işğalçı ölkənin paytaxtında - Yerevanda Njdeyə heykəl ucaldılması və onun böyük etirazlara səbəb olması hər birimizin yaddaşındadır. Hər bir kəs belə bir addımın yolverilməz, insanlığa, bəşəriyyətə təhqir və hörmətsizlik olduğunu bilir, qeyd edir və Ermənistanın öz mahiyyətindən irəli gələn bu hərəkətini pisləyir və lənətləyirdi. Çünki başqa cür də ola bilməzdi, daxili aləmi zəngin olan hər kəs Ermənistanın bu qeyri-insani hərəkətinə susa, səssiz qala bilməzdi və qalmadı. Ermənistana qarşı hər cür təpkilər, etirazlar ifadə edildi ki, bu ziyanlı, təhlükəli, qeyri-insani addımından geri çəkilsin. Amma Ermənistan, onun bir-birini əvəzləyən və bir-birindən fərqlənməyən hakimiyyətləri bu qeyri-insani addımın aradan qaldırılmasına nəinki səy, göstərmədi, əksinə, bunu qəhrəmanlıq nümunəsi kimi dünyaya sırımaqda, öz yalanları ilə dünyanı aldatmaqda davam etdilər. Amma fakt faktdır və heç bir yalan tarixi faktları, tarixi həqiqətləri puç edə, sıradan çıxara bilməz.
Ümumiyyətlə, ermənilər ömür boyu kölgələrinə sığınıb dolandıqları himayədarlarını - Rus imperiyasını özlərinə sərf edən, istədikləri tarixi məqamda utanmadan dəyişdilər. İkinci Dünya müharibəsi ərəfəsində onlar yeni himayədar axtarışlarını davam etdirərək, “mənəm-mənəm” deyən Hitler Almaniyasına sığınmağa, satılmağa qərar verdilər. Belə ki, ermənilərin nümayəndələri - Avropa xalqlarının cəlladları olan Dro, Njde və digər qanlı cinayətkarlar İkinci Dünya müharibəsi illərində İmperiya Baş Təhlükəsizlik İdarəsinin (SD) nümayəndələrinə öz xidmətlərini təklif edirdilər. Əvəzində isə ermənilər “köçəri” dövlətlərdən biri, Azərbaycan əzəli-əbədi torpaqları üzərində süni yolla qurulmuş Ermənistan SSR-in coğrafi ərazisini genişləndirmək istəyirdilər. Rusiya arxivlərindən əldə edilmiş “Daşnaklar alman kəşfiyyatının xidmətində” adlı kitabda çap olunmuş tarixi bir sənəd - SSRİ Daxili İşlər naziri S.Kruqlovun İ.Stalinə, V.Molotova, L.Beriyaya, Q.Malenkova yazdığı tam məxfi məlumat İkinci Dünya Müharibəsi illərində Hitler Almaniyasına xidmət edən erməni cəlladlarının fəaliyyətini açıq-aydın sübuta yetirirdi. Orada qeyd olunurdu ki, SSRİ Daxili İşlər Nazirliyi tərəfindən hərbi əsirlər arasından özünü unter-zabit Karer Petera kimi qələmə verən, ancaq milliyyətcə erməni olan və alman kəşfiyyatının keçmiş əməkdaşı Peter Kamsarakan müəyyən edilib, tapılmışdır. Göstərilirdi ki, Kamsarakan başda olmaqla, alman kəşfiyyatının əlaltısı olan başqa bir neçə erməni canisi-daşnaklar almanlara öz arzularını bildirib, SSRİ ilə müharibə baş verdiyi halda Almaniyanın köməyi ilə erməni dövlətinin yaradılmasını, o dövlətdə hökumət partiyasının “Daşnaksütyun” olmasını, həmçinin Türkiyənin ermənilər yaşayan rayonları ilə yanaşı, Şərqdə Dağlıq Qarabağ, Şimalda isə Gürcüstanın Borcalı rayonunun birləşdirilməsi hesabına Ermənistanın genişləndirilməsini istəyiblər. Həmçinin, qeyd edilirdi ki, Kamsarakanın ifadəsini və onun daşnakların almanlarla əməkdaşlığa cəlb olunmasındakı rolunu SSRİ Daxili İşlər Nazirliyi tərəfindən dindirilən, hazırda nazirliyin Vladimir həbs­xanasında saxlanılan erməni emi­qrantlarının lideri Njde ləqəbli Ter-Artunyan təsdiq etmişdir.
Yəni, bu tarixi faktın özü ermənilərin, onun qanlı cəlladlarının, faşizmə qulluq edən nökərlərinin iç üzünü bir daha açıb göstərir. Bunu əslində ermənilər və Ermənistan hakimiyyətindəkilər hamıdan yaxşı bilirlər, amma həqiqətin gözünə kül üfürməyə, dünyanı öz yalanlarına inandırmağa cəhd etməkdə davam edirlər. Ancaq qeyd etdiyim kimi, tarix yalanı sevmir. Tarixdən danışanda gərək həqiqətlərlə, faktlarla danışasan, danışmayanda və yaxud da, həmin həqiqətlərdən özünü bixəbər göstərəndə məhz Paşinyanın Aşqabaddakı durumuna düşməkdən başqa bir yol qalmır. Bəli, Aşqabad Sammitində Paşinyan həm tarixi savadsızlığını, həm də yalançı olduğunu nümayiş etdirdi, Azərbaycan prezidentinin faktlara, arqumentlərə, məntiqə söykənən çıxışı ilə ifşa olundu. Bundan sonra da əgər bu cür cəhdlər olarsa erməni yalanları bir daha və növbəti dəfə ifşa olunacaq, dünyanın gülüş obyektinə çevriləcəklər.
Onu da mütləq şəkildə deməliyəm ki, hələ sovetlər dövründə ermənilər, Ermənistan Kremldəki himayədarlarına arxalanaraq, bu cür anti-insani, anti-bəşər addımlarını gerçəkləşdirməyə başlamışdılar. Konkret olaraq, Azərbaycan və Türkiyə türklərinə qarşı böyük nifrəti, amansızlığı, qəddarlığı ilə seçilən, Türkiyəyə etdiyi xəyanətə görə bu ölkədən qovulan, qulağı kəsilən qanlı əməl sahibi Andronikə hələ sovetlər dövründə heykəl-abidə kompleksi ucaldılmış, ora bir növ sitayiş yerinə, “ziyarətgaha” çevrilmişdi və təəssüflər olsun ki, bu gün də belədir. Əgər zamanında ermənilərin, Ermənistanın bu anti-insani addımına, əli türk və Azərbaycan xalqının qanına bulaşmış qatilə abidə kompleksinin ucaldılmasına reaksiya verilsəydi, bunu edənlər, Ermənistan rəhbərliyi sərt şəkildə cəzalandırılsaydı, bəlkə də bu gün Yerevanda başqa bir qatilin-Njdenin heykəli də olmazdı. Ancaq vaxtında cəzalandırılmadığına görə Ermənistan, onun başabəla liderləri öz anti-insani davranışları ilə insanlığa və bəşəriyyətə, onun dəyərlərinə hörmətsizliklərini davam etdirirlər. Amma Ermənistanın qatı millətçi­ləri çox tezliklə öz əkdiklərini biçməli olacaqlar, necə ki, artıq proses başlanılıb,  Ermənistanın özünü ifşa prosesi gedir və getdikcə də sürətlənərək, öz məntiqi sonluğuna çatacaq. Ermənistanın, erməni cəlladlarının etdikləri cəzasız və cavabsız qalmayacaq.
 
Müsahibəni apardı:
Kamil
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır