AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
17.06.2011
“İcbari sığortalar haqqında” qanun layihəsi Milli Məclisin komitələrinin birgə iclasında üçüncü oxunuşda müzakirə edilmişdir
 
Milli Məclisin iqtisadi siyasət və sosial siyasət komitələrinin iyunun 17-də keçirilmiş birgə iclasında “İcbari sığortalar haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunmuşdur.
Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə demişdir ki, Azərbaycanda iqtisadi islahatlar uğurla davam edir. Bunun nəticəsində sığorta bazarı da inkişaf edir. Sığorta sisteminin inkişafı ilə bağlı Azərbaycan Prezidenti müxtəlif Fərman və sərəncamlar imzalamış, Milli Məclisdə bir sıra qanunlar qəbul edilmişdir. Dövlətimizin başçısının imzası ilə parlamentə daxil olmuş “İcbari sığortalar haqqında” qanun layihəsi konkret olaraq sığorta bazarının inkişafına xidmət edir. Qanun layihəsinin parlamentdə ikinci oxunuş müzakirəsi zamanı deputatlar xeyli rəy və təkliflər səsləndirmişdilər. Həmin təklifləri qruplaşdırmaq və layihədə nəzərə almaq məqsədi ilə işçi qrupu yaradılmışdır.
Sonra işçi qrupun rəhbəri, komitə sədrinin müavini Çingiz Əsədullayev qanun layihəsinin mahiyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, bu qanun icbari sığorta sahəsində yaranan münasibətləri tənzimləyəcək, bu sahədə sığortaçıların, sığorta olunanların və faydalanan şəxslərin hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında icbari sığortaların həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu qanunda nəzərdə tutulmuş ayrı-ayrı icbari sığorta növlərinin aparılması qaydalarını və şərtlərini müəyyən edəcəkdir.
Qanunun əsas məqsədi ölkədə sığorta bazarını inkişaf etdirmək, bu yolla əhalinin sosial müdafiəsinin gücləndirilməsinə kömək göstərməkdir.
Sonra maliyyə nazirinin müavini Azər Bayramov layihə ilə bağlı bəzi məqamlara açıqlıq gətirmişdir. O demişdir ki, qanun layihəsinin 20-dən çox maddəsinə müxtəlif xarakterli əlavələr və dəyişikliklər edilmiş, sənəd əsaslı surətdə təkmilləşdirilmişdir.
Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, onun müavini Musa Quliyev, deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Rəfael Cəbrayılov və başqaları çıxış edərək layihə ilə bağlı təkliflərini bildirmişlər. Qeyd olunmuşdur ki, əhalinin sosial müdafiəsində sosial sığorta sistemi əvəzedilməzdir. Azərbaycanda sosial sığorta sisteminin təkmilləşdirilməsi ölkənin iqtisadi inkişafı ilə yanaşı sığorta bazarının da genişlənməsinə müsbət təsir göstərəcəkdir.
Sonda rəy və təkliflər nəzərə alınmaqla layihənin parlamentin müzakirəsinə çıxarılması qərara alınmışdır.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır