AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
19.01.2011
Bakı, 18 yanvar (AzərTAc). Beynəlxalq İqtisadçılar İttifaqının (Bİİ) vitse-prezidenti, akademik Ziyad Səmədzadə Bİİ üzvlərinin Avstriya paytaxtında keçirilmiş XX yubiley yığıncağında iştirak etmişdir. “Dövlət paytaxtlarının iqtisadiyyatının problemləri” mövzusuna həsr edilmiş bu tədbir Vyana magistratı və Moskva hökuməti tərəfindən, BMT-nin İqtisadi və Sosial Şurasının dəstəyi ilə təşkil edilmişdir. Yubiley yığıncağında Bİİ üzvləri, müxtəlif dövlət paytaxtlarının merləri, Rusiya, Avstriya, Lüksemburq, Bolqarıstan və digər ölkələrin tanınmış iqtisadçıları, dövlət və icra hakimiyyəti nümayəndələri, BMT-nin, YUNESKO-nun və bir sıra digər beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişdir. AzərTAc xəbər verir ki, “Hofburq” İmperator Sarayında keçirilmiş plenar iclasda paytaxt şəhərlərinin beynəlxalq maliyyə mərkəzləri kimi rolu və sənayeləşmədən sonrakı dövrdə paytaxt şəhərlərinin iqtisadiyyatının inkişafı, hakimiyyət orqanları ilə əhali arasında qarşılıqlı informasiya əlaqələri, əhalinin həyatının keyfiyyətinin artırılması, paytaxt şəhərlərində təsərrüfatın səmərəli enerji təchizatı siyasəti, paytaxtların mədəni funksiyaları, dövlət sektoru ilə özəl sektorun tərəfdaşlığı məsələləri müzakirə edilmişdir. Həmin plenar iclasda “İri şəhərlərin və regionların tarazlaşdırılmış inkişafının iqtisadi mexanizmləri haqqında” məruzə ilə çıxış etmiş akademik Ziyad Səmədzadə öz məruzəsində Azərbaycanda urbanizasiyanın ayrı-ayrı mühüm məsələlərinə toxunmuşdur. Bundan əlavə, plenar iclasda Bİİ-nin baş direktoru Viktor Krasilnikov 2005-2010-cu illərdə Beynəlxalq İqtisadçılar İttifaqının işi haqqında hesabatla çıxış etmiş, 2016-cı ilə qədər dövrdə Bİİ-nin fəaliyyətinin əsas istiqamətlərinin planı təsdiq edilmişdir. Bİİ-nin rəhbər heyəti də seçilmişdir. Akademik Ziyad Səmədzadə yenidən Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti seçilmişdir. Beynəlxalq İqtisadçılar İttifaqının illik yığıncaqları İttifaqın üzvləri üçün əlamətdar və mühüm hadisədir. Yığıncaq iştirakçılarına geniş proqram təklif edilmiş, işçi iclaslar, işgüzar görüşlər, elmi diskussiyalar, müxtəlif rəsmi və mədəni-maarif tədbirləri keçirilmişdir. Xatırladaq ki, müstəqil beynəlxalq qeyri-hökumət ictimai təşkilatı olan Beynəlxalq İqtisadçılar İttifaqı 1991-ci ildə müxtəlif ölkələri təmsil edən iqtisadçı alimlər və praktiki işçilər, ictimai xadimlər, bankirlər, sahibkarlar tərəfindən Bolqarıstanda yaradılmışdır. Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının baş məsləhətçisi statusuna malik olan Beynəlxalq İqtisadçılar İttifaqı YUNESKO-nun Beynəlxalq Texniki Assosiasiyalar İttifaqının (UATİ) və BMT qeyri-hökumət təşkilatları seksiyasının İctimai İnformasiya Departamentinin üzvüdür. Bİİ dünyanın 48 ölkəsini təmsil edən 350-dən çox üzvü birləşdirir.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır