AZE | РУС
 
FOTO QALEREYA
İctimai-siyasi fəaliyyəti
Bank olmayan kredit təşkilatları hüquqi və fiziki şəxslərə əlverişli şərait yaradacaqdır

Müsahibimiz Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi

Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadədir

Ziyad müəllim, "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanunun qəbulu hansı zərurətdən irəli gəlmişdir?

Bildiyiniz kimi ölkəmizdə belə təşkilatlar fəaliyyət göstərməkdədirlər. Hazırda Azərbaycanda donor təşkilatlar tərəfindən maliyyələşdirilən 18 bank olmayan kredit təşkilatı lisenziya əsasında fəaliyyət göstərir. Bu təşkilatlardan 3-ü ("Naxçıvan Kredit" MMC, "Viator Mikrokredit Azərbaycan" MMC və "Azəristar Mikromaliyyə" MMC) regionlarda yerləşir. BOKT-lərin maliyyə göstəriciləri və kredit qoyuluşları ildən ilə artır. Belə ki, məcmu aktivləri 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 30.9% artaraq 183.8 mln. manata çatmış, məcmu kredit qoyuluşu isə 28.5% artaraq 153.4 mln. manat olmuşdur. Verilmiş kreditlər əsasən istehlak kreditlərindən və sahibkarlıq fəaliyyətinə verilən kiçik məbləğli kreditlərdən ibarətdir.

Bu gün, ölkənin 61 rayonunda fəaliyyətini həyata keçirən BOKT-lər 160 mindən çox müştəriyə xidmət göstərir. Hal-hazırda, bank olmayan maliyyə institutlarında 1400 nəfərdən artıq yerli mütəxəssis çalışır.

Lakin indiyədək həmin sahəni tənzimləyəcək qanunvericilik bazası yaradılmamışdır. Bu isə maliyyə bazarında müəyyən boşluqların yaranmasına səbəb olur. Onu da qeyd edək ki, dünya təcrübəsində ilk dəfə olaraq "Mikromaliyyə təşkilatları haqqında" qanun 2000-ci ildə Bosniya və Hersoqovinada qəbul olunmuşdur.

Azərbaycanda çoxlu sayda bank və onların filialları fəaliyyət göstərir. Bununla yanaşı poçt şöbələrinə də maliyyə xidmətlərinin göstərilməsinə icazə verilib. Həmçinin kredit təşkilatları da fəaliyyət göstərir. Bütün bunlardan sonra bank olmayan kredit təşkilatlarının yaradılmasına ehtiyac var idimi? Belə qurumların yaradılmasında əsas məqsəd nədir?

Ölkə Prezidenti möhtərəm İlham Əliyev cənabları regionların sosial-iqtisadi inkişafı, məşğulluq strategiyası, ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə təsdiq etdiyi Dövlət Proqramlarında alternativ maliyyə mənbələri sahəsində fəaliyyətin canlanması kimi tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət verir.

Bu istiqamətdə görülən tədbirlər nəticəsində son illər ərzində bankların regional filial şəbəkəsi xeyli artmış, coğrafi baxımından Azərbaycanın bir çox şəhər və rayonlarını əhatə etmişdir. Lakin buna baxmayaraq yenə də bankların əhatə etmədiyi "borcaalanlar" kateqoriyası vardır ki, bu hallarda məhz alternativ kredit xidmətlərinin göstərilməsinə ehtiyac yaranır.

Bu növ kredit təşkilatlarının fəaliyyətinin hüquqi bazasını daha da möhkəmlətmək məqsədilə İqtisadi Siyasət Komitəsinin tövsiyəsi ilə Mərkəzi Bank, bank olmayan kredit təşkilatlarının, Milli Məclis Aparatının İqtisadi Qanunvericilik şöbəsinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradıldı. Bu sahədə Azərbaycana dəstək verən beynəlxalq təşkilatlarla da (ABŞ-ın USAİD təşkilatı və Beynəlxalq Maliyyə Korporasiyası) işgüzar müzakirələr aparıldı.

Bundan əlavə mətbuatda qanun layihəsinin mahiyyəti, məqsədi və vəzifələri barədə maraqlı informasiyalar, müsahibələr verildi. Bu tədbirlər içərisində 2009-cu il oktyabr ayının 7-də keçirilən Mikromaliyyələşmə problemlərinə həsr olunmuş və beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak etdiyi konfransı xüsusilə qeyd etmək istərdim. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvlərinin iştirak etdiyi bu konfransda tədbir iştirakçılarına qanun layihəsinin məqsədi və prinsipial müddəaları barədə ətraflı məlumat verildi.

Bir daha vurğulamaq istərdim ki, 26 maddədən ibarət olan qanun layihəsinin əsas məqsədi əhalinin, xüsusilə regionlarda, maliyyə xidmətlərinə çıxış imkanlarının artırılmasında, kiçik sahibkarlığın dəstəklənməsində, məşğulluğun təmin olunmasında və yoxsulluğun daha da azaldılmasında əhəmiyyəti olan bank olmayan kredit təşkilatlarının fəaliyyətinin hüquqi bazasının möhkəmləndirilməsi və bu əsasda Azərbaycanda mikromaliyyə sektorunun dəstəklənməsidir.

Qanunla tanış olduqda məlum olur ki, bu təşkilatlar müəyyən mənada bankların bir qisim funksiyalarını həyata keçirəcəklər. Bəs nəyə görə onlar qanunda məhz bank olmayan kredit təşkilatları kimi adlandırılırlar?

İlkin olaraq layihədə bu təşkilatlar mikromaliyyə təşkilatları adı altında ifadə olunsa da, layihə üzrə müzakirələr zamanı onların bank olmayan kredit təşkilatları kimi tənzimlənməsi daha məqsədəuyğun hesab edildi. Belə ki, hazırda Azərbaycanın bank xidmətləri bazarında fəaliyyət göstərən bəzi banklar da (xüsusilə Akses Bank və s.) mikromaliyyə xidmətlərini təklif edirlər. Ona görə bu təşkilatların qanunvericilikdə məhz "bank olmayan kredit təşkilatı" kimi tanınması onların banklardan fərqli olan fəaliyyətlə məşğul olmalarını və statusunun da fərqli olduğunu ifadə edir.

Digər tərəfdən, mikromaliyyə təşkilatı anlayışı verilən kreditlərin məbləğcə limitləşdirilməsini də tələb edə bilər ki, bu da maliyyə xidmətləri bazarında məqbul deyildir. Qanunda bazar iqtisadiyyatı şəraitində limitlərin müəyyənləşdirilməsi əvəzinə verilən kreditlərin maksimal məbləğinin prudensial (riskdən qorunmaq üçün) tənzimləmə çərçivəsində müəyyən edilməsinə üstünlük verilmişdir, çünki iqtisadi inkişaf səviyyəsindən asılı olaraq bu xidmətlərin istehlakçılarına bir məbləğ tələb olunursa, bir qədər sonra artıq həmin məbləğ sahibkarlığın inkişafına dəstək verə bilmir. Ona görə də mikromaliyyə xidmətlərinin göstərilməsi BOKT-lərin daxili siyasətinə və bazar tələbətına uyğun olaraq həyata keçirilməsi daha məqsədəuyğun hesab edilir. Təcrübə özü də göstərir ki, hazırda BOKT-lər tərəfindən verilən kreditlərə heç bir qanunvericilik limiti təyin edilməsə də, faktiki olaraq verilmiş kreditlərin 72%-i 10 min manatdan aşağı məbləğdə olan mikrokreditlərdən ibarətdir.

Bank olmayan kredit təşkilatlarının müstəqilliyi barədə nə deyə bilərsiniz? Hər hansı bir dövlət qurumu bu təşkilatlara nəzarət edəcəkmi? Onlarda yoxlamalar aparılacaqmı?

Qanunla BOKT-lərin yaradılması, Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılması və fəaliyyətləri üzərində prudensial (riskdən qorunmaq üçün) nəzarət tədbirləri tənzimlənir. BOKT-lərin istənilən təşkilati-hüquqi formada (kommersiya və qeyri-kommersiya) fəaliyyət göstərməsi nəzərdə tutulur.

Bəziləri bildirirlər ki, bank olmayan kredit təşkilatları resurs topladıqdan sonra banklara çevrilə bilərlər. Qeyd edək ki, qanun bunun üçün əsas yaratmır və həmin təşkilatların bank olması üçün yeni lisenziya almaları lazımdır. Digər tərəfdən BOKT-lər əhalidən depozitə pul cəlb edə bilməzlər və pul köçürmələrini həyata keçirmək hüququna malik olmadıqlarından bank təşkilatı kimi fəaliyyət göstərə bilməzlər.

Müzakirələr zamanı bir daha qeyd olundu ki, BOKT-lər müxtəlif növ kreditlər (pul formasında təminatlı və təminatsız kreditlər, faktorinq, forfeytinq, lizinq, veksellərin uçotu), qarantiya verə bilər, habelə sığorta agenti xidmətlərini, borcalanlara maliyyə-texniki məsələlər üzrə məsləhət xidmətlərini (maddə 15) göstərə bilər. Onlar depozit, hesablaşma və pul köçürmə əməliyyatlarını həyata keçirə bilməzlər.

Aparılmış konstruktiv müzakirələrdən sonra qanunun 5.1 maddələsinə aşağıdakı prinsipial dəyişik edilmişdir: "Qeyri-kommersiya BOKT-ləri yalnız fond formasında, Azərbaycan Respublikasının bağladığı müqavilələrə uyğun olaraq beynəlxalq təşkilatlar, habelə xarici ölkələrin dövlət büdcəsindən maliyyələşdirilən qeyri-hökumət təşkilatları tərəfindən təsis edilə bilərlər. Qeyri-kommersiya BOKT-ləri kommersiya təşkilatları yarada və ya onlarda iştirak edə bilməzlər". 16.2 maddəsinə edilən dəyişiklik isə aşağıdakı redaktədə verilmişdir: "Xarici ölkələrin hökumətləri və donorlar tərəfindən qrant şəklində verilən vəsaitlər və onlardan əldə olunan gəlirlər BOKT-lər tərəfindən Azərbaycan Respublikasından kənara çıxarılmamalıdır".

Komitədə, eləcədə mütəxəssislərlə görüşlər zamanı aşağıdakı məsələ də müzakirə obyekti oldu. Söhbət BOKT-in fəaliyyətinin, xüsusilə kredit əməliyyatlarının şəffaflığının təmin edilməsi məqsədilə qanunda borcalanların məlumatlandırılmasına dair müvafiq tələblərin müəyyən edilməsindən gedir (maddə 21). Belə ki, bağladıqları kredit müqaviləsində digər şərtlərlə yanaşı, kreditin müddətindən asılı olmayaraq, kredit üzrə illik faiz göstərilməlidir ki, borcalan kredit alarkən əlverişli və düzgün seçim edə bilsin.

Sizə elə gəlmirmi ki, bank olmayan kredit təşkilatlarının təklif etdikləri faiz dərəcələri bankların kredit faizlərini üstələyir?

Həqiqətən də faizlər yüksəkdir. Bu vəziyyəti aradan qaldırmaq üçün, təbii ki, yerli banklar öz fəaliyyətlərində mütərəqqi istiqamətdə dəyişikliklər etməlidirlər. Müştərilərə göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması üçün faiz dərəcəsi aşağı salınmalıdır. Bu barədə çox danışmaq olar. Əsas məsələ ondan ibarət olmalıdır ki, müştərilərin kredit resurslarına çıxış imkanları genişlənsin, verilən kreditlər kiçik və orta biznesin inkişafına yönəldilsin. Bəzən BOKT-in verdikləri kreditlərə görə müəyyən etdikləri faizlər kreditdən istifadə edənlərin əldə etdikləri mənfəət normasından yüksək olur. Nə üçün...

Müzakirələr zamanı millət vəkilləri çox haqlı olaraq bildirdilər ki, BOKT-lər tərəfindən verilən kreditlər üzrə faizlər həddindən artıq yüksəkdir və bunun tənzimlənməsinə ehtiyac vardır. Bəzi mütəxəssislər bildirilər ki, bu təşkilatlar bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərdiyindən faizləri tənzimləyən bazarın özüdür. Bu səhv fikirdir. Biz hesab edirik ki, faiz dərəcələri aşağı salınmalı və bu məsələdə daxili resursların imkanlarından daha geniş istifadə olunmalıdır.

Mikromaliyyə fəaliyyətinin getdikcə inkişafı, ölkədə ümumi iqtisadi inkişaf nəticəsində yerli investorların potensial maliyyə imkanlarının artması təkcə donor təşkilatlarının vəsaiti hesabına deyil, daxili investisiyalar hesabına da kiçik və orta sahibkarların, eləcə də fiziki şəxslərin maliyyə dəstəyinə ehtiyaclarını ödəmək imkanları yaratmışdır.

Bir daha vurğulamaq istəyirəm ki, bu qanunun qəbulu ölkəmizin maliyyə-bank sisteminin inkişafına, əhalinin maliyyə resurslarına çıxışının yaxşılaşmasına xidmət etmiş olacaq.

Müsahibəni apardı: Əliqismət Bədəlov

"Xalq qəzeti" 03.03.2010

MEDİA QALEREYA
VİDEO
  подробнее...
FOTO ALBOM
  подробнее...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Все права защищены. Сайт разработан  веб студией Lider