AZE | РУС
 
FOTO QALEREYA
İqtisadi tərəqqiyə həsr edilən ömür

Milli iqtisadiyyatın dinamik inkişafı əbədi müstəqilliyimizin etibarlı təminatçısıdır

 

Müsahibimiz Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqının sədri, millət vəkili, akademik Ziyad Səməd­zadədir.


Azərbaycan xalqının çoxminillik tarixində XX əsr mühüm yer tutur. XX yüzillikdə xalqımız bir neçə əsrə bərabər inkişaf yolu keçmiş, özünün iqtisadi, mədəni tərəqqisinə nail olmuşdur.

Bu gün Azərbaycan öz tarixinin ən mühüm, fövqəl əhəmiyyət kəsb edən dövrünü yaşayır. Vaxt etibarilə çox az bir dövrü əhatə edən cəmi 29 il ərzində respublikamızda müasir, sivil cəmiyyətin qurulmasına xidmət edən fundamental işlər görülüb. 1991-ci ilin 18 oktyabrından müstəqil dövlət kimi tanınan Azərbaycanın keçdiyi yol heç də asan olmamışdır.

Müsahibimiz Beynəlxalq İqtisadçılar İttifaqının vitse prezidenti, Azərbaycan İqtisadçılar İttifaqınnı sədri, millət vəkili akademik Ziyad Səməd­zadədir.

- İstərdik ki, müstəqillik illərində Azərbaycan iqtisadiyyatında baş verən dəyişikliklərlə bağlı fikirlərinizi açıqlayasınız.

- Tarixi inkişafın, demək olar, bütün mərhələlərində müstəqillik qurbanlar, sarsıntılar tələb etmişdir və bu ağır mübarizədən heç də bütün dövlətlər uğurla çıxmamışlar. Azadlıq əldə edən dövlətlərin bir qismi özlərini qoruyub saxlamış, bəziləri isə dağılıb getmişlər. Bu kimi hadisələrlə zəngin olan tarixi inkişafın elmi təhlilini verərkən, obyektiv olaraq, dövlət başçısının dövləti qoruyub saxlamaq məharətinə, onun strategiyasına münasibət bildirilir. Belə bir təhlil subyektiv baxışlardan yox, obyektiv tələbatdan, dövlətin inkişaf qanunauyğunluqlarını, dövlətin idarə olunması prinsiplərini açmaq, gələcək inkişaf strategiyasını müəyyən etmək zərurətindən doğur. Bu gün də əvvəlki dövrlərə nisbətən qat-qat mürəkkəbləşən, qloballaşan dünyada hər hansı bir dövlətin fəaliyyətinə, onun inikşaf dinamikasına dövlət başçısının fəaliyyəti prizmasından baxılır. Dövlət başçısı dövlətin qarantıdır.

Müasir tariximizin 30 ildən artıq bir mərhələsi, eləcə də müstəqil Azərbaycanın dinamik inkişafı və dünya inteqrasiya sisteminə qovuşması mərhələsi müqayisəedilməz dərəcədə məhsuldar və gərgin fəaliyyət göstərən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan tarixinin bu mühüm dövrü ərzində Heydər Əliyevin respublikamızın sosial-iqtisadi həyatında oynadığı rolu, vətənimizin milli mənafeləri baxımından fəaliyyətini sistemli təhlil edən ən güclü politoloqlar, siyasi xadimlər, tələbkar ekspertlər belə bir nəticəyə gəlirlər ki, onun çoxşaxəli fəaliyyəti və müdrik rəhbərliyi ilə Azərbaycan tarixində unudulmaz və əvəzolunmaz şəxsiyyət, dünya miqyaslı siyasi xadim, bacarıqlı, fenomenal dövlət başçısı, ümummilli lider səviyyəsinə yüksəlmişdir.

- Təbii ki, Azərbaycanın müstəqillik dövründə  keçdiyi yolu bir neçə mərhələyə ayırmaq məqsədəuğundur.

- Son 29 ildə müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasları qoyulmuş, onun fəaliyyət mexanizmi formalaşmış, müstəqilliyimizin əbədi qorunması üçün fundamental zəmin yaranmışdır.

Məsələn, 2003-cü il yanvarın 1-nə Azərbaycanın valyuta ehtiyatları 1 milyard 374 milyon dollar olmuşdur, bu, 1998-ci ilin valyuta ehtiyatları ilə müqayisədə 2,8 dəfə artım deməkdir.

SSRİ-nin dağılması ərəfəsində respublikamızda mövcud siyasi, ictimai, sosial-iqtisadi vəziyyəti yadımıza salaq. Bu dövrdə ittifaq hökuməti tərəfindən qəbul edilmiş dağıdıcı qərarlar, ölkənin idarə edilməsinin başabəla radikal islahatçılara tapşırılması, «şok terapiyası» adı altında keçirilən sistemsiz islahatlar, dünyanın quru hissəsinin 1/6 hissəsini təşkil edən bir məkanda bir-birilə zəncirvari şəkildə bağlı olan respublikalar arasında əlaqələrin pozulması, ümumi bazar üçün işləyən müəssisələrin fəaliyyətində əsl xaosun yaranması, ənənəvi satış bazarlarının itirilməsi keçmiş müttəfiq respublikaların iqtisadiyyatını, demək olar ki, iflic vəziyyətinə saldı. Bir faktı qeyd etmək yerinə düşərdi. Vladimir Putin Rusiyanın XX əsrin 80-90-cı illərində böyük siyasi-iqtisadi sarsıntılar nəticəsində itirdiyinin Almaniya və Yaponiyanın II Dünya müharibəsi dövründəki iqtisadi itkilərindən heç də az olmadığını qeyd edir. Həmin dövrdə Azərbaycan iqtisadiyyatı da çox ağrılı proseslər keçirirdi. Bu, elə bir mərhələ idi ki, xalq təsərrüfatının bütün sahələrində tənəzzül davam edirdi, ölkənin maliyyə-kredit sistemi iflic vəziyyətində idi, böyük zəhmət hesabına uzun illər ərzində qazanılmış mövqelər itirilirdi. Erməni işğalçıları tərəfindən ərazimizin xeyli hissəsinin zəbt edilməsi şəraitində ölkə daxilindəki qeyri-sabit ictimai-siyasi vəziyyət, hakimiyyət uğrunda çəkişmələr təsiri dağıdıcı olan bu neqativ meyilləri daha da gücləndirdi. Heç 2 yaşı olmayan müstəqil dövlətimiz yox olmaq təhlükəsinə məruz qalmışdı.

Bu barədə mən 1993-cü ilin av­qust-sentyabr aylarında respublika mərkəzi mətbuatında bir neçə məqalə ilə, o cümlədən «İqtisadiyyatı belə idarə etməzlər» başlığı ilə yazılarla çıxış etdim. Bu yazılarda qeyd edilirdi ki, professionallıqdan uzaq olan insanların dövlət aparatına, idarəetmə qurumlarına cəlb edilməsi respublika iqtisadiyyatına çox baha başa gələ bilər.

Dövlət rəhbərliyinə Heydər Əliyevin qayıtması ilə respublikamızda xaosun aradan qaldırılması, dövlətçiliyin möhkəmləndirilməsi, intizamın yaradılması üçün düşünülmüş və əsaslandırılmış kurs həyata keçirilməyə başladı. İctimai-siyasi, iqtisadi vəziyyətin sabitləşməsinə, suveren Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsinə xidmət edən kompleks addımlar atıldı. İqtisadiyyatda tənəzzülün qarşısının alınmasında, xalq təsərrüfatında ahəngdarlığın təmin edilməsində həlledici rolu olan sahələrin fəaliyyətinə dair ümummilli liderin iclas və müşavirələrdə çıxışları, problemlərə prinsipial münasibəti müharibə şəraitində olan respublikamız üçün çox böyük əməli, həm də mənəvi əhəmiyyət kəsb edirdi. Artıq 1996-cı ildə iqtisadiyyatda tənəzzül meyillərinin qarşısı alındı. Bütün bunlar yaranmış xaosa, ümidsizliyə sarsıdıcı zərbə, dinamik iqtisadi həyata, onun dirçəlməsinə aparan qələbə idi.

Sanki tarix təkrar olunurdu.

- Nəyi xatırlamaq istəyirsiniz?

- Bilirsiniz, keçən əsrin 60-cı illərinin axırlarında Azərbaycanın sosial-iqtisadi həyatında da gərgin vəziyyət yaranmışdı. Respublikamızın xalq təsərrüfatının bir çox sahələrində geriləmə meyilləri güclənir, mövcud istehsal potensialından istifadə səviyyəsi aşağı düşürdü.

Zəngin resurslara, əmək ehtiyatlarına, güclü istehsal potensialına malik olan respublikamızın ittifaqda mövqeyi zəifləyirdi. Məsələn, Azərbaycanda milli gəlirin adambaşına artımı ittifaq üzrə göstəricidən 3 dəfə az idi. Digər əsas gös­təricilərə görə də respublikamız, demək olar ki, əksər respublikalardan geri qalırdı.

1969-cu ilin avqustunda cənab Heydər Əliyevin respublikamıza rəhbər seçildiyi vaxtdan onun apardığı sistemli təhlil, görülmüş tədbirlər nəticəsində artıq 70-ci illərin ortalarında Azərbaycan milli gəlirin artım tempi və digər başlıca göstəricilərə görə ittifaqda birinci yerə çıxdı. İqtisadiyyatın, o cümlədən sənayenin strukturunun təkmilləşməsi, mütərəqqi istehsal sahələrinin üstün inkişafı ilə bağlı hazırlanmış xüsusi proqram müvəffəqiyyətlə həyata keçirildi. On minlərlə yeni iş yerləri açıldı. Respublikanın orta və kiçik sahələrində tikinti materialları, yüngül və yeyinti sənaye müəssisələri, iri maşınqayırma zavodlarının filialları yaradıldı. SSRİ kimi nəhəng ölkənin neft sənayesinə vacib olan avadanlıqların 70%-ə qədəri Bakı müəssisələrinin payına düşürdü. Aqrar sektor o dövrün tələblərinə uyğun olaraq normal fəaliyyət göstərir, respublika əhalisinin yarıya qədərinin yaşayış səviyyəsini təmin edirdi. İttifaq əmək bölgüsünün tələblərinə uyğun, pambıqçılıq, üzümçülük, tərəvəzçilik, çayçılıq daha sürətlə inkişaf etdirilirdi.

Azərbaycan kəndində qaynar həyat hökm sürürdü. Ümumiyyətlə, respublikamızın inkişaf dinamikasını xarakterizə edən göstəricilər hamını heyrətə gətirdi. İstər miqyası, istərsə də sosial-iqtisadi nəticəsinə görə Azərbaycanın müstəqilliyinə qədər olan heç bir dövründə belə dinamik inkişaf olmamışdı.

Əlbəttə, həll edilməyən problemlər də var idi. Axı, Azərbaycan SSRİ-nin tərkib hissəsiydi və bütünlüklə bu ittifaqın məlum nöqsanları, çatışmazlıqları respublikaların inkişafına da təsir edirdi. Lakin inkaredilməz həqiqətdir ki, Azərbaycan Respublikası SSRİ tərkibində əsrlərə bərabər böyük inikşaf yolu keçmişdir, həm də bu inkişaf 70-80-ci illərdə özünün sürəti, miqyası və sosial-iqtisadi nəticələrinə görə daha əzəmətli olmuşdur. Sovet dövründə, o cümlədən 70-80-ci illərdə yaradılmış elmi-texniki istehsal potensialı olmasaydı, müstəqil dövlətimiz bu gün də çoxlu çətinliklərlə üzləşə bilərdi. Mən bu barədə ona görə bir qədər ətraflı danışıram ki, hələ də bəziləri sovet rejimi şəraitində yaradılan elmi-texniki, intellektual potensiala sovet ideologiyasının qalığı kimi baxır. Bu mövqedə duranlar tarixdən dərs almalı, keçilən yolun, tarixi inkişafın hər bir mərhələsinin obyektiv qiymətləndirilməsinin zəruriliyini dərk etməlidirlər. Bu gün dağılmış sovet sisteminin bərpası üçün heç bir əsas yoxdur. Ancaq o dövrdə də, xüsusilə 70-ci illərdə Azərbaycan xalqı inkişaf etmiş, yaşayıb-yaratmışdır. Bu dövrün elmi-texniki istehsal, intellektual potensialı müstəqil Azərbaycanın bu gününün və sabahının tərəqqisi üçün çox lazımdır.

Qeyd etmək istərdim ki, Heydər Əliyevin bir tarixi şəxsiyyət kimi, müstəqilliyin sosial-iqtisadi inkişafla əlaqəsi məsələlərinə münasibətdə çox güclü elmi mövqeyi və yüksək təfəkkür tərzi uğurlu dövlət siyasətinin aparılması üçün müstəsna əhəmiyyət kəsb edir.

Ulu öndər haqlı olaraq bildirir ki, Azərbaycanın dövlət müstəqilliyi qazanması tarixi nailiyyətdir, ilkin qələbədir. Onun qorunması və möhkəmləndirilməsi qat-qat çətin və mürəkkəb vəzifədir və bu müqəddəs vəzifənin sistemli həlli üçün Heydər Əliyev zəngin dövlətçilik təcrübəsinə malik olan ölkə başçısı kimi, dünya dövlətləri birliyinin əldə etdiyi meyilləri nəzərə aldı və Azərbaycanın xüsusiyyətlərinə, geopolitik şəraitinə, milli mənafelərinə uyğun inkişaf strategiyasını müəyyən etdi.

- Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın inkişaf strategiyasında neft faktoru xüsusi rol oynayır. Əməktutumlu, mütərəqqi istehsal sahələri, müasir informasiya texnologiyalarının tətbiqi inkişafın prioritet istiqamətlərindən sayılmalıdır. Bu strategiyanın həyata keçirilməsi ilə bağlı hansı prinsipial cəhətləri qeyd etmək istərdiniz?

1998-ci illərdə ÜDM-in real həcmi, demək olar ki, 60% artmış, və 2002-ci ildə 29,6 trilyon manata (6,1 milyard dollara) çatmışdır. Ötən il adambaşına ÜDM 3,4 milyon manat olmuşdur, halbuki bu göstərici 1997-ci ildə 2 milyon manat idi. Deməli, 48% artım olmuşdur.

