AZE | РУС
 
FOTO QALEREYA
YAXŞILARI SEVƏR ALLAH
YAXŞILARI SEVƏR ALLAH!

Malik Ramazanzədə unudulmaz müəllim olub. Malik Ramazanzadə fizikanı təkcə öyrətməyib, fizika fənnini tələbələrə sevdirib. Elə bu səbəbdən tələbələr onun xətrini çox istəyiblər. "Fizikanı Ramazanzadədən öyrənmişdir"- sözü yüksək ballı qiymətə çevrilib. Mən özüm fizik olmasam da, bir çox yüksək insani keyfiyyətləri, əsl ziyalılıq prinsiplərini akademik Malik Ramazanzadədən öyrənmişəm.

Yaxşı bir insan haqqında danışmaq istəyirəm. O, alim idi, böyük alim idi, amma qətiyyətlə deyərdi ki, alim olmaq asandır, adam olmaq çətin. Söhbət yaxşı alimdən, yaxşı adamdan gedir. O, "alim olmaq asandır", - deməklə heç də alimliyi kiçiltmir, adam olmağın necə ali keyfiyyət olduğunu nəzərə çatdırmaq üçün onu alimlikdən uca tuturdu. Təkrar edirəm, o, özü böyük alim idi, bütün respublikada, bütün Sovet İttifaqında nüfuz sahibi idi. Bütün dünyada görkəmli fizik kimi tanınırdı. Söhbət əsl ziyalı Malik Ramazanzadədən gedir.

O, bizdən otuz yaş böyük olardı. "Biz" - dedikdə, mən yaşıdlarımı, Buzovna uşaqlarını nəzərdə tuturam. Ataların bir sözü var: Allahsız yerdə otur, böyüksüz yerdə oturma. Bizlərdə, yəni Buzovnada "böyük" ağsaqqala deyirlər və hər saqqalı ağ olanı da ağsaqqal adlandırmırlar. Ağsaqqallıq diplomla müəyyən olunmur, kiminsə, kimlərinsə verdiyi mükafat da deyil, pulla, var-dövlətlə ölçülmür. Ağsaqqallığı nə Ali Məclis müəyyən edir, nə də ali fərman. İnsan gərək el gözündə ağsaqqal ola. Malik Ramazanzadə də el gözündə ağsaqqal idi. Onun hər sözü ürəklərdə qızıla tutulur, beyinlərə qızıl suyu ilə yazılırdı.

Mən belə yaxşı bir insan haqqında danışmaq istəyirəm. O, bənzərsiz yaxşı idi. Əslində biz - Buzovna uşaqları yaxşı-yaman görməmiş deyildik. Nifrət eləməyi də, xoşlamağı da bacarırdıq.

Cəm halında ona görə danışıram ki, o vaxtlar Buzovna bağlarında yaxşılığa sərhəd yox idi. Yaman onsuz da maskalanır, yaxşıların kölgəsində sürünürdü, qara divarlar arasında gizlənirdi. Yaxşılıq isə, Abşeron bağları kimi, bir dünya idi, əsl nağıl dünyası. İndi bağlara hündür hasarlar çəkirlər, elə hündür ki, dırmaşmaq da olmur. O vaxtlar isə yaxşı adamların ürəkləri kimi, hamı bir-birini görürdü, hamı bir-birini salamlayırdı.

İxtisasca həkim olan Qulam kişi, ona min rəhmət olsun, Qulam kişi deyərdi ki, "Salam" Allahın adıdır, tərcüməsi sülhdür, Salam verməyin özü də bir ibadətdir. Qulam kişi çox müdrik və qonaqcanlı bir insan idi.

Buzovnada həkim Qulam kişini tanımayan yox idi. Xüsusən bağ mövsümündə axşamlar Qulam kişini görməyən darıxardı.

Yeri gəlmişkən, o vaxtkı Buzovna bağlarını bir əfsanə kimi xatırlayıram. Belə məşhur bir söz var ki, "gözəl görünər, çirkin bürünər". Buzovna bağları bu mənada da ayrı-seçkilik tanımırdı. Mən yadıma sala bilmirəm ki, kimsə bağda ənlik-kirşan yaxsın, qalstuk bağlayıb, ütülənmiş kostyumda, təzəcə vakslanmış tuflidə gəzsin. Bağ mövsümündə təbiət də bir müəllimə çevrilir, insanlara gözəlliyin tacı olan sadəlik dərsi keçirdi, nəciblik dərsi keçirdi. O vaxt nüfuzlu alim olan, yüksək elmi idarələrdə olub çalışan alim Malik Ramazanzadə də elektriçkadan düşən kimi birinci yaxasını açırdı, evə çatandan beş dəqiqə sonra hamı onu adi, rahat, bir az da nimdaş bağ paltarında, başı açıq, ayaqları yalın görərdi. O, elə bu qiyafədə də xətrini çox istədiyi həkim Qulam kişigilə gələrdi. Şəhərin yay yorğunluğunun olan-qalan hissəsini də yaxşı dost-aşna ilə söhbətləşməkdə tökərdi.

Biz uşaqlar da pioner düşərgəsində ürəyimizə yatan kino olmayanda iki-bir Qulam kişigilin bağına keçib, bir yandan böyüklərin söhbətinə qulaq asardıq.

Malik Ramazanzadə adi söhbətində də alim idi. Onda çox yapışıqlı bir bəlağət var idi. O, danışanda vacib sözü olan da susurdu. Elə diqqətlə qulaq kəsilirdilər ki, sanki eşitdiklərindən imtahan verəcəkdilər. Malik Ramazanzadədə ilahi bir pedaqoqluq məharəti var idi. O, bizi kənarda duran görəndə qayğı ilə çağırardı, şirin dillə dindirib keyfimizi soruşardı. Malik Ramazanzadənin hər sözü bizə bir əfsanəvi aləm bağışlayardı, onsuz da işıqlı olan ürəyimiz bir az da işıqlanardı.

İndi ola bilsin ki, binaların böyüklüyü var, o vaxtlar Malik Ramazanzadə kimi nəcib insanların böyüklüyü var idi. Axşamın sərini düşəndə həkim Qulam kişinin bağına rəssam Böyükağa Mirzəzadə, Hadı Əliyev, İsmayıl İbrahimov kimi xalqın seçib, hörmət elədiyi şəxsiyyətlər yığılardı.

Malik Ramazanzadə deyirdi ki, Allah-Təala insanı öyrənmək üçün yaradıb. İnsan doğulan gündən səsləri, rəngləri öyrənir, sifətləri tanıyır, xeyiri, şəri bir-birindən ayırmağı öyrənir. Bütün həyat insan üçün məktəbdir. Belə olmasa, ömür çox cansıxıcı olar. Son dərəcə müdrik kişi olan Malik Ramazanzadədən çox hikmətləri hafizəmə yazmışam. Ən müşkül suallarımın cavabını onun sözlərində tapmışam. O, "eşit" demirdi, amma eşitdirirdi. Elə bu səbəbdən də mən Malik Ramazanzədəni özümə müəllim saymışam. Və fəxr edirəm ki, Malik Ramazanzədə kimi müdrik həyat müəllimim olub.

Malik Ramazanzadə əslən buzovnalı deyildi, amma ikinci yarısı - ömür-gün yoldaşı Fatma xanım buzovnalı idi. Nümunəvi ailə yaratmışdılar.

Görkəmli fizik-alim, mahir pedaqoq Malik Ramazanzadə şəhərin iki addımlığında - Əmircan kəndində doğulub, dünyanı dərk etmişdi.

Azərbaycana cəsarətlə istedadlar vətəni demək olar. Təkcə Abşeronda hər kənd öz nadir istedadları ilə tanınmışdır. Əmircan da bu sahədə geridə qalmır, öz övladları ilə fəxr etməyə layiqdir. Xatırladım ki, Abbasqulu ağa Bakıxanov Əmircanda anadan olmuş, məşhur "Gülüstani-İrəm" əsərində bir çox tarixi faktlarla bərabər, doğma kəndinin də adını "Əmir Hacan" kimi izah emişdir. XIII-XIV əsrlərə aid memarlıq abidələri olan Əmircan kəndindən milyonçu Murtuza Muxtarov, xalq rəssamı Səttar Bəhlulzadə, akademik Əlsəttar Sumbatzadə, neftçi usta Piri Pirməmməd, şair Tofiq Bayram kimi məşhurlaşmış, bütün respublikanı məşhurlaşdırmış nadir istedadlı insanlar çıxmışlar. Malik Ramazanzədənin də doğum kağızına və pasportuna Əmircan kəndinin adı yazılmışdır. Bu gün onun oğlu Arif Ramazanzadə də baba yurdu Əmircanla haqlı fəxr edir.

Akademiyamızın müxbir üzvü Malik Ramazanzadə haqqında ən çox onu eşidirdim ki, "o, əsl kişidir, sözünün sahibidir", "əyilməzdir, mübarizdir", "məğrur və xeyirxahdır", "ciddi və tələbkar olmaqla yanaşı, zarafatı da sevəndir". Malik Ramazanzadənin yumorunda da onun özünəxas bir müdriklik var idi. Ona "fizikanın atası" deyirdilər. 1940-cı ildən bəri AzNİ-ni (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirmiş neçə nəsil üçün Malik Ramazanzədə unudulmaz müəllim olub. Malik Ramazanzadə fizikanı təkcə öyrətməyib, fizika fənnini tələbələrə sevdirib. Elə bu səbəbdən tələbələr onun xətrini çox istəyiblər. "Fizikanı Ramazanzadədən öyrənmişdir"- sözü yüksək ballı qiymətə çevrilib. Mən özüm fizik olmasam da, bir çox yüksək insani keyfiyyətləri, əsl ziyalılıq prinsiplərini akademik Malik Ramazanzadədən öyrənmişəm.

Qurani-Kərimdə yazılmışdır: "Yaxşı-yaxşı işlər görün. Yaxşıları sevər Allah" (2-195). Malik Ramazanzədə də öz yaxşı əməlləri ilə yaxşılaşaraq sevilmişdir. Sevilən insanlar isə Qurani-Kərimin "Baqara" surəsində Allah rəngində təsvir edilmişdir (138-ci ayə). Yaxşı-yaxşı işlər Malik Ramazanzadəni də Allahın rənginə boyamışdır ki, insan üçün bundan ali keyfiyyət yoxdur.

Xətrini dünyalar qədər istədiyim Malik Ramazanzadə mənim xəyalımda bax beləcə, Allah rəngində qalmışdır.

Akademik Ziyad SƏMƏDZADƏ

MEDİA QALEREYA
VİDEO
  подробнее...
FOTO ALBOM
  подробнее...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Все права защищены. Сайт разработан  веб студией Lider