AZE | РУС
 
FOTO QALEREYA
Müsahibələr
Dinamik inkişaf edən Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması imkanlarımızı daha da genişləndirəcək

Müsahibimiz Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadədir

- Ziyad müəllim, "Xüsusi iqtisadi zonalar haqqında" qanun hazırdırmı?

- Prezidentin azad iqtisadi zonaların yaradılması ilə bağlı sərəncamı var. Milli Məclisin İqtisadi siyasət daimi komissiyası Azərbaycan İqtisadçılar İttifaqı ilə birlikdə bununla bağlı böyük bir elmi konfrans keçirdi. Bununla bağlı İqtisadi İnkişaf Nazirliyi və digər qurumlar tərəfindən qanun layihəsi hazırlanıb. Həmin qanun layihəsi artıq Nazirlər Kabinetinə təqdim olunub. Bu dəqiqə Azad İqtisadi Zonanın yerinin seçilməsi məsələsi diqqət mərkəzindədir. Bununla bağlı müxtəlif variantlar var. Mənə elə gəlir ki, bu yaxınlarda biz hazırlanmış qanun layihəsinin Milli Məclisə daxil olmasının şahidi olacağıq. Mənim fikrimcə, Azərbaycanda Azad İqtisadi Zonanın yaradılması çox vacib məsələdir. Dinamik inkişafda olan Azərbaycanda belə bir iqtisadi zonanın yaradılması əlbəttə ki, bizim imkanlarımızı daha da genişləndirəcək.

- Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı işlər nə yerdədir?

- Bu təşkilata üzvlük bizim üçün vacib məsələlərdən biridir. Azərbaycan hökuməti, ölkə prezidenti birmənalı şəkildə ÜTT-yə üzv olmaq istədiyimizi bəyan edib. Amma Azərbaycanın bu təşkilata üzvlüyü tələm-tələsik olmamalıdır. Hazırda İqtisadi İnkişaf Nazirliyi digər qurumlarla birlikdə təşkilata üzvlüklə bağlı ikitərəfli və çoxtərəfli danışıqları davam etdirirlər. Bu danışıqlar prosesində müzakirə olunan məsələlərin həlli heç də asan başa gəlmir. Bilirsiniz, ÜTT-yə üzvlüklə bağlı eyforiyaya qapılmağa ehtiyac yoxdur. Biz düşünməməliyik ki, bu təşkilata üzv olmaqla bütün problemlərimiz həll olunacaq. Biz dəqiq hesablamalıyıq ki, hansı mərhələdə və hansı şərtlərlə bu təşkilata üzv olsaq, bu bizim xeyrimizə olar. Çünki bizim qarşımızda Moldovanın, Qırğızıstanın acı təcrübəsi var. Onların təcrübəsi göstərdi ki, ÜTT-yə tələm-tələsik daxil olmaq ölkənin milli iqtisadiyyatına ciddi zərbə vurur. Ona görə də biz çalışmalıyıq ki, bütün səviyyələrdə iqtisadiyyatımızın rəqabətə davamlılıq problemini həll edək. Bu məsələni həll etsək, ÜTT-yə daxil olarkən itkilərimiz daha az olar. Çünki Azərbaycan bazarında istehsal olunan məhsulların keyfiyyəti o qədər də yüksək deyil. Bu gün bizim dünya bazarına çıxarılası məhsullarımız hələ azdır. Biz bütün səviyyələrdə çalışmalıyıq ki, Azərbaycanda istehsal olunan məhsulların keyfiyyəti artsın. Bunun üçün həm texnologiyaların, həm də əməyin təkmilləşdirilməsi tələb olunur. Eyni zamanda, biznesmenlərimizin sosial məsuliyyətləri artmalıdır. ÜTT-yə tələm-tələsik daxil olarıqsa, dirçəlməkdə olan milli iqtisadiyyatımıza böyük zərbə vurmuş olarıq. Ona görə də cənab prezident bütün çıxışlarında iqtisadiyyatın rəqabətə davamlılığının artırılması üçün bütün imkanlardan istifadə edilməsini tələb edir. Yeri gələndə dövlət müxtəlif sektorlara subsidiyalar ayırmalıdır. Yeri gələndə dövlət zəruri sahələrə vergi güzəştləri tətbiq etməlidir. Sahibkarlara güzəştli kreditlər verilməlidir. Ümumilikdə götürdükdə ÜTT-yə üzvlük çox incə bir məsələdir. Mən hesab edirəm ki, bu məsələdə düzgün mövqe tutulmalıdır.

- ÜTT-yə üzvlük prosesində bir sıra yeni qanunlar qəbul olunmalı, çoxsaylı qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməlidir. Milli Məclis bu sahədə üzərinə düşən işləri görürmü?

- Biz artıq ÜTT-yə üzvlüklə bağlı bir sıra qanunları qəbul etmişik. Məsələn, biz artıq "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik etdik. ÜTT-nin tövsiyələrinə müvafiq olaraq "Fitosanitar nəzarəti haqqında" qanunun müzakirələrini yekunlaşdırdıq. "Büdcə sistemi haqqında" qanunda da müvafiq dəyişiklikləri etmişik. Amma biz təşkilata üzvlüklə əlaqədar qanunlarımızdakı dəyişiklikləri sürətləndirə bilmərik. Biz şərtlərə baxmalıyıq. Hansı şərtlər Azərbaycanın maraqlarına uyğun gəlirsə, onları qəbul etməliyik. Mənim tövsiyəm ondan ibarətdir ki, jurnalistlər də həmişə qanunvericilikdəki dəyişikliklərə milli maraqlar baxımından yanaşsınlar. Bizə deyilən hər sözə "baş üstə" deməməliyik. Hər bir ölkənin milli maraqları və özünəməxsus inkişaf xüsusiyyətləri var.

- Ziyad müəllim, ÜTT-yə üzv olduqdan sonra Azərbaycanın rəqabətə davamlılıq, biznes mühiti ilə bağlı beynəlxalq reytinq siyahılarında irəliləməsi mümkündürmü?

- Beynəlxalq təşkilatların müəyyən etdikləri reytinqlərin arxasında nələrin dayandığını hamımız yaxşı bilməliyik. İlk növbədə həmin təşkilatların məqsədlərini müəyyənləşdirməliyik. Tərtib olunan reytinq siyahıları bəzən siyasətin tərkib hissəsi olur. Bəzi transmilli şirkətlər bu cür siyahılardan öz məqsədləri üçün istifadə edirlər. Məsələn, transmilli şirkətlər hansısa bir ölkənin daxili bazarında yer tutmaq üçün maya qoyub reytinq siyahıları vasitəsilə həmin ölkələrə təzyiq etməyə çalışırlar. Necə ola bilər ki, işğalçı, demokratik hüquqları pozan Ermənistan reytinq siyahılarında Azərbaycandan qabaqda olsun? Bu, ağlasığmaz bir şeydir. Necə ola bilər ki, Ermənistanın rəqabətə davamlılığı Azərbaycandan yüksək olsun? Buna görə də baxmaq lazımdır ki, bizi kim qiymətləndirir. Qiyməti verən şirkətin arxasında kimlər durur.

- Son vaxtlar bəzi millət vəkilləri ərzaq məhsullarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı təkliflərlə çıxış edirlər. İqtisadi siyasət daimi komissiyasının sədri kimi sizin bu məsələ ilə bağlı mövqeyiniz necədir?

- Mən hesab edirəm ki, biz azad bazar münasibətləri qurduğumuzdan qiymətlərin dövlət tərəfindən tənzimlənməsinə getməməliyik. Qiymətlərin tənzimlənməsi üçün başqa üsullardan istifadə etməliyik. Məsələn, bu gün biz ölkə prezidentinin sərəncamı ilə Dövlət Taxıl Fondu yaratmışıq. Bu fondun yaradılması şübhəsiz ki, bir müddətdən sonra taxıl bazarındakı qiymətlərə öz təsirini göstərəcək. Fondun imkanlarından istifadə etməklə lazım olan vaxtlarda dövriyyəyə əlavə taxıl buraxılacaq. Lazım olan vaxtlarda fonddan bazara taxıl çıxarılması dayandırılacaq. Bundan əlavə, qiymətlərin tənzimlənməsi üçün ən əlverişli metod bazarda rəqabət mühitinin yaradılmasıdır. Normal rəqabət mühiti və şəffaflıq çox problemlərin həllinə müsbət təsir göstərə bilər.

Kamil HƏMZƏOĞLU,

"525-ci qəzet"

MEDİA QALEREYA
VİDEO
  подробнее...
FOTO ALBOM
  подробнее...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Все права защищены. Сайт разработан  веб студией Lider