1998-2000-ci illərdə Azərbaycan iqtisadiyyatına bütün maliyyələşdirmə mənbələrindən 39,1 trilyon manat (8,9 milyard dollar) investisiya yönəldilmişdir. Bu vəsaitin 6,5 milyard dolları xarici investorlar tərəfindən qoyulmuşdur. Müvafiq göstəriciyə görə, Azərbaycan nəinki MDB ölkələrini, hətta bəzi Şərqi Avropa ölkələrini qabaqlayır.

1998-2003-cü illərdə dövlət büdcəsinin müdafiə olunan maddələri (əməkhaqqı, pensiya, müavinət, ərzaq, dərmanlar və s.) üzrə xərclər təxminən 2,1 dəfə artmışdır. 2002-ci ildə isə büdcədə bu xərclər 67% təşkil etmişdir. Büdcənin xərc hissəsində «Əməkhaqqı» maddəsi 2 dəfə, «Pensiya və müavinət» maddəsi isə 2,8 dəfə artmışdır.

Ulu Tanrı Azərbaycanı sərvətlər baxımından da ehtiyac cəkməyə qoymayıb. Azərbaycan bu gün dünyanın ən zəngin neft resurslarına malik olan regionlarından biridir. Respublikamızın, XX əsrdə olduğu kimi, XXI əsrdə də inkişafı xeyli dərəcədə neft faktoru ilə bağlı olacaqdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra ona neft sərvətlərinin sahibi kimi tarixi şans verildi və bundan da ulu öndər böyük uzaqgörənliklə istifadə etdi.

Heydər Əliyev qəti əmin oldu ki, ağır vəziyyətdə olan respublika iqtisadiyyatını dirçəltmək, ölkənin dünya inteqrasiyasında iştirakını canlandırmaq üçün ən sanballı mənbə neft faktoru ola bilər.

Çünki ölkəmizin daxili maliyyə mənbələri, demək olar ki, yox dərəcəsində idi. Ona görə də xarici investisiyaları cəlb etmək ən sərfəli və ən məqsədəuyğun bir istiqamət kimi seçildi. 1994-cü ildə «Əsrin müqaviləsi» imzalandı. Respublikaya güclü investisiya axını başlandı. Azərbaycan iqtisadiyyatı, ilk növbədə onun neft sektoru beynəlxalq biznes həyatına qoşuldu. Neft strategiyası müstəqil respublikamızda demokratiyanın inkişafı, ictimai-siyasi sabitliyin təmin edilməsi, milli dövlət quruculuğunun möhkəmləndirilməsi, onun dünya iqtisadiyyatına qovuşması üçün möhkəm baza yaratdı.

- Respublika iqtisadiyyatının digər sahələrinin inkişaf imkanları barədə nə demək istərdiniz?

- Bu dövrdə (1991-2002-ci illər) Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların dinamikasına nəzər salaq.

İnvestisiya varsa, deməli, həyat da dirçəlir, inkişaf edir, modernləşir. Xarici şirkətlərlə əməkdaşlıq ölkəmizin kadr potensialının, onun intellektual mülkiyyətinin güclü olduğunu, neftçi alim və mütəxəssislərimizin fədakarlığını, yaradıcılıq qabiliyyətinin yüksək olduğunu bir daha nümayiş etdirdi. Eyni zamanda, bu əməkdaşlıq Azərbaycanın neft-qaz ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb olunmasına, kadr potensialının beynəlxalq standartlara, ən müasir texnologiyalara bələd olmasına, beynəlxalq biznesin təşkilinin prinsip və metodlarına yiyələnməsinə şərait yaratdı.

Xatırlayırsınızmı, ilk illərdə Bakıda fəaliyyət göstərən xarici neft şirkətlərinə yerli mütəxəssislərin kifayət qədər cəlb edilməməsinə dövlət başçısı haqlı olaraq öz iradını bildirdi. Axı, məşğulluq problemi respublikamız üçün çox vacibdir. Azərbaycan iqtisadiyyatının gələcəyini təkcə neft sektoruna bağlamaq olmaz.

Əvvəl də qeyd etdiyim kimi, istər Çar Rusiyası dövründə, istərsə də keçmiş SSRİ-nin tərkibində Azərbaycanın iqtisadiyyatında həlledici rol neft sənayesinə məxsus idi. Kapital qoyuluşunun, demək olar ki, 23, bəzi dövrlərdə daha çox hissəsi böyük ölkə, imperiya mənafelərinə tabe edilmiş bu sahənin payına düşürdü. Sovet dövründə, xüsusilə 70-ci illərdə respublika iqtisadiyyatının inkişafının birtərəfliliyinin yumuşaldılması istiqamətində xeyli işlər görüldü.

Bu gün də xarici investisiyaların çox hissəsi neft faktorunun payına düşür. Burada qeyri-adi bir şey yoxdur. Tarixdən məlumdur ki, kapital ilk növbədə yüksək mənfəət olan yerə axır. Azad bazar münasibətləri şəraitində xarici şirkət, ilk növbədə öz maraqlarını gözləyir. Neft sektoruna ayrılan investisiyalar bəhrəsini verdikcə, yeni sahələrə, istehsal və sosial infrastruktura ehtiyac yaranır, sahələrarası əlaqələrin təkmilləşməsi imkanları genişlənir. Bu, obyektiv prosesdir. Dediklərimizi son illərdə qeyri-neft sektoruna investisiyaların dinamikası sübut edir. Neft sektoruna investisiyaların cəlb edilməsinin zəngin təcrübəsinin digər sahələrə də tətbiq edilməsi çox mürəkkəb nəticələr verə bilər.

- Elə götürək aqrar sektoru.

- Bəli. Bilirsiniz ki, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda radikal torpaq islahatı aparılmış, torpaq kəndlinin xüsusi mülkiyyətinə çevrilmişdir. Bu, çox böyük tarixi hadisədir. Onun ilk nəticələri bəllidir. Bir sıra sahələrdə dinamik artım əldə olunmuş, ölkə özünün taxılı hesabına ərzaq təhlükəsizliyini təmin etmişdir. İldən-ilə daxili bazarda yerli istehsalın xüsusi çəkisi artmağa meyil edir. Əlbəttə, problemlər də az deyil, cəmi bir neçə il ərzində yaradılmış fermer təsərrüfatlarının inkişafı sahəsində xeyli iş görülməlidir. İlk növbədə fermerlərə qayğı artmalı, onlara istehsalı artırmaqda, məhsulları reallaşdırmaqda yardım göstərilməli, stimullaşdırıcı mexanizmlərdən istifadə olunmalıdır.

Respublika əhalisinin yarısı kənddə yaşayır. Kəndi qorumaq, kəndin abadlaşdırılmasına qayğını artırmaq, kənddən şəhərə səmərəsiz əhali axınını minimuma endirmək dövlətimizin iqtisadi təhlükəsizliyi baxımından çox zəruridir.

- 1991-2001-ci illərdə xalq təsərrüfatında ahəngdarlığın təmin edilməsində bilavasitə rol oynayan sahələrdə də ciddi irəliləmələr olmuşdur.

- Tamamilə razıyam. İqtisadiyyat sferası böyük və mürəkkəb bir sistemdir. Bu sistemin normal fəaliyyəti, təbii ki, sistemə daxil olan alt sistemlərin fəaliyyətindən asılıdır. Respublikada aparılan islahatlar bu sahələri də əhatə etmişdir. Rabitə, informasiya texnologiyaları, nəqliyyat, energetika, qaz təchizatı sistemində struktur dəyişiklikləri edilmiş, onların səmərəliliyinin artırılması, normal fəaliyyətlərinin təmin edilməsinin hüquqi bazası əhəmiyyətli dərəcədə möhkəmlənmişdir. Götürək rabitə sistemini. Son illərdə dövlət başçısının iştirakı ilə müasir tələblərə cavab verən rabitə stansiyaları, qovşaqlarının açılması, o cümlədən ucqar kəndlərdə rabitə xidmətinin yaxşılaşdırılması, rabitə sistemində müasir, ən qabaqcıl texnologiyaların tətbiqi mühüm nailiyyətlər kimi qiymətləndirilməlidir. Bununla belə, dövlət başçısı ölkədə enerji təchizatının, sosial sferanın, əhalinin ener­ji, qazla təminatının daha da yaxşılaşdırılması, istehlakçıla­rın huquqlarının qorunması məsələlərinə diqqəti artırmağı müvafiq idarəetmə strukturlarından tələb etmişdir. Çünki yanacaq-energetika sektorunun ahəngdar, səmərəli fəaliyyəti, ölkənin iqtisadi təhlükəsizliyi, iqtisadiyyatın dinamik inkişafı əhaliyə qayğını yaxşılaşdırmaq üçün çox vacibdir.

Azərbaycan dünyanın ən əlverişli məkanlarının birində, Şərqlə Qərbin qovşağında yerləşir. Ancaq bu, bir həqiqətdir ki, heç bir dövrdə nəqliyat faktoru respublikamızın müstəqilliyi üçün indiki kimi fövqəladə rol oynamayıb. Yuxarıda biz Bakı-Tbilisi-Ceyhan boru kəmərinin müstəsna əhəmiyyətini qeyd etdik. Qədim «İpək yolu»nun bərpası həmin nəqliyyat dəhlizinin dinamik fəaliyyəti üçün strateji istiqamətlərin müəyyən edilməsində mühüm rol oynadı.

1998-2002-ci illərdə tranzit və yerli yükdaşımaların həcmi təxminən 2 dəfə artmışdır. 2002-ci ildə yükdaşımaların həcmi 98 milyon ton olmuşdur, bunun 23 milyon tonu Avropa-Qafqaz-Asiya beynəlxalq tranzit dəhlizindən daşınmışdır.

Kiçik və orta sahibkarlığın inkişafının stimullaşdırılması üçün mənfəətdən vergi 32%-dən 25%-ə, ƏDV 20%-dən 18%-ə, sığortaya ayırmalar 35%-dən 27%-ə qədər azaldılmışdır. Fiziki şəxslərin vergiyə cəlb olunmayan gəlirlərinin məbləği artırılaraq 60 min manatdan 100 min manata çatdırılmışdır.

2003-cü il yanvarın 1-nə dövlət müəssisələri bazasında 37 min kiçik və orta müəssisə və obyekt özəlləşdirilmişdir.

Dövlət büdcəsinə 1998-2002-ci illərdə özəlləşdirmədən 495 milyard manat, dövlət əmlakının icarəsindən isə 68 milyard manat vəsait daxil olmuşdur.

- Bu illərdə Azərbaycanın, müs­təqil dövlət kimi, beynəlxalq əmək­daşlıq fəaliyyətini, dünya inteqrasiyası proseslərində iştirakını necə qiymətləndirirsiniz?

- Bilirsiniz, müstəqil Azərbaycan bu gün dünyada tanınmış, seçilən ölkələrdən sayılır. Respublikamız dünyanın mötəbər iclaslarında, forumlarında, nüfuzlu qurumlarında öz sözünü deyir, qlobal məsələlərə münasibətini bildirir. Dövlət başçısının xarici ölkələrə işgüzar səfəri, respublikamıza gələn rəsmi qonaqlarla söhbətlər, imzalanan sazişlər, müqavilələr Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasından xəbər verir. Bu, reallıqdır və bu faktla hesablaşmaq, onu respublikamızın xarici siyasətinin ən mühüm uğuru kimi qiymətləndirmək lazımdır. Gəlin, etiraf edək ki, beynəlxalq əməkdaşlıq, o cümlədən iqtisadi sahədə əməkdaşlığın əsa­sını qoymaq və onu inkişaf etdirmək asan məsələ deyildir. Ölkəmizlə iş qurmaq istəyənlər buradakı siyasi, ictimai, sosial-iqtisadi mühitin monitorinqini aparır, yaxın və uzaq gələcəyə hadisələrin inkişaf variantlarını hazırlayırlar.

Dünyanın 120-dən çox ölkəsi ilə iqtisadi sahədə əməkdaşlıq edən ölkəmizin xarici ticarət dövriyyəsində son illərdə ixrac idxalı xeyli üstələyir. Hələlik bu, əsasən neft və neft məhsulları hesabına təmin edilir. Əminəm ki, ixrac yönümlü istehsal sahələrinin nəzərdə tutulmuş üstün inkişafı bu müsbət saldonun həcmini daha da artıracaqdır. Bu istiqamətlərdə görüləsi işlər də çoxdur və iqtisadi orqanlar bu sahədə fəaliyyətlərini xeyli canlandırmalıdırlar. Çünki XXI əsr rəqabət mübarizəsi əsridir. O, bu dövrdə daha sürətlə inkişaf edir və qloballaşmanın milli iqtisadiyyatlara mənfi təsirini azaltmaq gücünə malikdir ki, burada rəqabətə davamlı məhsullar istehsal edilir və müxtəlif növlü xidmətlər göstərilir. Belə bir inkişaf respublikamızın inkişaf strategiyasının prioritet istiqaməti sayılmalıdır. Məhz buna görə yeni, müasir istehsal sahələrinin yaradılması, böyük elmi, intellektual potensialdan daha effektli istifadə olunması məsələləri ön plana çəkilməlidir. İqtisad elminin real həyatla əlaqəsi yaxşılaşdırılmalı, islahatların keyfiyyətcə fərqlənən indiki mərhələsinin elmi bazası möhkəmlənməlidir. Reallıq professional mütəxəssislərə, intellektual potensiala daha diqqətlə yanaşmağı zəruri edir.

- Siz respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra vacib problemlərə toxundunuz. Bu inkişafa qloballaşma, dünya iqtisadiyyatında gedən proseslər necə təsir edəcək?

- Azərbaycan dünya inteqrasiyasına qovuşduqca, onun beynəlxalq iqtisadi əlaqələri inkişaf etdikcə respublikamıza dünya iqtisadiyyatında baş verən proseslərin təsiri artacaq. Müstəsna təşkilatçılıq qabiliyyətinə, zəngin idarəçilik təcrübəsinə, dərin təfəkkürə və iti analitik duyuma malik olan Heydər Əliyev həm də nüfuzlu, iradəli, cəsarətli, qətiyyətli, dünya birliyi tərəfindən sayılan, seçilən nadir şəxsiyyətlərdən biri idi. Bu kimi keyfiyyətlərin nəticəsidir ki, onun dünyanın ən nüfuzlu təşkilatları, güclü dövlətlərin başçıları ilə Azərbaycanda yeni iqtisadi sistemin qurulması, respublikamızın dünya inteqrasiyasına qovuşması kimi qlobal problemlərə dair apardığı danışıqlar dünya ictimaiyyəti tərəfindən bu gün də çox yüksək qiymətləndirilir. Heydər Əli­yev xarici iş adamları ilə danışıq­larda tam milli mənafelər mövqeyindən çıxış etmiş, xarici iş adamlarının fəallığının artmasına, onların qeyri-neft sektorlarına, regionların inkişafına daha geniş cəlb edilməsinə mane olan səbəblərin aradan qaldırılmasına böyük səy göstərmişdir. Eyni zamanda, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın daha da təkmilləşdirilməsinə xüsusi əhəmiyyət vermişdir. Məhz onun bilavasitə rəhbərliyi nəticəsində dünyanın ən nüfuzlu təşkilatları, o cümlədən Ümumdünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və s. qurumlarla sıx əməkdaşlıq bu gün də davam edir.

- Danışıqlar prosesindəki mübahisələri, bir sıra məsələlər üzrə fikir ayrılıqlarını necə qiymətləndirirsiniz?

- Beynəlxalq əməkdaşlıq birtərəfli olmur, yəni bir tərəfin diktəsi ilə inkişaf etmir. Hər iki tərəf razılığa gəlməlidir. Ola bilsin ki, onların verdikləri bəzi tövsiyələr qəbul edilməsin. Burada qeyri-adi bir şey yoxdur. Məsələn, BVF-nin heçdə bütün tövsiyələri milli maraqlara cavab vermir.

Xarici ekspertlərin bəziləri yaddan çıxarırlar ki, Azərbaycan müstəqil dövlətdir, onun iqtisadi gücü, maliyyə imkanları əvvəlki illərlə müqayisədə qat-qat artmışdır. Müstəqilliyin ilk illərində bizə çoxlu vəsait lazım idi və borc verən ölkələr çox sərt şərtlərlə tələblər qoyurdular. İndi isə vəziyyət köklü surətdə dəyişib. Ölkənin valyuta ehtiyatları dəfələrlə artıb, bu gün ağır şərtlərlə borc almağa ehtiyac yoxdur. Həm də BVF-nin son tövsiyələri, o cümlədən enerji daşıyıcılarının daxili qiymətlərinin artması, vergi güzəştlərinin ləğv edilməsi tələbi dövlət başçısının milli iqtisadiyyatın inkişaf etdirilməsi, daxili bazarın qorunması, sahibkarlığa diqqətin artırılması ilə bağlı müəyyən etdiyi taleyüklü strateji xəttə ziddir.

Bəzi xarici ekspertlər səlahiyyət­lərini aşır və deyirdilər ki, əgər bu kimi tövsiyələr qəbul olunmazsa, Bakı-Tbilisi-Ceyhan kə­mə­­rinin tikintisində, yoxsulluq proqramının həllində çətinliklər yarana bilər. Açığını deyim ki, belə çıxışları yalnız məsuliyyətsiz münasibət kimi qiymətləndirmək olar. Hamının yadındadır ki, neft kontraktlarının bağlanılmasına, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin işə salınmasına mane olmaq üçün dövlət başçısı Heydər Əliyevə nə qədər təzyiqlər edildi. Lakin Azərbaycan Respublikasının Prezidenti milli dövlət mənafelərini rəhbər tutaraq, qarşıya qoyulan məqsədlərə nail oldu…

Respublikamız Ümumdünya Ti­carət Təşkilatına daxil olmaq istəyir. Amma bu o demək deyil ki, prosesi sürətləndirmək lazımdır. Demək istəyirəm ki, bu halda da beynəlxalq əməkdaşlıqda hər bir dövr, hər bir mərhələ üçün sosial-iqtisadi inkişafın prioritetləri, ölkənin iqtisadi təhlükəsizliyi nəzərə alınmalıdır.

SSRİ dağıldıqdan sonra yeni müstəqil dövlətlərin bir çoxunda ilk illərdə başabəla islahatçılar iqtisadiyyatda dövlətin rolunun həddən artıq azaldılmasına, iqtisadiyyatın, demək olar ki, tam liberallaşdırılmasına nail oldular. Belə bir elmi əsası olmayan baxışların reallaşması çox ağır itkilərlə nəticələndi. Məsələn, dünya təcrübəsi göstərir ki, azad bazar münasibətləri qurmaq heç də o demək deyildir ki, dövlət iqtisadiyyatdan tam uzaqlaşdırılmalıdır. Bu fikirlər xaosa aparan yoldur. Əsla belə deyil, açıq iqtisadiyyatın həddi olmalıdır. Bu gün hətta Qərbin ən məşhur ekspertləri dövlətin əsassız olaraq rolunun azaldılmasının səhv olduğunu etiraf edirlər. Amma, necə deyərlər, iş işdən keçmişdir…

- Bütün bu kimi məsələlərin həllində, təbii ki, dövlət öz mənafelərini qorumalıdır.

- Bəli. Ona görə də bu kimi fundamental problemləri Ümummilli lider öz diqqətində saxlayırdı. Bu, bir həqiqətdir ki, Azərbaycan dövlətinin gücü, beynəlxalq aləmdə nüfuzu, iqtisadi qüdrəti müstəqilliyimizin ilk illəri ilə müqayisədə xeyli dərəcədə atmışdır və bu gün o, milli təhlükəsizliyini, ərazi bütövlüyünü təmin etmək iqtidarına, irimiqyaslı iqtisadi işlər görmək imkanına malikdir. Dünya dəyişir. Dəyişən dünyada dövlətin rolu da dəyişir.

Yoxsulluqla mübarizə, ekoloji tarazlığın təmin olunması, milli iqtisadiyyatın stimullaşdırılması, ərzaq təhlükəsizliyi, qloballaşma ilə milli suverenliklər arasında optimal əlaqənin tapılması, sosial müdafiə məsələlərinin həlli dövlətin fəal iştirakı olmadan qeyri-mümkündür. Dövlətin müdaxiləsi, himayəsi aqrar sektorun dinamik inkişafı üçün lazımdır. Dövlətin himayəsi iqtisadi inkişafın strateji resursu sayılan sahibkarlığın inkişafı üçün lazımdır. Dövlətin himayəsi ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək üçün lazımdır.

- Siz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonrakı 10 il müddətində respublikamızın iqtisadi həyatında baş verən əsas dəyişikliklərə toxunduz. İstərdim ki, respublika iqtisadiyyatının gələcəyi barədə də fikirlərinizi söyləyəsiniz?

- Əlbəttə, bir yazıda bütün mə­sələlərə münasibət bildirmək qey­ri-mümkündür. Biz yalnız prinsipial xarakter daşıyan, miqyası, sosial-iqtisadi nəticələri baxımından taleyüklü məsələləri qeyd etdik. İqtisadi proseslərin təhlilində müqayisə metodu çox səmərə, düzgün inkişaf strategiyasını müəyyən etmək üçün zəngin informasiya verir. Bu gün respublikamızın iqtisadi inkişafı dinamik və sabit xarakter almışdır. Artım tempi MDB məkanından, eləcə də dünya iqtisadiyyatı üzrə olan göstəricilərdən xeyli yüksəkdir. Bu, çox mütərəqqi meyildir və onun uzun bir dövr üçün qalacağına əminəm. Belə inkişaf dinamikası keyfiyyətli inkişaf, keyfiyyətli həyat səviyyəsinə nail olmaq üçün çox vacibdir. Biz mürəkkəb, ziddiyyətli münasibətlər, konfliktlərlə dolu olan dünyada yaşayırıq. İnkişaf o vaxt olur ki, ölkə daxilində taleyüklü problemlərə baxışlarda konsensus əldə edilir. Cəmiyyətdə konsensus stabilli­yin, tərəqqinin təminatçısıdır. Dün­yanın ən məşhur ekspertlə­ri konsensusa tərəqqinin ən yaradıcı, ən güclü faktoru kimi baxırlar. Heç şübhəsiz ki, ayrı-ayrı problemlər, onun həlli üsullarında fikir ayrılığı ola bilər və bu da təbii­dir. Amma cəsarətlə qeyd etmək olar ki, respublikamızın dinamik inkişafı əhəmiyyətli dərəcədə ölkədə konsensusun mövcudluğu ilə bağlıdır.

Bu illərdə məcburi köçkünlərə göstərilən kommunal və digər xidmətlərə görə məsrəfləri dövlət bütünlüklə öz üzərinə götürmüşdür. Təkcə 2002-ci ildə bu, 71 milyard manat təşkil etmişdir. Əhalinin real pul gəlirləri 1,8 dəfə artaraq 2002-ci ildə 20,3 trilyon manat və ya ayda adambaşına orta hesabla 217 min manat olmuşdur. Bu göstərici 1997-ci ildə cəmi 136 min manat idi.

Müstəqilliyin ilk illərində cəmiyyətimizdə ictimai, sosial-iqtisadi həyata dair radikal baxışların, qarşıdurmanın nə qədər təhlükəli olduğunu bir anlığa xatırlayaq. Bu gün isə böyük sevinclə, bir ziyalı, bir vətəndaş kimi bildirmək istərdim ki, radikal baxışlar qat-qat azalmış, taleyüklü, strateji, sosial-iqtisadi problemlərə münasibətdə konsensus formalaşmışdar ki, bunu heç bir qüvvə dəyişdirə bilməz.

Azərbaycanın taleyüklü inkişaf proqramı ətrafında cəmiyyət daxilində konsensusun yaradılması, dövlətin milli mənafelərə xidmət edən və yüksək həyat tərzinə təminat verən strateji siyasəti, qloballaşan dünyanın inkişaf kontekstində respublikamızın iqtisadi təhlükəsizliyinin təmini, Azərbaycanın gələcəyi naminə yaranmış ümumxalq birliyi Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının Prezidentinin apardığı uğurlu siyasətin nəticəsidir.

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır