AZE | РУС
 
FOTO QALEREYA
İctimai-siyasi fəaliyyəti
BAKIDA AVROPA GÖMRÜK TƏHQİQAT VƏ ARAŞDIRMA

XİDMƏTİ RƏHBƏRLƏRİNİN 17-Cİ İCLASI İŞƏ BAŞLAMIŞDIR

Sentyabrın 23-də Bakıda "Crescent Beach" hotelində Dünya Gömrük Təşkilatının (DGT) dəstəyi ilə Avropa Gömrük Təhqiqat və Araşdırma Xidməti rəhbərlərinin 17-ci iclası işə başlamışdır. İclasda, Azərbaycan da daxil olmaqla, 35-dən çox ölkənin gömrük orqanlarının rəhbər işçiləri, 8 beynəlxalq və regional təşkilatın nümayəndə heyəti iştirak edirdi.

İclasın iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülmüşdür.

Buradan Şəhidlər xiyabanına gedən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə tər güllər düzmüşlər. İclası açan Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iştirakçıları salamlamış və əmin olduğunu bildirmişdir ki, tədbir zamanı aparılacaq fikir mübadilələri məhsuldar olacaqdır. Müxtəlif ölkələrin gömrük orqanları arasında əməkdaşlığın vacib olduğunu deyən sədr qeyd etmişdir ki, gömrükçülərin əsas vəzifələrindən biri də narkotiklərə, saxta mallara, o cümlədən saxta dərmanlara və s. qarşı mübarizə aparmaq, ölkələrin və xalqların mədəni, tarixi irsinin qorunmasıdır.

Belə bir tədbirin Azərbaycanda keçirilməsi üçün çox obyektiv əsasların olduğunu deyən Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə vurğulamışdır ki, ölkəmiz son illərdə sosial-iqtisadi inkişafın bütün sahələrində böyük uğurlar qazanmışdır. Müstəqil dövlət kimi qısa vaxt ərzində Azərbaycanda azad bazar münasibətlərinin inkişafı istiqamətində çoxsaylı qanunlar qəbul edilmiş, yeni iqtisadi sistem formalaşdırılmışdır. Azərbaycanda dünya standartlarına cavab verən gömrük sistemi formalaşmış, gömrük məcəlləsi qəbul edilmişdir. Formalaşan bu sistem Azərbaycana qloballaşan dünya iqtisadiyyatına uğurla inteqrasiya etməyə imkan verir.

Tədbirdə dünyanın inkişaf etmiş, eləcə də inkişaf etməkdə olan ölkələrinin təmsil olunduğunu deyən Z.Səmədzadə söyləmişdir ki, onların uzun illər ərzində qazandıqları təcrübənin öyrənilməsi, tətbiq edilməsi, qarşılıqlı müzakirələrin aparılması baxımından Bakı iclası daha səmərəli olacaqdır.

Dünya Gömrük Təşkilatının baş katibi Mişel Dane iclasın Azərbaycanda təşkil olunduğunu yüksək qiymətləndirmiş, tədbirin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, qaçaqmalçılıq, terrorizim və narkotik maddələr cəmiyyətimizi məhv etməkdədir. Buna görə də Dünya Gömrük Təşkilatı artıq 17 ildir bütün ölkələrin gömrük orqanlarının nümayəndələrini bir yerə toplayır ki, bu məsələləri müzakirə etsinlər və birgə mübarizə proqramı hazırlasınlar. Yeri gəlmişkən, bu, DGT-nin həmin problemlə bağlı Qafqazda keçirdiyi ilk tədbiridir. İclas çərçivəsində sadalanan məsələlərlə bağlı müzakirələr aparılmışdır.

İclasın ilk günündə Azərbaycan Respublikası gömrük orqanlarının fəaliyyəti haqqında, saxta dərmanlar, yol hərəkətinə nəzarət məqsədilə səyyar skanerlərdən istifadə, Avropa İttifaqının şərq sərhədlərində iqtisadi cinayətkarlıq, siqaret qaçaqmalçılığının hazırkı vəziyyəti və sair mövzular barədə məruzələr dinlənilmişdir.

Tədbir sentyabrın 25-dək davam etmişdir. İclasda tədbir iştirakçılarına "Ədalətli oyun" layihəsi, gömrük fəaliyyətinə dəstək, "Şimal marşrutu"nda əfqan narkotiklərinin yayılmasına qarşı mübarizədə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin (CARİCC) rolu, Cənubi Avropa Əməkdaşlıq Təşəbbüsü Mərkəzinin işçi qruplarının fəaliyyəti barədə məlumatlar da təqdim olunmuşdur.

 

 

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır